Ermənistan səngərə çevrilir
Rusiya qərbdən ola biləcək təhlükəni önləmək üçün hava hücumundan müdafiə sistemini gücləndirir
Ermənistan və Rusiya "Qafqaz kollektiv təhlükəsizlik regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında” müqavilə layihəsini müzakirə edir. İki ölkə müdafiə nazirliklərinin ekspertləri 9-11 dekabr tarixlərində müqavilə layihəsinin yekun variantını razılaşdırmaq üçün birgə iş aparacaqlar. Ermənistan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, iki ölkə hərbi ekspertlərinin görüşləri 2014-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir.
Rusiya ilə Ermənistan arasında vahid hava hücumundan müdafiə sisteminin xeyli vaxtdır qurulduğunu və fəaliyyət göstərdiyini vurğulayan hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Ermənistanın hava hücumundan müdafiə sistemi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində çoxdan mərkəzləşib, Moskvada yerləşən ümumi mərkəzdən idarə olunur:
"Sadəcə, söhbət sistemi hansısa formada yenidən gücləndirməkdən, təkmilləşdirməkdən gedir. Məndə olan məlumata görə, hətta Dağlıq Qarabağda yerləşən hava hücumundan müdafiə sistemi də həmin vahid hava hücumundan müdafiə sisteminə qoşulub”.
Vahid hava hücumundan müdafiə sistemini gücləndirməyin səbəblərinə gəldikdə isə ekspert bildirib ki, Ermənistanın təkcə Azərbaycanla deyil, İran və Türkiyə kimi güclü ölkələrlə də həmsərhəd olduğunu yaddan çıxarmaq olmaz. O qeyd edib ki, Rusiya Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməklə faktiki olaraq öz müdafiə sistemini gücləndirir, əlavə yeni bir baryer yaradır: "Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə cərəyan edən proseslər get-gedə keçmiş SSRİ-nin sərhədlərinə yaxınlaşır. Rusiya faktiki olaraq çalışır ki, konfliktləri bir az uzaqdan nəzarət altında saxlasın. Digər tərəfdən isə hava hücumundan vahid müdafiə sistemini gücləndirmək Azərbaycana əlavə təzyiq vasitəsidir”.
Hərbi ekspertin sözlərinə görə, bu gün regionda mövcud olan reallıq ən çox Rusiyanın maraqlarına cavab verir. Rusiya maksimum çalışır ki, mövcud status-kvonu qoruyub saxlasın, onu dəyişdirməsin. Çünki hazırda həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ məsələsinə görə istər-istəməz Rusiya ilə bağlıdırlar: "İki ölkəni birləşdirən, bəlkə də, yeganə cəhət hazırda məhz budur. Məsələn, təbii qaz məsələsində, enerji məsələlərində, habelə iqtisadiyyatın digər sahələri üzrə bizim Rusiya ilə bağlılığımız, daha doğrusu, asılılığımız yoxdur. Ermənistan isə asılıdır. Ancaq əfsuslar olsun ki, bunu Dağlıq Qarabağ məsələsi ilə bağlı demək olmur. Ona görə də stasus-kvo yalnız Rusiyanın maraqlarına cavab verir və Moskva maksimum çalışacaq ki, bu məsələdə heç bir dəyişiklik olmasın”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə bildirib ki, Ermənistanı müdafiə etmək artıq Rusiyanın təhlükəsizlik planına çevrilib və bu sözügedən ölkənin hərbi siyasi sənədlərində də "cənub cinahı” adı ilə təsbit olunub. Buna dair gərəkən bütün resurslar da ortaya qoyulmaqdadır. 3000-dən artıq hərbi qüvvənin Gümrüdə yerləşdirilməsi və onun gündən-günə şaxələndirilməsi, mühüm silahların, reket qurğularının orada yerləşdirilməsi də göstərir ki, Rusiya tək hədəf olaraq Qafqazı almayıb. Rusiya Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməklə faktiki olaraq, öz müdafiə sistemini gücləndirir deyən millət vəkilinin sözlərinə görə, Rusiya regiona qərbdən ola biləcək hər hansı hücumları önləmək üçün Ermənistandan bir səngər kimi istifadə edir və bunun üçün də onun qayğısına qalır. "Onu da deyim ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün Rusiyanın öhdəlikləri var”. Ermənistan və Rusiyanın hava hücumlarından vahid müdafiə sisteminin xeyli müddətdir müzakirə olduğunu vurğulayan Komitə üzvünün sözlərinə görə, NATO ölkəsi olan Türkiyədən Ermənistan bu və ya digər təhlükə gözlədiyini qələmə verir. Ermənistanın bu narahatlığa son qoymaq üçün də sözügedən sistemlə Rusiya Ermənistanın hava məkanını öz nəzarəti altına almış olur.
Ermənistan və Rusiyanın hava hücumundan vahid müdafiə sisteminin formalaşdırılmasının Azərbaycana təsirlərinə gəldikdə isə Z.Oruc deyib ki, Rusiyaya qarşı hazırkı sanksiyaların tüğyan etdiyi bir zamanda Azərbaycan-Rusiya arasındakı münasibətlər sıx şəkildə inkişaf edir və Azərbaycanın şimal qonşusu ilə əməkdaşlıq əlaqələrini qoruyub saxlamağa çalışır: "Bu cür münasibətlər fonunda isə biz Rusiyanın Ermənistanı hərtərəfli himayə etməsini istəmirik, çünki bu bizim maraqlarımıza uyğun deyil. Unutmayaq ki, sabahları ikinci Qarabağ savaşı başlayacağı
təqdirə Qazaxdan, Tovuzdan və Gədəbəydən Ermənistanın törətdiyi təxribatlara qarşı ölkəmizin verdiyi cavablar belə bir mənzərə yaradacaq ki, biz təkcə Ermənistanla yox, eyni zamanda Rusiya ilə mübarizə aparırıq. Halbuki hazırkı mərhələdə bizim məqsədimiz tarixi torpaqlarımıza qayıtmaq deyil, mövcud ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Qarabağdakı savaşı bütünlükdə Ermənistan ərazilərinə keçirtmək və daha geniş ərazilərdə böyük Azərbaycan yaratmaq niyyətində deyilik. Bu cür məsələlər ayrı-ayrı qüvvələrin siyasi planları ola bilər, amma dövlət ilk növbədə işğal altında qalan əraziləri üzərində planlar qurur.
Nəyin bahasına olursa olsun, Ermənistan tərəfinin bütün təhlükəsizlik problemlərini Rusiyanın çiyinlərinə yükləmək istəyir.
Təbii ki, belə olan halda müəyyən sual doğur. Rusiya və Ermənistanın hava hücumundan vahid müdafiə sistemi layihəsinin qarşılığında Azərbaycan nə etməlidir? Biz adekvat olaraq başqa dövlətlərlə hava məkanımızın müdafiəsinə dair razılaşmalar əldə etməliyik? Bəs bütün bunlar regiondakı proseslərə necə təsir göstərəcək. Yaxud da Azərbaycan da Rusiya ilə oxşar müqaviləni imzalamaq istərmi? Bütün bu sualların isə cavabı yoxdur. Odur ki, indiki mənada Rusiya ilə Ermənistan arasındakı bu razılaşmanı təhlükə kimi dəyərləndirməyin əleyhinəyəm. Amma istənilən halda bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin rusiyalı həmkarları ilə bir masa arxasında geniş müzakirəyə çıxarmasında da bir fayda görürəm”.
Şəymən