Ərzaq problemi yaşanmayacaq
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ciddi işlərdən xəbər verir
Ölkə başçısı tərəfindən 2015-ci lin "Kənd təsərrüfatı ili” elan olunması ölkəmizdə bu sahə üzrə yeni inkişaf əsrinin başlanmasına zəmin yaradıb. Azərbaycan üçün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet sahələrdən hesab edilir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə dayanıqlı iqtisadi inkişafın əsasını formalaşdırmaqla yanaşı, dövlət gəlirlərinin xarici faktorlardan asılılığını tamamilə aradan qaldırıb. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramlarının icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Son üç ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil edib. İndi ölkə iqtisadiyyatının vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2014-cü ildə ölkənin aqrar bölməsi üzrə 5 milyard 200 milyon manat məhsul istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 3 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Həmin tədbirlərin nəticəsi olaraq son illərdə 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit verilib. Bu da istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, bu məhsulların ixracına da imkan yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradıb. Dövlət fermerlər üçün də bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Kənd təsərrüfatının inkişafına yeni təkan verilməsi onun modernləşdirilməsini də sürətləndirir. Aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşma bu sahəyə dövlətin inzibati və maliyyə resurslarının səmərəli şəkildə cəlb edilməsinə səbəb olur.
Azərbaycanda heyvandarlıq və quşçuluq sahələri xüsusi qayğı və diqqətlə inkişaf etdirilir. Aparıcı heyvandarlıq və quşçuluq fabriklərimiz dünyanın inkişaf etmiş ölkələrinin şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib ki, quşçuluq fabriklərində robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyaların tətbiqi əsasında aparılır və sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir: "Quşçuluq məhsullarının istehsalı prosesi insan təması olmadan, qapalı şəraitdə sənaye üsulu ilə yüksək sanitar-epidemioloji qaydalara tam əməl olunmaqla həyata keçirilir və bu məhsullar ekoloji təmiz qablaşdırılır”. A.Vəliyev bildirib ki, quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Şahin Nağıyev də bildirib ki, görülən işlərin nəticəsi olaraq sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb: "Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur. Həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan olunması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, dövlət başçısının həmin sahəyə göstərdiyi diqqət və qayğının ifadəsidir: "Respublikada kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər görülür. Bu sahədə davamlı olaraq uğurlu addımlar atılır və atılmaqdadır. MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları həyata keçirilib. Bu fakt dövlətin aqrar sahəyə verdiyi böyük önəmin göstəricisidir. Bilirsiniz ki, aqrar sahə ilə əlaqədar xeyli sayda qanunlar qəbul edilib ki, bu da kənd təsərrüfatının inkişafında vacib rol oynayır. Eləcə də, dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar fərman və sərəncamlar verilir. Bütün bu faktlar təsdiq edir ki, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir. Çünki bu sahə qeyri-neft sektorunda mühüm yer tutur. Fikrimcə, "Kənd təsərrüfatı ili” çərçivəsində çox ciddi tədbirlər həyata keçiriləcək. Bütün bunlar isə nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq”.
Millət vəkili Eldar Quliyev də bəyan edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahənin inkişafı üçün böyük işlər görür: "Bu il isə məsuliyyət daha da artmalı, eləcə də proqramlara uyğun olaraq məhsulların çox olmasına diqqət yetirilməlidir. İlk olaraq məhsulun maya dəyəri aşağı salınmalı, digər tərəfdən isə toxumçuluq və maldarlıq inkişaf etdirilməlidir. Eyni zamanda, geni dəyişmiş məhsulların (GMO) idxalının qarşısı alınmalıdır. Hətta bununla bağlı qanun layihəsi də qəbul edilib. Məsələ ilə həm baytarlıq, həm də fitosanitariya qurumları məşğul olmalıdır. Onlar mütləq şəkildə həm ölkə daxilində, həm də xaricdən gətirilən məhsullara ciddi nəzarət etməlidir”.
İsmayıl