“Aprel döyüşlərinin yeni mərhələsi istənilən an başlaya bilər”
"Azərbaycan Qarabağa hücum üçün hüquqi-siyasi zəmin hazırlayıb’’. Bunu Ermənistan politoloqu Arman Melikyan deyib. O, son günlər müzakirə mövzusuna çevrilən "İsgəndər” raketlərinin Ermənistan ərazisində çoxdan olduğunu bildirib. Politoloqun fikrincə, bu fakt Azərbaycanı apreldə erməni mövqelərinə hücum etməkdən çəkindirməyib:
"İsgəndər”lərin paradda nümayişindən sonra Rusiya və Azərbaycan arasında "hava-yer” taktiki raketlərinin yeni nəslinin istehsalı ilə bağlı danışıqlar başlayıb”. Ekspert deyib ki, Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması təhlükəsi və bu təhlükənin aprel ayında gerçəkləşməsi bölgə dövlətlərini yenidən silahlanma yarışına vadar edib: "Bəlkə də səhv edirəm, lakin bildiyimə görə, "İsgəndər” raket sistemləri Ermənistanda uzun müddətdir ki, mövcuddur. Çətin ki, Azərbaycanın aprel ayına qədər bundan xəbəri olmamış olsun. Daha doğrusu, Azərbaycan bunu bildiyi halda belə hərbi əməliyyatlara başlamaqdan çəkinmədi. Yəqin ki, erməni tərəfinin bu raketlərdən istifadə edə bilməyəcəyinə əmin olublar. Belə çıxır, müharibə şəraitində istifadə edilə bilməyən silahlar ancaq Rusiya-Azərbaycan əməkdaşlığına xidmət edir”. Erməni ekspertin sözlərini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, "İsgəndər” raketlərinin Ermənistan ordusuna məxsus olub-olmaması barədə Rusiya tərəfindən rəsmi açıqlama verilməyib. Ona görə də Azərbaycan siyasi dairələrində və ictimaiyyətində haqlı olaraq "İsgəndər” raketləri Ermənistanda” fikri yaranıb: "Məlumdur ki, düşmən ölkə bu raketləri Rusiyanın 200 milyon dollarlıq kreditinə ala bilməz. Sözügedən raket kompleksləri çox bahalıdır. Bu raketlər Ermənistana ancaq "hədiyyə” edilə bilər. "İsgəndər”lər Ermənistanda çoxdan var imiş fikri ilə razılaşmaq olar. Görünür, raketlərin varlığı bir müddət gizli saxlanılsa da, Rusiya Azərbaycanı qorxutmaq və aprel savaşından sonra tərəflər arasında balans yaratmaq üçün paradda bu raketlərin nümayişinə icazə verib. Ancaq aprel döyüşündə Ermənistan ordusu Azərbaycana qarşı bu raketlərdən istifadə edə bilməzdi. Çünki Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların azadlığı uğrunda mübarizə aparır, Ermənistanla sərhədboyu müharibə etmir. Əgər ermənilər "İsgəndər”dən istifadə etsəydi, onda tərəflər arasındakı müharibə sərhədləri aşacaq və regional güclərin də cəlb edildiyi qlobal münaqişəyə çevriləcəkdi. O zaman biz dörd günlə kifayətlənməyəcəkdik”. Politoloqun fikrincə, hər ehtimala qarşı Azərbaycan tərəfi müvafiq addımlarını atmalı, hərbi-sənaye kompleksini zənginləşdirməlidir: "Ermənistanın "raket” ajiotajı bizi narahat etməməlidir. Əgər torpaqlarımızı azad etmək istəyiriksə, bütün təhlükələrə qarşı hazırlıq görməliyik. Mümkün qədər hərbi gücümüzü artırmalı, yeni texnikalar almalıyıq. Çünki münaqişənin sülh yolu ilə həllinə ümid yoxdur. Heç bir güclü dövlət də işğalçı Ermənistana torpaqların boşaldılması ilə bağlı təzyiq göstərmir.
Bildiyimə görə, yeni silah-sursatın və raket komplekslərinin alınması məqsədi ilə İsraillə razılıq əldə olunub. Deməli, aprel döyüşlərinin yeni mərhələsi istənilən an başlaya bilər”.
İsmayıl