Ermənistana ayrılan 3 milyonun da aqibəti əvvəlki kimi olacaq - Aİ pulları göyə sovrulur
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Ermənistandakı növbədənkənar parlament seçkisinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə 3 milyon avro vəsaitin ayrılmasına qərar verib. Maraqlısı odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı.
Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə saldı. Axı Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışırdı.
Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürüb. Görəsən, Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarkisyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi? Məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlayıb.
NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları "dilənçi guşəsinə” çevirməklə avropalı dövlət başçılarından mədət uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər? Nəticə göz qabağındadır. Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Əgər belədirsə, niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə, elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də yox? Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Budur, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.
Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan hələ SSRİ zamanı imperiyanın büdcəsindən ayrılan dotasiya hesabına yaşayırdı. Yəni tarix boyu dilənçiliyə öyrəniblər:
"Ermənilər Azərbaycan torpaqlarına köçürülüb yerləşdirdikləri vaxtdan etibarən kənarda gələn ianələr hesabına dolanıblar. İndi də həmin proses davam edir. Ermənilər müstəqillik qazanandan sonra dünyanın bütün ölkələrindən, bütün beynəlxalq qurumlarından pul tələb ediblər. Artıq erməni xalqı başa düşməyə başlayıb ki, onlara gələn külli miqdarda ianələrin 99 faizi rəhbərlikdə olan cinayətkarların cibinə gedir. Başda duranların şəxsi əmlakına çevrilir.
Erməni xalqı dilənçi vəziyyətində yaşayır. Ona görə də ölkədə miqrasiya gündən-günə artır, əhalinin sayı azalmağa başlayır”.
Millət vəkili bəyan edib ki, Avropa İttifaqı 2017-ci il aprel ayında keçirilən seçkidə ermənilərə 7 milyon pul ayırmışdı:
"Aİ-nin məqsədi o idi ki, seçki şəffaf və demokratik keçsin. Ancaq vəsaitin hamısı rüşvətə sərf olundu. Ovaxtki rəhbərlik pulları mənimsədi.
Paşinyanın özü küçələrdə çıxış edərkən Sarkisyan hökumətini buna görə ittiham edirdi. Bildirirdi ki, seçki qeyri-legitimdir, saxtakarlıq edilib. Şübhə yoxdur ki, indiki hökumətə verilən 3 milyonun da aqibəti əvvəlki kimi olacaq. Erməni xalqı bilməlidir ki, Paşinyan onların rifahını düşünmür, ancaq öz kreslosunu möhkəmləndirməyə çalışır. Avropa Şurası, Avropa İttifaqı və başqa beynəlxalq qurumlar əslində Ermənistandakı vəziyyəti bilirlər.
Onlar Ermənistana bir dövlət kimi deyil, kriminal qayda-qanunlarla idarə olunan qeyri-hökumət təşkilatı kimi yanaşırlar. Hələ ki baş nazir Paşinyan özündən əvvəlkiləri - Sarkisyan-Koçaryan cütlüyünü ifşa etməklə məşğuldur. Ancaq vaxt gələcək onun özünü ifşa edəcəklər”. E.Məmmədov təəssüflə qeyd edib ki, beynəlxalq qurumlar, o cümlədən dünyaya demokratiya dərsi vermək həvəsində olan ABŞ 1992-ci ildən etibarən Ermənistana və qanunsuz rejimə, separatçılara maliyyə yardımı edirlər: "Bu cür əməllər ermənilərin törətdikləri cinayətlərdən daha pisdir”.
İsmayıl