Əsas bazara ayaq qoymaqdır: “Azərbaycanın silah istehsal etməsi çox böyük uğurdur”




"Azərbaycan müharibə şəraitində olduğu üçün silahlanmaya ehtiyac duyur. Bu da məntiqlidir”.

Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib. Ekspertin fikrincə, sərginin kluarlarında Azərbaycan rəsmiləri ilə xarici şirkətlər arasında müzakirələr, sövdələşmələr aparılacaq:

"Çox güman ki, silahların hazırlanması və satışı ilə bağlı mühüm sazişlər də bağlanacaq. Azərbaycan faktiki olaraq öz paytaxtına 29 ölkənin silah şirkətlərini dəvət edərək onların məhsullarını izləyir və aralarında seçim edir. Ümumiyyətlə, dünyada silah bazarı çox rəqabətli mühit sayılır. Bu bazarda rəqibləri sıxışdıraraq kiçik də olsa özünə yer etmək Azərbaycan üçün mühüm uğurdur. Azərbaycanın öz məhsullarını 29 ölkə arasında nümayiş etdirməsi və dövlətlərdən bir neçəsinə silah satması bizim dünya bazarına çıxmağımız deməkdir. Əsas bazara ayaq qoymaqdır, bazarı genişləndirmək sonrakı məsələdir”.

Qeyd edək ki, Bakıda 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi başlayıb. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018” sərgisinə qatılıblar. Sərgidə digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi də geniş təqdim olunacaq. Sərgi sentyabrın 27-də başa çatacaq.

İsmayıl