"Ermənistan Qarabağın işğalının siyasi etirafını bəyan etmiş oldu" - Deputat



"Qarabağda Ermənistanın yeni hakimiyyəti Təhlükəsizlik Şurasının iclasını keçirdi. Orada Məhsul Bayramı, Caz Festivalı və ya Kitab Yarmarkası keçirsəydilər bizim üçün hansısa fərq edərdimi? Əslində diplomatiya baxımından kifayət qədər kobud səhvə yol verdilər. Qarabağın işğalının siyasi etirafını bu addımla bəyan etmiş oldular".

Bunu "Sherg.az"a millət vəkili Fazil Mustafa söyləyib. 

Parlamentarinin qənaətincə, burada məqsədləri Qarabağ ermənilərində inam yaratmaqdır ki, biz heç vaxt bu torpaqları geri verməyəcəyik: 

"Bu, həm də bizdə pessimizm yaratmaqdır ki, bir də bu torpaqları görmək istəsəniz qulağınızın dalını görərsiniz. İşğal olunmuş bütün ərazilərdə ermənilər yollar salıb, evlər tikir, qəsəbələr inşa edirlər ki, bizi bir az da ruhdan salsınlar. Həm də onlara himayəçilər təminat verir ki, narahat olmayın, Azərbaycan psixoloji cəhətdən yenidən dirçələ bilməyəcək. Bunlar gözlənilən, proqnozlaşdırılan davranışlardır, onsuz da biz dəvəsi ölmüş ərəb kimiyik, dəvəmizin dərdini bir tərəfə qoyub yenidən dirçəlişin istiqamətlərini doğru təyin etməkdən başqa alternativimiz qalmayıb. Bu halda isə ən isabətli yol bütün sahələrdə ölkənin güclənməsi üçün düşüncələrimizi paylaşmaqdır. Azərbaycanda siyasi qüvvələrin, ictimai güclərin, düşüncə adamlarının dövlətin moderatorluğu altında problemləri açıq müzakirəsinə ehtiyac var. Müzakirə mühiti yaradılmadan, problemlərin gerçək təyinatı anlaşılmadan islahatlar irəli yürüməz. Qarabağ reseptini 3-4 məmurun qafasından çıxan cızmaqara yazısı ilə aptektə oxuyub başa düşən olmayacaq. İllərdir siyasətdə olsam da, dövlət adına hələ kimsə soruşmayıb ki, sənin Qarabağla bağlı düşüncən, təklifin nədir? Əminəm ki, mənim kimi yüzlərlə azərbaycanlıdan da bu sual soruşulmayıb. Ona görə müzakirələrə zərurət var ki, Qarabağın taleyi, ölkənin gələcəyi ilə bağlı bu dövlətin, bu Vətənin, bu millətin məsuliyyətini daşıyan insanlar düşüncələrini ortaya qoysunlar". 

Deputat qeyd edib ki, iki sahədə özümüzü aldatmaqdan və dəyərləri pula qurban verməkdən vaz keçməsək, başlamaq sözünün də bir mənası qalmayacaq: 

"Birincisi, təhsildə, ikincisi səhiyyədə özümüzü aldatmadan geriliyimizi, natamamlığımızı çılpaqlığı ilə ortaya qoyaraq zehni və fiziki sağlamlığımzdan irəli start götürməliyik. Finlandiyanın, İsrailin, İrlandiyanın inkişaf modelinin əsasında məhz bu sahələrdəki etiraf və dəyişim təməl rolunu oynamışdır. Ən azı irəlidəki yarım əsrdə fin kimi, yəhudi kimi, irland kimi düşünən azərbaycanlıya çevrilməyi bacarmasaq, Dədə Qorqud babamızın dövründən qalmış sapand daşını bugünkü fələstinli dindaşlarımız kimi havaya fırlamaqla başımızı girləyəcəyik.

Bəs ermənilər növbəti təhlükəsizlik yığncağını Şuşada keçirsələr nə olacaq? Əgər özümüzə aid olan zəruri addımlara atmağa təlsmiriksə, bizim üçün bayramlarını, iclaslarını harada keçirmələri fərq edərmi?".

Ayyət Əhməd