İrəvan və Tbilisi arasında ciddi əməkdaşlığın olacağını ehtimal etmək mümkünsüzdür
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-də Gürcüstana iki günlük işgüzar səfər edəcək. Erməni mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Diqqətçəkən məqam odur ki, səfər öncəsi Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməsinin mümkünlüyünü bəyan edib.
Bu isə Gürcüstan müxalifətində sərt reaksiya doğurub və qalmaqala səbəb olub. Kvirikaşvili bildirib ki, sözügedən dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış sazişlə müəyyən edilib və həmin sazişə əsasən, 2017-ci ilin dekabr ayında Gürcüstanla İsveçrənin SGS şirkəti arasında müqavilə bağlanılıb. Gürcüstanın sabiq xarici işlər naziri Qroqol Vaşadze isə bildirib ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır. Məlumat üçün bildirək ki, sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Ermənistana yük axınının 80 faizə yaxını Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirirlər. Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar-Qori (Şimali Osetiya) marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. Bəhs edilən müqavilə Ermənistana Rusiyadan quru dəhlizini qismən açmış olur.
Fors-major situasiyalarda Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir. Ekspertlərin fikrincə, Gürcüstan hökumətinin bu addımı Azərbaycanın maraqlarına ziddir. Hətta bu qərarı Azərbaycana xəyanət kimi dəyərləndirənlər də var. Çünki həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından bütün səviyyələrdə Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verib.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Azər Rəşidoğlu deyib ki, Ermənistan-Gürcüstan münasibətlərinin inkişafı ilk növbədə Tbilisinin maraqlarına cavab vermir. Çünki Ermənistan Rusiyanın vassalıdır:
"İki ölkə arasında iqtisadi əməkdaşlıq Qərbin maraqlarına zərbədir. Gürcüstan Qərbə, Ermənistan isə Rusiyaya yönəlib. Ermənistan və Gürcüstan mürəkkəbliklərə baxmayaraq, tam biri-birinə əks siyasi orientasiyalara malikdirlər. Xarici siyasətə fərqli baxırlar. Ümumiyyətlə, iki ölkə arasında problemlər daima olub və bundan sonra da olacağı gözləniləndir. Ortada konkret misal da var - Cavaxetiya. Ermənilər sözügedən ərazilərə iddia edirlər, bu torpaqları gürcülərdən qoparmağı qarşılarına məqsəd qoyublar. Problem yalnız ərazi iddiaları ilə də bağlı deyil. Dəfələrlə Tbilisi ermənilərlə gürcülər arasında qarşıdurma meydanına çevrilib.
Səbəb Tbilisidəki ermənilərə aid olduğu iddia edilən məbədlərdir. Hətta erməni tarixçiləri iddia edirlər ki, guya indiki Tbilisi erməni memarların və messenatların əsəridir. Gürcüstanın erməni icması son illər Tbilisidə erməni məktəblərinin bağlanmasından və ixtisaslı müəllimlərin işdən azad edilməsindən gileylənir. Ermənilər gürcülərə daima arxadan zərbə endirib. Bu baxımdan iki ölkə arasında ciddi əməkdaşlıq olacağını ehtimal etmək imkansızdır. Sözügedən dəhlizin işə düşəcəyi də az ehtimal olunur”.
İsmayıl