“Motellərin lisenziyası ləğv olunmasa, bu cinayətlərin ardı-arası kəsilməyəcək”
Əxlaqsız yuvalarına çevrilən motellərin arxasında vəzifəlilər durur
İradə Cavadova da millət vəkilinin qaldırdığı məsələni ciddi hesab edir
“Motellərin lisenziyası ləğv olunmasa, bu cinayətlərin ardı-arası kəsilməyəcək”
“Motellərin lisenziyası ləğv olunmasa, bu cinayətlərin ardı-arası kəsilməyəcək”
"Nəyə görə, "Hilton”, "Abşeron” kimi 4-5 ulduzlu otellərdə əxlaqsızlıq yuvasının aşkarlandığını eşitmir, əri tərəfindən qətlə yetirilən qadın meyitini tapmırıq?”
Masazır qəsəbəsində yerləşən əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən "Romi” moteli bağlana bilər. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, oteldə fevralın 16-da baş verən qətl hadisəsindən sonra araşdırmalara başlanılıb. Hazırda "Romi” fəaliyyətini davam etdirsə də, araşdırmalar bitdikdən sonra çox güman ki, onun fəaliyyətinə yasaq qoyulacaq. Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən moteldə dəhşətli qətl hadisəsi qeydə alınıb. Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş həyat yoldaşı Vəfa Abdullayevanın başını kəsərək öldürüb.
Paytaxtda priton məkanların məmur himayədarları olduğunu deyən millət vəkili Fazil Mustafa bildirib ki, bəzi otellərdə əxlaqsızlıq yuvaları təşkil olunur. Bunların da arxasında bəzi vəzifəli şəxslər dayanır. Onlar belə otellərə himayədarlıq edirlər: "Həmin otellər hər hansı bir formada bu funksiyanı həyata keçirməməlidirlər. Polislər otellərdə əxlaqsızlıq yuvaları akşar edirlərsə, mütləq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidirlər. Bundan sonra həmin otellərin lisenziyası ləğv olunmalı və fəaliyyətləri qadağan olmalıdır. Belə fəaliyyətlə məşğul olan otellərin arxasında vəzifəli şəxslər durur. Həmin yüksək vəzifəli şəxslər belə otellərə himayədarlıq edirlər. Bu himayəliyin qarşısının alınmasının yeganə yolu qanunun tətbiqidir. Həmin otellər yoxlanılmalı və lisenziyaları ləğv olunmalıdır”.
"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova da hesab edir ki, motellər və şəhər kənarındakı otellərin əksəriyyəti məhz əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Hətta bizə daxil olan şikayətlərdə bu cür obyektlərdə qeyri-qanuni görüntülərin çəkildiyinə dair faktlar da əks olunub. Təbii ki, bütün bunlar yolverilməzdir. Əxlaqsız hərəkətlərin və xoşagəlməz cinayətlərin qarşısının alınması üçün həmin motellərin fəaliyyətinə və onlardan istifadə edənlərin giriş-çıxışına nəzarət edilməlidir: "Fazil Mustafa çox haqlı olaraq vurğulayıb ki, priton kimi fəaliyyət göstərən motellərin əsas sahibləri rütbəli məmurlardır. Məhz bu səbəbdən də onlarla mübarizə aparmaq və fəaliyyətlərini nəzarətdə saxlamaq mümkün olmur. Dəfələrlə şahidi olmuşuq ki, hansısa bir motelin qanunsuz fəaliyyəti ilə bağlı şikayət daxil olan kimi əsl sahibi dərhal müdaxilə edir və problemi ört-basdır edir. Qanuni sənədlərdə isə onların direktoru adi bir kimi göstərilib. Son zamanlar motellərdə və kiçik otellərdə qeydə alınan qətl hadisələrini əldə əsas tutaraq bu sahədə çox ciddi təmizləmə işləri aparmaq olar. Çünki baş verən cinayət hadisələrini havadarlar ittiham və ya böhtan kimi dəyərləndirib, ört-basdır edə də bilməz. Faktlar göz qabağındadır. Təkcə cinayət qeydə alınan motellər yox, fəaliyyətdə olan motel və kiçik otellərin hər birində təxirəsalınmaz yoxlamalar aparmaq lazımdır. Həmin otellərin təsisçisinin, istifadəçisinin kimlər olduğu cəmiyyətə açıqlanmalıdır. Onu da deyim ki, bu cür motel havadarları arasında elə Fazil bəyin həmkarlarına da rast gəlmək olar”.
