Ermənistanda etirazların yeni mərhələsi başlayıb

Elxan Mehdiyev: “Düşmən ölkədə baş verənlər kriminal rejimlə cinayətkar elementlərin “razborkasıdır”





Ermənistanda Sarkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib. Hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri də özünü göstərməkdədir. Əslində baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı Prezidenti Sarkisyanla bağlı geniş narazılıq, o cümlədən onu Prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi isə, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir.


İrəvanda yüzlərlə aksiyaçının meydana toplaşaraq Sarkisyanın istefasını tələb etməsi də hakimiyyətdən narazılığın bariz nümunəsidir. Aksiya iştirakçıları polis bölməsini ələ keçirən silahlı qrupa dəstək şüarları səsləndiriblər və Sarkisyan hakimiyyətinin istefasını istəyiblər. Bəzi ekspertlər iddia ediblər ki, İrəvandakı məlum hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq. Onların bu cür çaxnaşmaları müəyyən dairələr tərəfindən qəsdən törədilir. İddia ilə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə bildirib ki, Ermənistanda baş verən qiyamın və etiraz aksiyalarının siyasi qanadı yoxdur: "Polis idarəsinə basqınla bağlı informasiya qıtlığı var. Sadəcə deyilir ki, idarədə bir ay bundan qabaq həbs edilmiş yunan ermənisi olub və bir qrup şəxs onun azadlığa buraxılması üçün etiraz edib. Məncə, etiraz hadisələrində siyasi aspektlər yoxdur. Ona görə də bu qiyamı Dağlıq Qarabağ prosesi ilə əlaqələndirmək çətindir.

Amma bir məsələ var ki, Ermənistanda cinayətkar rejim hökm sürür. Düşmən ölkədə baş verənlər kriminal rejimlə cinayətkar elementlərin "razborkasıdır”. Son üç ayda hər gün həm İrəvanda, həm də Gümrüdə silahlı atışmalar, münaqişələr baş verir. Müəyyən qruplar biznes və mülkiyyət üstündə biri-birini qırırlar. Amma bu prosesdə siyasi qüvvələrin canfəşanlığı hiss olunmur”.