Deputatlar Zahid Orucu yox, spikerin tərəfini saxladılar
Milli Məclisin ötən gün keçirilən plenar iclasında növbəti dəfə spiker-deputat qarşıdurması yaşanıb. Belə ki, iclasda qanun layihələrinin müzakirəsi zamanı spiker O.Əsədov və millət vəkili Zahid Oruc arasında mübahisə baş verib. Spiker layihənin müzakirəsi zamanı deputata çox danışmasını irad tutub. Z.Oruc isə öz növbəsində O.Əsədova cavab verib.
Bundan sonra parlament rəhbəri Z.Oruca yerindən danışmaması ilə bağlı xəbərdarlıq edərək ona bir daha söz verməyəcəyini bəyan edib. Məlumat üçün bildirək ki, bununla neçənci dəfədir ki, spikerlə deputatlar arasında mübahisə baş verir. Mübahisələrin səbəbi isə parlament sədrinin millət vəkillərinin sözünü kəsməsi, onların çıxışlarına müdaxilə etməsi və müəyyən məsələlərlə bağlı xəbərdarlıq etməsidir. Hətta bəzən millət vəkillərinin söz atışması o qədər ciddiləşir ki, növbəti gün bütün media deputatların "davasından” yazır. Məclisdə müzakirə olunan digər mövzular isə arxa plana keçir.
Bəs, görəsən, parlamentdə rəhbərliklə deputatlar arasındakı münasibət necə tənzimlənməlidir? Yəni spiker hansı hallarda millət vəkillərinə müdaxilə edə və ya onların danışmaq hüququnu əlindən ala bilər?
Parlamentdəki spiker-deputat mübahisələrinə münasibət bildirən millət vəkili Aqil Abbas hesab edir ki, Milli Məclis rəhbərinin deputatı yönləndirmə səlahiyyəti var: "Deputatlar gündəlikdə olan məsələdən kənara çıxmamalıdır. Onsuz da iclas başlamamışdan qabaq millət vəkillərinə ürəklərini boşaltmaq üçün vaxt və imkan verilir. Həmin vaxt deputatlar istədiyi məsələ ilə bağlı sözlərini deyə bilərlər. Daha sonra isə konkret gündəlikdəki məsələlərin müzakirəsi başlanılır. Təəssüflər olsun ki, bu zaman bəzi millət vəkilləri gündəlikdəki məsələlərdən kənara çıxırlar. Yəni onlar əsas mövzudan yayınıb gedib Amerikaya çıxırlar. Belə olan təqdirdə spiker deputatı gündəlikdə olan məsələyə yönləndirmək üçün müdaxilə etmək məcburiyyətində qalır. Yəni millət vəkilinə xəbərdarlıq edir ki, "ay müəllim, müzakirə olunan məsələdən danış da, niyə başqa şeyləri qatıb-qarışdırırsan”. Bunu spikerlə deputat arasında söz güləşdirmə, mübahisə kimi yox, xəbərdarlıq kimi qəbul etmək lazımdır. Zahid Orucla Oqtay Əsədov arasındakı məsələ də bu problemdən dolayı yarandı. Z.Oruc müzakirə olunan məsələdən kənara çıxdığı üçün spiker ona mövzuya qayıtmağı tövsiyə etdi. Həmkarımız yerindən danışanda isə, parlament rəhbəri ona dedi ki, "danışma, sənin vaxtın qurtarıb”. Burda şişirdiləsi nə var ki?”.
Millət vəkili Aydın Mirzəzadə də bildirib ki, konstitusiya və Milli Məclisin daxili nizamnaməsinə görə parlament sədrinin iclası aparması ilə bağlı öz səlahiyyətləri var və spiker Oqtay Əsədov bu işin öhdəsindən çox uğurla gəlir: "İclasların keçirilməsi böyük zəhmət tələb edir. Gündəliyin və məsələlərin hazırlanması, onların hazırlıq səviyyəsinin yoxlanılması, deputatların xəbərdar edilməsi və materialla təchiz edilməsi çox mühüm və məsuliyyətli işlərdir. İclas vaxtı məclisi idarə etmək də sədrin, o olmadıqda isə müavinlərin üzərinə düşür.
Aydın məsələdir ki, deputatların hamısı eyni xarakterdə deyil. Ola bilsin ki, hansısa bir məsələdə müəyyən mübahisə yaranır. Daha doğrusu bu, mübahisə yox, hansısa deputatı reqlamentə riayət etməyə dəvət etməkdir. Belə hadisələr təkcə Azərbaycan parlamentində deyil, müxtəlif ölkələrin məclislərində də baş verir.
Ancaq təəssüf ki, bizim mətbuat məsələnin başqa tərəfinə daha çox diqqət ayırır və spikerin öz vəzifəsinə uyğun olaraq deputata xəbərdarlıq etməsi söz davası, yaxud qalmaqal kimi təqdim edilir”.
İsmayıl