Əgər onlar meyiti lazımi qaydada dəfn etmiş olsaydılar, cəsəd bu dərəcədə tanınmaz hala düşməzdi
Ermənilər tərəfindən girov götürüldükdən sonra qətlə yetirilən Həsən Həsənov layiqli şəkildə dəfn edilib. Bu barədə "Şərq”ə "Həsrət Yolu” Əsir və Girovlara Yardım İctimai Birliyinin sədri Esmira Orucova məlumat verib. Birlik sədrinin sözlərinə görə, ermənilər tərəfindən qətlə yetirilmiş Həsən Həsənovun meyitinin tanınması həqitətən də çox çətin olub.
"Mən dəfn mərasimində iştirak etdim. Dəfn Qurban bayramı gününə düşmüşdü. Ailəsi üçün də, orada iştirak edən hər bir insan üçün də çox gərgin, sarsıntılı keçdi. Bununla belə dövlət tərəfindən bütün lazımi işlər görülmüşdü və Həsən ləyaqətlə dəfn edildi. Mərasimdə Cəbrayıl rayon icra hakimiyyətinin başçısı iştirak edirdi. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəsmiləri də mərasimə qatılmışdılar. Dövlətimiz nə lazımdırsa, hamısını etmişdi.
Təbii ki, ailəsi üçün, doğmaları üçün bütün bu olanları yaşamaq çox ağırdır. Təsəvvür etmək belə mümkün deyil ki, iyulun 11-də girov götürülmüş və sonra də öldürülmüş bir insanın cəsədi hansı şəklə düşə bilər. Uzun müddət meyit dəfn edilməyib. Ona görə də meyit tanınmaz halda olub. Doğmaları yalnız müəyyən əlamətlərdən cəsədin Həsənə məxsusluğunu təsdiqləyə biliblər. Amma hər ehtimala qarşı DNT analizi də aparılacaq. H.Həsənovun ölməsi xəbəri veriləndə, erməni tərəfi bildirmişdi ki, guya onu dəfn ediblər. Doğrusu, meyitin belə tanınmaz hala düşməsinə əsasən, mən ermənilərin cəsədi dəfn etməsinə də inanmıram. Bundan əvvəl də bildirmişdim ki, erməni tərəfi hər zamankı kimi yalan danışır. Ermənilər bir azərbaycanlını dəfn edəcək qədər humanist deyillər. Əgər onlar meyiti lazımi qaydada dəfn etmiş olsaydılar, cəsəd bu dərəcədə tanınmaz hala düşməzdi. Aydın məsələdir ki, ermənilər Həsən Həsənovu qisasçılıqla qətlə yetiriblər.
Həsən Həsənov 36 yaşında gənc ata idi. Allahın qismətinə baxın ki, ölümündən sonra Həsənin 3-cü övladı dünyaya gəlib. Yəni, Həsənin işığını yandıran balaları var bu həyatda”.
E.Orucova hələ də girovluqda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesinə hazırlıq getdiyini də bildirdi:
- Qondarma Dağlıq Qarabağ Respublikasında qondarma bir məhkəmə prosesinə hazırlaşırlar. Dilqəmlə Şahbazı yalançı ittihamlarla mühakimə edəcəklər. Guya ki, onlar diversantdırlar. Halbuki hamıya bəlli bir həqiqətdir ki, bu iki insan öz doğma elinə-obasına səfər edib. Məndə olan məlumata görə, onlara erməni vəkil tutublar, o da Azərbaycan dilini bilmir. "DQR” tanınmamış respublika olduğu üçün biz onlarla rəsmi qaydada təmas qura bilmirik. Məhkəmə Ermənistanda olsaydı, beynəlxalq konvensiyaları əsas gətirərək prosesə qoşulardıq. Amma yenə də biz çalışacağıq beynəlxalq hüququn icazə verdiyi şəkildə həmvətənlərimizin məhkəmə prosesini izləyək, bu barədə beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını məlumatlandıraq. Gözlədiyimizin əksinə olaraq, Rusiya hökuməti də heç bir addım atmır. Baxmayaraq ki, Dilqəm Əsgərov Rusiya vətəndaşı hesab olunub. Mən inanıram ki, Azərbaycan dövləti öz insanlarına sahib çıxacaq. Onların Azərbaycana təhvil verilməsi ilə bağlı danışıqlar bu gün də aparılır. Ümid edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev sağ-salamat Vətənə qayıtsınlar.
Məlahət Rzayeva