Himayədarlara rəğmən əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən motellərin fəaliyyətinin dayandırılmasını vacib hesab edən İradə xanım deyib ki, buna nail olmaq üçün də mütləq şəkildə motellərin əsl sahibləri ifşa olunmalıdır: "Fəaliyyəti haqqında söz-söhbət yayılan motellərin müdafiəsinə qalxan, orada aparılacaq yoxlamalar üçün əvvəlcədən "tapşırıq” verən adamlar nəzarətə götürülməlidir. Həmin obyektin o şəxsə aid olub- olmadığına dair araşdırmalar aparmaq lazımdır. Motellərin əsl sahiblərinin kimliyi hər nə qədər kommersiya sirri olsa da, bunu açığa çıxartmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, üzərinə düşmək lazımdır. Məmurların kommersiya fəaliyyəti qadağan olduğu üçün onlar bunu qohumlarının və ya özlərinə yaxın adamların adına rəsmiləşdirirlər. Ona görə də müvafiq qurumlar lisenziya verərkən bu məsələyə ciddi önəm verməlidir. Ucqar yerlərdə, şəhər kənarlarında motel açmaq üçün lisenziya istəyən şəxslərin arxasının kimə dayandığını öyrənmək lazımdır”.
İ.Cavadovanın sözlərinə görə, motellərin və şəhər kənarında fəaliyyət göstərən kiçik otellərdə qeydə alınan cinayətlərin, axlaqsızlıqların qarşısını almağın ən optimal variantı həmin obyektlərin birdəfəlik ləğv olunmasıdır: "İndiyə qədər onların fəaliyyətinə kifayət qədər şərait yaradılıb və himayədarları tərəfindən qorunub. Bundan sonrası üçün bütün motellərin lisenziyası ləğv olunmalı və qeyri-qanuni şəkildə bu cür obyekt işlədən şəxslər isə məsuliyyətə cəlb olunmalıdır. Biz artıq dəfələrlə şahidi olmuşuq ki, əxlaqsızlıq yuvası kimi fəaliyyəti təsdiqlənən motellərin sadəcə maddi vəsaitlə cərimələnməsi heç bir effekt vermir. Ara sakitləşəndən sonra onlar yenə də "bazar” açır. Motellərin lisenziyası ləğv olunmasa, bu cinayətlərin ardı-arası kəsilməyəcək. Çünki ilk yarandığı gündən bu obyektlərin əxlaqsızlıq yuvası kimi fəaliyyəti nəzərdə tutulur. Nəyə görə, "Hilton”, "Abşeron” kimi 4-5 ulduzlu otellərdə əxlaqsızlıq yuvasının aşkarlandığını eşitmir, əri tərəfindən qətlə yetirilən qadın meyitini tapmırıq? Çünki orada çox ciddi nəzarət var. Həmin otellər öz imiclərinə düşkün olduqları üçün bu cür qanunsuzluqlara şərait yaratmırlar. Bu isə o deməkdir ki, bu cür hadisələrin məhz ucqar otellərdə, motellərdə qeydə alınması təsadüf deyil. Hətta motellərin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi bir çox insanın da iş imkanlarını məhdudlaşdırır. Ona görə ki, özünə hörmət edən insan motellərdə işləyə bilmir, ehtiyatlanır. Adlı- sanlı otellərdə məmnuniyyətlə işləyən gənclərimiz var”.
Şəymən