“Ermənistan Xocalı aeroportundan uçuşlar həyata keçirir" - Deputat

"Xocalı aeroportu ermənilər tərəfindən bərpa olunub, uçuş zolağının Xocalıya çatan hissəsindəki obyektlər, yaşayış evləri təmizlənib”.
Bu barədə "Sherg.az”a millət vəkili Elman Məmmədov danışıb. Deputatın sözlərinə görə, aeroportun inzibati binası, uçuş zolağı və s. hamısı qaydasındadır:
"Əslində helikopter və bəzi təyyarələrlə uçuşlar həyata keçirilir. İrəvandan Xocalıya çox az hallarda uçuşlar olur. Səbəb odur ki, bu bölgəyə gəlib-gedən yoxdur. Orada vəziyyət o qədər gərgindir ki, gediş-gəlişə ehtiyac olduqda belə ancaq avtomobil nəqliyyatından istifadə edirlər.
Ermənilər Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün hazırlayırdılar ki, guya bu həyata keçiriləcək. Ancaq Prezident İlham Əliyevin tələbi ilə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıldı və onlara xəbərdarlıq olundu. Dağlıq Qarabağın hava məkanında hər hansı uçuş həyata keçirmək Azərbaycanın hava məkanının pozulması deməkdir və buna qarşı tədbir görüləcək. Bundan sonra beynəlxalq uçuşlar dayandırılsa da, daxili qaydada həyata keçirilir. Cinayətkar Serj Sərkisyan müəyyən vaxtlarda vertolyotlarla hərbi təlimlərə və s. qatılır. Vəziyyətin gərginləşməsi və həmin ərazidə əhalinin həddindən artıq az olması uçuşların həyata keçirilməsinə zəmin yaratmır. Buna ehtiyac qalmır".
Qeyd edək ki, Azərbaycanın işğal altındakı Xocalı qəsəbəsi yaxınlığında 8 milyon dollar bərpa edilən və yenidən qurulan eyniadlı aeroportun aqibəti qeyri-müəyyən olaraq qalır. Hələ 2011-ci ilin yazında istifadəyə verilməsi gözlənilsə də, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşlara cürət etmədi. Sonradan texniki problemlər bəhanəsi əsas gətirilərək, uçuşun həyata keçirilməsi təxirə salındı.
Aysel Aslan