Ev alan da, ev satan da geri çəkildi

“Hazırkı prosesdə əllərində pulu olan adamlar mövcud vəziyyəti dəyərləndirmək baxımından, daha çox daşınmaz əmlaka üstünlük verəcəklər”
Torpaq və ev bazarında qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil


Bir neçə gündür insanların narahatlığına səbəb olan, çaşqınlıq yaradan dolların bahalaşması ilə manatın devalvasiyaya uğramasının daşınmaz əmlak bazarına təsirsiz ötüşmədiyi iddia olunur. Paytaxtın mənzil bazarında çaşqınlıq yaranıb. Xüsusən də, "makler”lər və əmlak sahiblərinin qiymətləri qaldırmaq cəhdləri bazardakı durğunluğu artırıb. Ekspertlərin iddiasına görə, son vaxtlar əmlak bazarında ucuzlaşma meyilləri olsa da, son baş verən proseslərdən sonra bazarda vəziyyət dəyişib. Manatın məzənnəsinin kəskin enməsi və daşınmaz əmlakla bağlı yeni vergilərin qoyulması vəziyyəti dəyişib. Bu səbəbdən də bahalaşma istisna deyil.

Hazırda paytaxtın əmlak bazarında durğunluq olduğunu təsdiqləyən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, son dövrlər baş verən proseslərin nəticəsində bazar demək olar ki, dayanıb: "Nəzərə alsaq ki, Azərbaycanda nəzəri iqtisadi amillər o qədər də işləmir, vəziyyətin necə olacağını demək çətindir. Bu amillər Azərbaycan bazarı üçün keçərli deyil. Bu baxımdan, hazırda qeyri-müəyyənlik hökm sürür. Faktiki olaraq, çox ciddi alıcı problemi var, əməliyyatlar dayanıb. Hətta müəyyən qədər ev satan, satmaq istəyən var idisə, artıq onlar da prosesi dayandırıblar. Bu baxımdan, indiki şəraitdə bazarın ümumi vəziyyəti olduqca ciddi, dramatikdir”.

Qarşıdakı mərhələdə əmlak bazarındakı gözləntilərə gəldikdə isə ekspert deyib ki, yaxın dövrlərdə artıq proseslərin aydınlaşması fonunda qeyri-müəyyən vəziyyət aradan qalxacaq: "Manat-dollar münasibətləri baxımından, hazırkı prosesdə əllərində pulu olan adamlar mövcud vəziyyəti dəyərləndirmək baxımından, daha çox daşınmaz əmlaka üstünlük verəcəklər. Ehtimal olunan vəziyyət bundan ibarətdir. Bu da ola bilər ki, bazarda dinamikanı müəyyən qədər artırsın. Təbii ki, dinamikanın artımı indiki şəraitdə qiymət artımına gətirib, çıxaracaq. Həm də nəzərə alaq ki, ortalıqda vergi öhdəlikləri ilə bağlı son dövrlərdə meydana çıxan məsələlər və üstəgəl, dollar-manat münasibətlərində manatın kursunun çox kəskin aşağı düşməsi də var. Bu baxımdan, əlavə vergi öhdəliklərinin də satıcı tərəfindən əmlakın üzərinə yüklənməsi məsələsi aktuallaşır. Eyni zamanda, dollar-manat münasibətləri baxımından, satıcıların daha çox dollara üstünlük verməsi məsələsi ortaya çıxır. Satıcılar bir qayda olaraq, bundan sonrakı proseslərdə, dövrlərdə daha çox öz əmlaklarını satışa çıxararkən əvvəlki qiymətlərin dollar ekvivalenti ilə sövdələşmə aparacaqlar. Bu baxımdan, qiymət artımı gözlənilir. Amma sonrakı dövrlərdə, 3-4 ay sonrakı dövrdə bazarda konyukturadan asılı olaraq, qiymət fırlanmasının baş verməsi gözlənilir. O halda ki, neftin qiyməti artmasın, infrastkruktur layihələrinə yönəldilən vəsaitlər yenidən bərpa olunmasın, ötən illərdə olduğu kimi, hökumət tərəfindən bazara süni pul axını yönəldilməsin. Bu halda təbii ki, qarşıdan gələn 3-4 aydan sonra qiymət azalması qaçılmazdır”.

"MBA Group” Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov isə qeyd edib ki, devalvasiyanın daşınmaz əmlak bazarına təsiri barədə fikir bildirmək üçün hələ tezdir: "Hazırda bazarda qeyri-müəyyənlikdir. Satıcı və alıcı bir kənara çəkilərək, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir. Yəqin ki, bu vəziyyət bir neçə həftə çəkəcək”.

Mənzil bazarında ciddi bir bahalaşmanın olmadığını vurğulayan baş direktorun sözlərinə görə, bazarda yeni qiymətlər yoxdur: "Ümumiyyətlə, bazarda qiyməti alıcı formalaşdırır. Qiymət alıcının cibindəki pula uyğun dəyişir. Satılan əmlaka alıcı nə qədər pul ödəməyə hazırdırsa, qiymət də bundan asılı olaraq, müəyyənləşir. İndiki halda isə alıcının ödəmə qabiliyyətində artım yoxdur, əksinə, azalma var. Yaxın müddətdə qiymətlərin artacağı cəfəngiyyatdır”. Ekspert bildirib ki, torpaq və ev bazarında qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil: "Bu, uzunmüddətli prosesdir. Yəni bazarda qiymətlərin, daxildə potensial alıcıların gəlirlərinin artımı, eləcə də ətraf region ölkələrdə gedən proseslərlə bağlıdır. İnvestorlar isə bu bazara yalnız qiymətlər uzun müddət üçün artanda vəsait yatırırlar. Bu gün qiymət artımı üçün münbit şəraitdən hələlik çox uzaqdayıq”. N.İbrahimov manatın məzənnəsində artım olmayacağını, investorların bir qisminin isə daşınmaz əmlaka vəsait yatırmaqda maraqlı olacağını da istisna etməyib: "Digər tərəfdən, 2015-2016-cı illərdə neft birjalarında qiymətin və manatın məzənnəsinin artacağı ehtimalı çox azdır. Bu baxımdan ehtiyatlı investorlar əllərində qalan pul kütləsinin bir hissəsini daşınmaz əmlak bazarına yatırmaqda maraqlı olacaqlar. Çox güman ki, bu yatırım əsasən ilkin mənzil və kommersiya obyektləri bazarında olacaq. Deməli, təkrar mənzil bazarında uzunmüddətli dövrdə qiymətlərin azalma ehtimalı daha böyükdür. İlkin bazarda isə qısamüddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır. 2016-cı ilin ikinci yarısında isə növbəti qiymət artımını gözləmək olar”.

Şəymən