"Ermənistan sanki əziz-xələf bir uşaqdır və onu..." - AÇIQLAMA




"Qarabağ münaqişəsinin həlli haqqında məsələlərin ayrı-ayrı dövlətlərin görüşündə müzakirə edilməsi müsbət haldır”.

Bunu Sherg.az-a ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurzla Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsini müzakirə etməsindən danışarkən millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, Dağlıq Qarabağ və Fələstin problemi daima beynəlxalq siyasətin gündəliyində olan məsələlərdəndir:

"ATƏT-in fəaliyyətdə olan fəaliyyətdə olan sədrinin də problemi müzakirə etməsi, Azərbaycan xarici siyasətinin uğurudur. Artıq beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin dünya üçün ciddi təhdid olmasını başa düşürlər. Amma digər tərəfdən təəssüfləndiricidir ki, bu diplomatik danışıqlardan o tərəfə çıxmır. İndiyə qədər fəaliyyətdə olan ATƏT sədrlərinin 6 aylıq səlahiyyəti müddətində proqramında Dağlıq Qarabağ problemi əks olunub. İndiyə qədər bu məsələ ilə bağlı konkret addım atılmayıb. 

Ona görə ki, işğalçı dövlət tənqid olunmur, Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyə çağırılmır, Azərbaycan işğalçı dövlətlə tərəzinin eyni gözünə qoyulur. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyaları, ərazimizdə qeyri-qanuni hərbi hissələri saxlaması məsələsi də təəssüf ki, diplomatik görüşlərdə müzakirə olunmur. Başqa dövlət olsa, inanmıram ki, ona qarşı loyallıq və birmənalı münasibət olardı. Ermənistan sanki əziz-xələf bir uşaqdır və onu dünyanın müəyyən dairələri istənilən vəchlə qorumağa çalışırlar. Amma bir şeyi bilmək lazımdır ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Həm daxili, həm xarici siyasətimiz buna yönəlib. Müdafiə sahəsinə böyük vəsaitin ayrılması, yeni silahların alınması, qoşunlarımızın döyüş vəziyyətinin daima yüksəldilməsi onu göstərir ki, dövlətimiz Ermənistana bütün istiqamətlərdə təzyiq edərək, torpaqlarının işğaldan azad olunmasını tələb edəcək”.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək. ATƏT sədrinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Dağlıq Qarabağ probleminin də müzakirə ediləcəyi bildirilir.

Aysel Aslan