Əsəb oyunu: Müəllimlər ikinci dəfə sınağa çəkilir
Ötən bazar müəllimlərin növbəti sınaq qiymətləndirilməsi keçirildi. İyun ayında paytaxt məktəbləri üzrə keçirilmiş qiymətləndirmədə hər hansı səbəbdən iştirak edə bilməyən müəllimləri Bakı Baş Təhsil İdarəsi yenidən sınağa "çəkdi”. Amma həmin müəllimlər arasında iyun ayında imtahan verənlər də olub. Necə? Çünki iyun ayında imtahan vermiş bəzi müəllimlərin adları və qiymətləndirmənin nəticələri BBTİ-nin elektron saytında çıxmayıb. Müəllim özünü "asıb-kəsib ki, bəs, axı mən iyun ayında, filan məktəbdə, filan sırada əyləşib imtahan vermişəm. Deyiblər, yox, sənin adın çıxmır. Gərək təzədən imtahan verəsən!” Bax, belə-belə işlər. Bu, hələ bir yana qalsın. Müəllimlər biliklərini sübuta yetirmək üçün təkrar imtahana gediblər. Ancaq sınaq qiymətləndirmədə bəzi bir para suallar olub ki, müəllimlərin əsəblərini tarıma çəkib. Məsələn, kommunikasiya sahəsinə aid suallardan ikisi bu formada olub; Mənə yaddır; a) insanlara qarşı simpatiya hissi; b) məsuliyyət hissi; c) peşmançılıq hissi; d) əsəbilik hissi; e) kiməsə görə narahatlıq hissi.
İkinci əndrabadi sual: Sevimli yeməyi qarşıma qoyanda: a) həddən artıq yeyirəm; b) adi qaydada yeyirəm; c) o qədər yeyirəm ki, nəfəs ala bilmirəm; d) tox olsam belə yenə yeyirəm; e) tox olsam belə heç olmasa bir az yeyirəm.
Nəysə ki, müəllimlər bu fövqəladi suallara birtəhər cavab tapıb sınaqlarını başa vurublar.
İndi də müəllimlərin gözü yolda, qulağı səsdədir ki, görəsən, əməkhaqqımız nə vaxt qaldırılacaq? Axı təhsil naziri sentyabr konfransında söz verdi ki, qiymətləndirmədən keçən müəllimlərin maaşı qaldırılacaq.
Təhsil eksperti Nadir İsrafilov isə belə hesab edir ki, bir müəllimin ikinci dəfə sınaq qiymətləndirilməsinə cəlb olunması qeyri-peşəkarlığın nəticəsidir. BBTİ texniki məsələləri lazımi qaydada həll edə bilmədiyindən bu cür yanlışlıqlara yol verilib. Qiymətləndirmədə iştirak edən müəllimlərə cavab kartları verilməli, hər bir müəllimin adı, soyadı, iş kodu, digər göstəriciləri elektron bazada toplanmalıydı. Hansı müəllim haqqında əlavə məlumat toplamaq lazımdırsa, elektron bazadan istifadə edilməliydi. Suallara gəlincə isə N.İsrafilov onları gülünc adlandırdı:
- Biz 21-ci əsrdə yaşayırıq, Avropaya inteqrasiyadan danışırıq, vallah, bu suallar mənə gülünc gəlir. O qədər primitivdirlər ki, həmin suallar tipi ötən əsrdə evdar qadınların jurnallarda qaraladığı "xoşbəxtlik” testlərinə oxşayır.
