Ermənistanda xalq son sözünü deməyə hazırlaşır

Müxalifətin aksiyaları Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnə bilər



Ermənistanda xalq növbəti dəfə ayağa qalxıb. Paytaxt İrəvanın mərkəzi Azadlıq meydanında baş tutan etiraz aksiyalarının dalğası getdikcə genişlənir. Nümayiş işğalçı ölkə iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci ildönümü səbəbilə keçirilir.

Məlumata görə, mitinqin başında Erməni Milli Konqresinin rəhbərləri, sabiq prezidenti Levon Ter-Petrosyan dayanıb. Etirazçılar ölkə prezidenti Serj Sarkisyanın istefasını tələb ediblər. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan isə aksiyada kəskin çıxış edib. "7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar”. Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu arada qeyd edək ki, separatçı ölkənin siyasi liderləri ailələri ilə birlikdə İrəvandan qaçmağa başlayıb. Belə ki, ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan vətənini tərk edir. Bu barədə Ermənistanın "Haykakan Jamanak” qəzeti yazır. Uzun müddət ölkənin xarici siyasət idarəsinə rəhbərlik etmiş Oskanyan yəqin işlərin düz getmədiyini hiss edib və bu səbəbdən ölkədən getməyi planlaşdırıb. Yada salaq ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilib. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülüb, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Politoloq Elman Nəsirov hesab edir ki, Gümrü olaylarından sonra Rusiya ilə Ermənistan münasibətləri kəskin şəkildə pisləşir: "Rusiya-Ermənistan münasibətlərində çatlar əmələ gəlib. Hadisələrin sonrakı inkişafından asılı olaraq iki ölkə arasında münasibətlərin konturları məlum olacaq. Bir neçə versiya mümkündür. İlk versiya xalq etirazlarının daha da güclənməsidir. Xalq Sarkisyan rejimini hakimiyyətdən süpürüb atmağa çalışacaq. Bu hadisə də katalizator rolunu oynayır. Onsuz da xalq bezib, bu azmış kimi Sarkisyan rejimi elə hakimiyyət formalaşdırıb ki, rusiyalı əsgər bir ailəni tamamilə məhv edə və Ermənistanda mühakimə olunmaya bilir. Bu da Sarkisyan əleyhinə etirazlar dalğasını daha da genişləndirə bilər. Buna cavab olaraq isə Sarkisyan 2008-ci ilin mart hadisələrində 8 nəfəri güllələdiyi kimi xalqı gülləbaran edə bilər. Zorla öz hakimiyyətini qoruyub saxlaya və etirazların qarşısını ala bilər. İkinci versiya xalqın diqqətini problemlərdən yayındırmaq ola bilər. Bu məqsədlə Sarkisyan hakimiyyəti cəbhədə, Azərbaycan-Ermənistan sərhədində böyük hərbi insidentə əl ata bilər. Faktiki olaraq hərbi əməliyyatların başlanması təhlükəsi yarana bilər və auditoriyanın diqqəti Qarabağa yönəldilə bilər”.

Politoloq hadisələrin inkişafının Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnə biləcəyini də istisna etmir: "Başqa bir versiya isə budur ki, hadisələr dərinləşdikcə, xalqın etiraz dalğası gücləndikcə, hətta Sarkisyan xalqı güllələdikdən sonra belə nəinki xalq sakitləşir, daha da hərəkətə keçərsə, belə olan halda Moskvanın "qurbanlıq keçi” arayışına çıxması istisna deyil. Burada isə "qurbanlıq keçi” Sarkisyan və onun komandası ola bilər. Yəni Moskva bu qərara gəlsin ki, xalq artıq ayağa qalxıb, onun yatırtmaq mümkün deyil, hətta gülləbaran da işə yaramır. Belə şəraitdə Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə xalqın sakitləşməsinə nail olmaq Moskvanın əsas ssenarisi ola bilər. Sarkisyan və komandası qurban verilə, yerinə yeni biri gətirilə bilər ki, xalq öz məqsədinə çatdığını düşünsün”.

Ayyət Əhməd