“Ermənistandakı iğtişaşlar Rusiyada ssenariləşdirilib”

Qabil Hüseynli: “Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərdə tutulan sülh danışıqları prosesinə zərbə vurmaqdır”



Ötən bazar Ermənistanda radikal müxalifətçilər tərəfindən post-patrul polku binasının ələ keçirilməsi ilə başlanan böhran dərinləşməkdədir. Artıq dördüncü gündür ki, bir qrup polis girov saxlanılır. Müşahidəçilər Ermənistanda siyasi çalxalanmanın davam edəcəyi qənaətindədir.

Paytaxtı bürüyən etiraz aksiyasının iştirakçıları bütün siyasi məhbusların azad olunmasını, o cümlədən iyulun 17-də saxlanılan müxalifətçilərin azadlığa buraxılmasını tələb ediblər. Həmçinin, aksiya iştirakçılarının dilindən "Serj, rədd ol!” şüarları səsləndirilib. Nümayişçilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hakimiyyətin apardığı siyasətə də etiraz bildiriblər. Bu arada "Birlik” Partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkədə fövqəladə vəziyyətin yarandığını deyib: "Silahlı üsyan baş qaldırıb, qan tökülməsi ehtimalı var. Hökumət qüvvələri əsassız güc tətbiq edərək vəziyyəti daha da gərginləşdirirlər. Belə bir vəziyyətdə artıq üçüncü gündür ki, Baş nazir, parlament sədri və Prezident susur. Dünyada elə bir başqa ölkə yoxdur ki, bu cür gərgin vaxtda ölkə rəhbərliyi xalqdan aralı dursun və sükutunu pozmasın”. Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da ölkədəki gərgin duruma diqqət çəkib. Millət vəkili bəyan edib ki, Ermənistanda əhalinin əksəriyyəti siyasi məsələləri silah yolu ilə həll etməyin tərəfdarıdır: "Burada günahkar Serj Sarkisyandır. Sarkisyan elə siyasət apardı ki, əhali silaha əl atmaq məcburiyyətində qaldı. Görünən odur ki, istefası tələb edilən Sarkisyan çox qəliz duruma düşüb. Prezidentin durumunu ağırlaşdıran amil rəsmi İrəvanın Qarabağ məsələsində, nəhayət, konstruktiv mövqe tutmaq zorunda qalmasıdır. Əks halda, Qarabağda daha böyük müharibə qızışa bilər. Onu da xatırladaq ki, Ermənistandakı qiyam fonunda Rusiya Silahlı Qüvvələrinin bir qrup generalı düşmən ölkəyə yollanıb. Səfər iyulun 22-nədək davam edəcək. Kremlin öz generallarını həssas bir dönəmdə, üstəlik də Türkiyədəki uğursuz hərbi çevriliş cəhdindən dərhal sonra Ermənistana göndərməsi heç də təsadüfə oxşamır. İstisna deyil ki, Moskva bu yolla həm də forpost Ermənistanda hərbi ab-havanı, siyasi qüvvələr nisbətini öyrənmək və fors-major vəziyyətlərdə ən optimal çıxış yolunu dəqiqləşdirmək niyyətindədir. Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistandakı ixtişaşlar Rusiya ilə birlikdə ssenariləşdirilmiş oyundur: "Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərdə tutulan sülh danışıqları prosesinə zərbə vurmaqdır. Bütün baş verənlər Rusiyanın arqument toplamaq cəhdidir. Guya ixtişaşçılar sülh danışıqlarına etiraz edirlər, təklif olunan variantlar onların maraqlarına uyğun deyil. Əlbəttə, burada Rusiyanın barmağı var. Rusiya Azərbaycana özünə sərf edən sülh variantını qəbul etdirmək istəyir. Əlində isə arqument olaraq Ermənistan tərəfinin etirazını göstərir. Ancaq burada kiminsə etirazını yox, beynəlxalq hüququn tələbini əsas götürmək lazımdır. Torpaqlarımız işğal edilib. Düşmən ya ərazilərimizdən çıxacaq, ya da müharibə olacaq. Bu oyunların baş verməsinin əsas səbəbkarı bölgədə strateji maraqları olan supergüclərdir”. Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan cəmiyətində hakimiyyətə qarşı nümayişləri çox görmüşük. Amma indiki kimi ciddi şəkildə olmayıb: "Baş verənlər göstərir ki, cəmiyyətin böyük bir hissəsi hakimiyyətdən kifayət qədər narazıdır. Sarkisyanın istefaya getməsi tələbi əsassız deyil. Onun apardığı xarici və daxili siyasət onları qane etmir. Kiminsə həbs edilməsi sadəcə bəhanədir. Bu bəhanəni özləri ortaya çıxararaq, qiyam qaldırıblar. Birbaşa hökumətə qarşı qiyamdır. Səbəb isə daxildəki çox aşağı səviyəli sosial-iqtisadi vəziyyət və hakim partiyanın yürütdüyü yarıtmaz siyasətdir”. Politoloq bildirib ki, hazırda Ermənistanın siyasi elitasında sağlam düşüncəli, Azərbaycanla normal konstruktiv münasibətləri qurmaq istəyən bir siyasətçi yoxdur: "Düşünmürəm ki, əgər Sarkisyanı devirsələr, hakimiyyətə ondan daha yaxşısı gələ bilər. Nəinki yaxşısı, hətta daha pisi gələr. Əgər qiyam Sarkisyanın "yumşaqlığına” görə yönəlibsə, deməli, aksiyaçılar daha sərt siyasətçi istəyirlər”. F.Sadıqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də Sarkisyana ciddi təzyiqlər olduğunu bildirib.