Ermənistan siyasi alətə çevrilib

Avrasiya İttifaqına daxil olmaq İrəvan üçün göydəndüşmə imkandır




Bu günlərdə Rusiya Nazirlər Kabinetinin iclasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü nəzərdə tutan müqavilə təsdiqlənib. Qərar imzalanması üçün prezident Vladimir Putinə təqdim olunacaq. Müqavilədə rəsmi İrəvanın iqtisadi birlikdə hansı status və çərçivədə üzv olacağı ilə bağlı əsas baza elementləri yer alıb.

Hətta 2015-ci il yanvarın 1-dən birliyin vahid qaydalar sisteminin faktiki fəaliyyətə başlayacağı iddia olunur. Məlumat üçün bildirək ki, Rusiya, Qazaxıstan və Belarusun daxil olduğu ittifaq bu il mayın 29-da Astana şəhərində imzalanmış müqavilə əsasında rəsmən elan olunub.

Ermənistanın birliyə və ya ittifaqın rəsmi İrəvana edəcəyi vədlər barədə "Şərq”in suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, separatçı ölkə Moskvanın dəstəyi ilə Azərbaycan ərazilərində yaradılan dövlətdir. Onun sözlərinə görə, Ermənistanın mövcudluğu şimal qonşumuzun dəstəyindən asılıdır: "Separatçı rejim bütün qonşularına düşmən kəsilib. Bu durumda onun çox ciddi dəstəyə ehtiyacı var. Əks halda mövcudluğunu qoruya bilməz. Bu baxımdan adıçəkilən birlik rəsmi İrəvan üçün göydəndüşmə imkandır”.

Rusiyanın işğalçı ölkəni ittifaqda görmə istəyinə gəlincə, təşkilat sədri söyləyib ki, Ermənistanın vəzifəsi Moskvanın bölgədəki mənafeyini müdafiə etməkdir: "Ermənistan şimal qonşumuzun bölgənin daxili işlərinə qarışmasına zəmin yaratmaq üçün unikal vasitədir. Bir sözlə, Rusiyanın qoltuqaltına çevrilmiş Ermənistan hökuməti siyasi alətdən başqa bir şey deyil”.

Ayyət Əhməd