Ermənistanda gərginlik davam edir

“Məqsəd isə Sarkisyanın istefası və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları pozmaqdır”





Ermənistanda siyasi və ictimai gərginlik səngimək bilmir. Ötən gün keçirilən etiraz aksiyaları zamanı İrəvanda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Polis etirazçılara atəş açıb, sakinlər isə polis əməkdaşlarını daş-qalaq ediblər. Toqquşmalar zamanı 51 nəfər yaralanıb. Yaralılardan 28-i polis əməkdaşıdır. 30-dək etirazçının saxlanıldığı deyilir.

Əraziyə əlavə polis qüvvələri gətirilib. Nəzarət gücləndirilib. Artıq bir neçə gündür ki, silahlı qruplaşma polis bölməsini nəzarətdə saxlayır. Ekspertlərə görə, Ermənistanda baş verən proseslər kriminal elementlərin hərəkətləri olsa da, onların arxasında müəyyən siyasi qüvvələr dayanır. Onların fikrincə, Sarkisyanın mövqeləri laxlayır. Çünki o, daxili və xarici siyasətində böyük səhvlər buraxır, bir sıra məsələləri həll etmir, iqtisadi vəziyyəti acınacaqlı durumdan çıxarda bilmir. Ona görə də siyasi qüvvələr kriminal elementlərdən istifadə edərək, Sarkisyan rejiminin sonunu gətirmək istəyirlər. Bu qüvvələrin kimliyi və siyasi kursunun nə olacağı bəlli deyil. Amma hər halda erməni xalqı və siyasi elitası Sarkisyanın çirkin siyasətindən yorulub. Baş verən olaylar Sarkisyanın devrilməsinin başlanğıcıdır. Düşmən ölkədəki gərginliklə bağlı danışan siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib ki, Ermənistanda baş verənlərin arxasında erməni elitası dayanır: "Məqsəd isə Sarkisyanın istefası və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları pozmaqdır. Ermənistanda gedən küçə döyüşləri Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı haqlı və uğurlu beynəlxalq siyasətə zərbə vurmaq üçün hazırlanıb. Onlar Azərbaycanın dünya güclərini haqlı mövqeyimizə cəlb etdiyini görərək, buna maneçilik törətməyə çalışırlar. Ancaq bu cəhdlər ermənilərə heç bir fayda verməyəcək. Əksinə, Ermənistandakı məlum hadisələr problemin həllinə müsbət təsir də edə bilər. Çünki ölkədəki çaxnaşma Ermənistan və Dağlıq Qarabağ klanının bir araya gəlməsinin qarşısını alır. Bu baxımdan düşmən ölkədə baş verənləri müsbət qiymətləndirmək lazımdır. Hazırkı prosesləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə xidmət edən siyasi addım hesab etmək olar. Dağlıq Qarabağla bağlı xarici siyasətimiz dəyişməz müstəviyə keçib. Ölkə Prezidentinin münaqişənin həlli istiqamətində ortaya qoyduğu siyasi iradə problemin müsbət həllinə istiqamətlənib. Dövlət başçısının Dağlıq Qarabağ məsələsində mövqeyi qətidir”.