Evdə 300 it saxlamaq qəbahətli deyil

Ancaq bir şərtlə vətəndaş bu hüquqdan məhrum edilə bilər
"Ətrafda narahatlıq və antisanitar vəziyyət yaratdığı məhkəmə qərarı ilə sübut olunmalıdır"


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib. Xəzər Rayon Məhkəməsinə müraciət edən G.İslamov iddia ərizəsində bildirib ki, Mərdəkan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək Eldar Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər. 

Ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb. Müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib.

G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan "Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub. G.İslamov Xəzər Rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib. Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

E.Mansurov isə sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması, ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi tələbini haqsız hesab edir.

Vəkillər Kollegiyasının üzvü, vəkil Elvin Səlimovun fikrincə, həmin vətəndaşa konkret səbəblər göstərilməlidir ki, məhz bu səbəbə görə evdə 300 it saxlamaq olmaz. Bu şərtlər isə yazılı şəkildə təqdim edilməlidir: 

"Ətrafda narahatlıq və antisanitar vəziyyət yaratdığı məhkəmə qərarı ilə sübuta yetirildikdən sonra həmin vətəndaş evində it saxlamaq hüququndan məhrum edilə bilər. Yaşayış evində itlərin və digər ev heyvanlarının saxlanılması ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar var. Sadəcə, iddiada konkret nədən söhbət getdiyi ilə tanış olmadığım üçün fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq ümumi qaydalarda göstərilib ki, ev heyvanları saxlayan şәxslәr әrazinin epizootoloji sabitliyini vә insanların sağlamlığını qorumağa borcludurlar”.

Vəkilin sözlərinə görə, it saxlayan şəxsə dәfәlәrlә xәbәrdarlıq edilmәsinә baxmayaraq, müvafiq qaydaları mütәmadi olaraq pozub, nöqsanların aradan qaldırılmasına çalışmayıbsa, heyvan sahibi haqqında dövlәt sanitariya-epidemioloji vә әrazi baytarlıq idarәlәrinin tәqdimatına әsasәn yerli icra hakimiyyәti orqanı hәmin şәxsi ev heyvanı saxlamaq hüququndan mәhrum etmәk mәqsәdi ilә mәhkәmәyә müraciәt edir. Ətrafda yaşayan insanların təhlükəsizliyini nəzərə alaraq ev sahibi heyvanın nәzarәtsiz qalmaması vә qaçmaması ücün müvafiq tәdbirlәr görmәlidir. Ətraf mühitin çirklәnmәsinә yol vermәmәli, әrazini baytarlıq qaydaları vә normativlәrinә uyğun saxlamalıdır.
Əks halda ev heyvanlarının sahiblәri, müәssisә vә tәşkilatın vәzifәli şәxslәri heyvanların saxlanması şәrtlәrini pozduqda, qanunvericiliklә müәyyәn edilmiş qaydada inzibati vә cinayәt mәsuliyyәti daşıyırlar. Şəymən