Ermənistan Rusiyanın çubuğu ilə oynayır

Buna görə ABŞ İrəvana hərbi yardımı azaldır



Ermənistan Amerikanın qara siyahısına düşüb. Belə ki, ABŞ rəsmi İrəvana hərbi yardımı azaldacaq. Məlumata görə, Ağ Ev ABŞ-ın 2016-cı ildəki dövlət büdcəsində Azərbaycan və Ermənistana eyni miqdarda hərbi yardımın ayrılmasını nəzərdə tutub.

Obama administrasiyası hər iki dövlətə 2,3 milyon dollar ayrılmasını təklif edir. Bu, Ermənistana müstəqillik əldə etdikdən sonra ABŞ-ın ayırdığı ən kiçik maliyyə yardımıdır. Eyni zamanda, sənəddə Dağlıq Qarabağdakı separatçı rejim üçün 2016-cı ildə heç bir maliyyə yardımı ayrılmayacaq. Ekspertlər hesab edirlər ki, rəsmi Vaşinqtonun qərarı separatçı ölkə iqtisadiyyatının tamamən çökməsinə və bu ölkədə işsizliyin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bu arada qeyd edək ki, Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistan iqtisadiyyatına da mənfi təsir göstərib. Son zamanlar təcavüzkar ölkədə işsizlər ordusu yaranıb. Həmin ölkənin Dövlət Məşğulluq Xidməti Agentliyinin rəhbəri Artak Manqasaryan açıqlayıb ki, rəsmi işsizlik səviyyəsi 20 faizə (55,9 mindən 65,9 minədək) çatıb. Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-nə iş axtaranların sayı 2014-cü ilin əvvəli ilə müqayisədə artaraq 72,6 min nəfər təşkil edib: "Bunlardan 51,2 mini qadın, 16,9 mini isə gəncdir. Yəni işsizlərin sayı iş axtaranların ümumi sayının 91,4 minini təşkil edir”.

Vaşinqtonun addımını dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, Amerika Moskva-İrəvan münasibətlərindən narahatdır. Çünki Ermənistan Rusiyanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv oldu: "İndi Ağ Ev dərk edib ki, Kremlin qucağında oturmuş bir ölkəyə yardım etmək olmaz. Qoy, onlara Rusiya köməklik göstərsin. Kremlin əksər strateji hərbi bazaları bu ölkədədir. Doğrudur, ABŞ-da güclü erməni lobbisi var. Onların da dili qısalıb. Bir daha qeyd edirəm ki, yardımın azalması Moskva-İrəvan münasibətlərinə görədir”.

Amerikadan daha ciddi addımlar gözlədiyini deyən ekspert söyləyib ki, ABŞ separatçıları dəstəkləməkdən də vaz keçməlidir: "Maliyyə yardımını dayandırmalıdır. Vaşinqtondan bu addımı gözləyirik”. Düşmən ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını xatırladan Mərkəz sədri bəyan edib ki, Ermənistan hakimiyyəti təxribata gedə bilər: "Son günlər cəbhədə gərginlik yenidən alovlanıb. Atəşkəsi pozmaqla ictimaiyyətin diqqətini başqa səmtə yönəltməyə çalışırlar. Anlayırlar ki, iqtisadi-sosial gərginliyi səngitmək üçün başqa yol yoxdur. Bu səbəbdən bölgədə müharibə riskini artırırlar. Lakin düşünmürlər ki, Azərbaycan boş dayanmayacaq. Təxribatlarına qarşı sərt reaksiya veriləcək. Belə olan halda itkiləri artacaq. İtkiləri çoxaldıqca, vəziyyətləri ağırlaşacaq”.

Ayyət Əhməd