Qaldı digər məsələlərə, mən ötən dəfə də bildirmişdim ki, sınaq qiymətləndirilməsinin nəticələrinə görə müəllimlərin əməkhaqqını yüksəltmək absurddur. Əməkhaqqının artımı ştat cədvəli ilə, dərs yükü ilə və Prezidentin sərəncamı ilə olur. Dövlət büdcəsi müzakirə olunanda təhsil sahəsinə ayrılan vəsaitin miqdarının artırılması ilə mümkün olur. Sınaq qiymətləndirmə ilə müəllimin əməyinə qiymət vermək olmaz. Bunun əməkhaqqına təsiri mümkün deyil. Düzdür, cənab nazir bunu dedi, amma bu, pedaqoji ictimaiyyət arasında narazılıq yaratdı. Necə yəni, sınaq qiymətləndirməsində iştirak edənlərin əməkhaqqı artacaq? Bəs digərləri? Məgər bölgələrdə dərs deyən müəllimlər günahkardır ki, onları sınaq qiymətləndirilməsinə cəlb etməyiblər? Biz niyə şəhərlə kəndi ayırmalıyıq, ayrı-seçkilik salmalıyıq? Hər dəfə kənd yerlərində müəllim çatışmazlığından danışılır. Budur, kənd müəlliminə verilən qiymət?! Müəllimi şəhər-kənd kateqoriyasına ayırmaq olmaz. Müəllim ancaq pedaqoji səriştəsinə görə seçilə bilər. Müəllim əməyini fərqləndirmək lazımdır, amma maliyyə sənədlərində. Təsəvvür edin ki, sinifdə şagirdlər müəllimlərinin sınaq qiymətləndirməsindən aşağı bal topladığını bilir. O müəllimin sinifdə, şagirdlər arasında nə nüfuzu olacaq? Müəllim əməyinin stimullaşdırılması, əmək haqqının diferensiallaşdırılmasından söhbət gedirsə, bunda ilk növbədə müəllimin özü maraqlı olmalıdır, öz üzərində çalışmalıdır ki, o da digər həmkarı kimi yüksək əməkhaqqı ala bilsin. Bunlar ayrı-ayrı məsələlərdir. Təhsil Nazirliyinin insan resursları idarəsinin müdiri Fərzəli Qədirov deyir ki, müəllimlərə ad veriləcək: müəllimlərin müəllimi, peşəkar müəllim... Bu nə absurd yanaşmadır? "Müəllimlərin müəllimi” nə deməkdir? Müəllimlər kateqoriyaya bölünə bilər. Baş müəllim, metodist. Çünki müəllimlik sənəti pedaqogika və metodikadan ibarətdir. O müəllimə metodist adı verilir ki, o öz peşəsinin metodikasına yiyələnmiş olur. Sınaq qiymətləndirmənin keçirilməsinin özü mənə tədbir xətrinə tədbir kimi göründü. Əgər müəllimlərin attestasiyası keçirilsəydi, bu, başqa məsələ. Attestasiya nəticəsində müəllimlərə kateqoriyalar təyin olunacaqdı və buna görə də əməkhaqqı müəyyən ediləcəkdi. Attestasiya da, 15 ildir ki, keçirilmir. Halbuki bu barədə Nazirlər Kabinetinin də, sabiq təhsil nazirinin də müvafiq sərəncam və əmrləri olmuşdu. Müəllimi sınağa çəkməyin özü yersizdir. "Sınaq qiymətləndirməsi” ifadəsinin özü qüsurludur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da sınaq imtahanları keçirir. Həmin yanaşma ilə gərək ali məktəblərə qəbulda sınaq imtahanlarının nəticələri nəzərə alınsın. Bunun adı sınaqdırsa, hansı qiymətləndirmədən, hansı fərqləndirmədən söhbət gedə bilər? Müəllim peşəsinə yiyələnmək üçün tələbə ali məktəbdə oxuyur, ali məktəbi bitirəndə o, Dövlət İmtahan Komissiyası qarşısında dayanır, diplom işi müdafiə edir. Və bu insana müəllimlik sənətinə yiyələndiyini təsdiq edən diplom - sənəd verilir. Belə çıxır ki, biz bütün bu müəllimlərimizin və həmçinin onlara dərs keçmiş müəllimlərin də biliyini, bacarığını sual altına alırıq və müəllimləri sınağa çəkirik. Əgər ali məktəblər zəif müəllim kadrı yetişdirirsə, deməli, diqqət ora yönəlməlidir. Ali məktəblər bir ucdan müəllim "istehsal” edəcək, sonra da Təhsil Nazirliyi onları təkrar sınağa çəkəcək. Bəs sınaqdan çıxmayanları kim təkmilləşdirəcək? Hansısa xarici universitetdən, "Oksford”dan, "Kembric”dən xüsusi müəllimlər dəvət edəcəyik ki, gəlin, bizim müəllimlərə müəllimlik peşəsini öyrədin? Yenə də özümüzünkülər dərs keçəcək də. Yəni bu, sonu görünməyən, mənasız bir prosesdir. Bütün bu sınaqların, qiymətləndirmələrin əvəzinə, bir dəfə qanuni qaydada attestasiya keçirilsə, bir çox məsələlərə cavab tapılacaq. Bilmirəm, niyə attestasiya keçirməkdən çəkinirlər?
Məlahət Rzayeva