Ermənistanda mütləq hakimiyyət dəyişikliyi baş verəcək

Sarkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq



Ermənistan Avropa İqtisadi Birliyinə daxil olduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Parlament "üçlüyü” adlanan "Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və "İrs” partiyalarının təşkil etdiyi və minlərlə insanın qatıldığı kütləvi aksiyada mitinq iştirakçıları ölkədəki iqtisadi vəziyyətə, Sarkisyan hakimiyyətinin siyasətinə və Ermənistanın Kremlin layihələrinə qoşulmasına etirazlarını bildiriblər.

"Sarkisyana istefa” və "Serjik get” şüarları ilə çıxış edən mitinqçilər tərəfindən hökumətə 12 tələb irəli sürülüb. Aksiyaçılar qarşısında çıxış edən eks-prezident Levon Ter-Petrosyan deyib ki, Sarkisyan rejimi özünü tamamilə tükədib. Bu, artıq xarici qüvvələr üçün də aydındır. Petrosyanın sözlərinə görə, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamdır. Ermənistanda baş verən siyasi olayları dəyərləndirən yerli politoloqların fikirləri birmənalı deyil. Aksiyaların ciddi nəticə verəcəyini iddia edənlərlə yanaşı, etirazların görüntü məqsədi ilə ortaya qatıldığını düşünənlər də var.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Sarkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq. Artıq prosesin başlandığını bildirən Ə.Oruclunun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi mütləq baş verəcək: "Müxalifət İrəvanda Sarkisyanın istefası tələbilə 100 minlik mitinq keçirdi və hətta prezidentliyə yeni namizədini də açıqladı. Bu namizəd "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyandır. Onun özü də, tərcümeyi-halı da müasir dövlət başçısı "standartlarının” bütün tələblərinə cavab verir. Tsarukyan oliqarx deputatdır. O, Avropa çempionu olub və cəmi ikicə dəfə mühakimə olunub. Mühakimənin biri təcavüz hadisəsinə görədir. Amma buna baxmayaraq, ən əsası budur ki, dünən biri-birini ittiham edən müxaliflər bu gün müttəfiqdirlər və hətta Ter-Petrosyan bu perspektivli siyasətçiyə görə, öz siyasi iddialarından imtina edib”. Ə.Oruclunun fikrincə, Moskva Ermənistanda hakimiyyət dəyişikliyini uğurla həyata keçirdikdən sonra Azərbaycanda da qarışıqlıq yaratmağa çalışacaq: "Əlbəttə, ssenarinin Azərbaycanda baş tutması mümkünsüzdür. Çünki Azərbaycan iqtisadi cəhətdən Rusiyaya bağlı deyil. İqtisadi müstəqillik Kremli "çətinliyə” salır. Elə ona görə də Moskva bütün vasitələrlə çalışır ki, öncə Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə cəlb etsin”.

İrəvan aksiyalarını şərh edən politoloq Qabil Hüseynli isə bildirib ki, Ermənistanda Rusiyaya qarşı yaşanan etirazlar bu ölkənin gələcək siyasətinə heç bir təsir göstərməyəcək: "İşğalçı ölkədə Rusiyanın təsir dairəsinə qarşı çıxan qüvvələrin həyata keçirdikləri aksiyalar özünün zəif olması ilə seçilir. Burada Moskva əleyhinə baş qaldıran nümayişlər Ukraynada olduğu kimi təsirli və irimiqyaslı deyil. Fikrimcə, Ermənistandakı mitinqlər Avropaya "demokratiya” nümayiş etdirmək üçün Kreml tərəfindən təşkil olunub. Ona görə də bunun hansısa dönüşə səbəb olacağı barədə illüziyaya qatılmaq niyyətində deyiləm. Aksiyalar fonunda hər hansı qarşıdurmadan da söhbət gedə bilməz. Çünki Rusiyaya qarşı kiçik qüvvələr bunu bacarmaq gücündə deyil. Xaricdən yönləndirilən bu etirazlar tədricən sönərək aradan qalxacaq”.

İsmayıl