Fikir ayrılıqları və mübahisələr var

Buna görə “Elm siyasəti haqqında” qanun ləngiyir
Nizami Cəfərov: “Sual doğuran məsələləri həll etmək üçün geniş təhlillər aparılmalıdır”



Musa Qasımlı: "Layihənin Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilir”

Uzun zamandır müzakirə olunmasına rəğmən "Elm siyasəti haqqında” qanun layihəsi hələ də qəbul olunmayıb. Layihənin hətta bir neçə dəfə Milli Məclisin plenar iclaslarına salınacağı ilə bağlı məlumatlar yayılsa da, sonradan söyləntilər özünü doğrultmayıb. Hansı ki, layihə ilə bağlı ictimaiyyətdə də müsbət rəy formalaşıb və bu qanunun Azərbaycan elmini yeni bir inkişaf səviyyəsinə çıxaracağı gözləntiləri var.

Qeyd edək ki, sözügedən layihə yenidən parlamentin gündəliyinə daşınıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyevin verdiyi məlumata görə, "Elm siyasəti haqqında” qanun layihəsi noyabrın 5-nə qədər Milli Elmlər Akademiyasında müzakirə olunacaq. O bildirib ki, sözügedən qanun layihəsi noyabrın 5-də Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunacaq. Təbii ki, "Elm siyasəti haqqında” qanunun qəbulunun yenidən aktuallaşdırılması elm xadimləri üçün sevindirici xəbər kimi dəyərləndirilməlidir. Çünki elm sahəsində çalışanlar uzun müddətdir bu qanun layihəsinin, nəhayət, qəbul olunacağını səbirsizliklə gözləyirlər.

Qanun qəbul olunacağı təqdirdə vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq.

Bu sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapıb.

"Elm Haqqında” qanunun gecikməsinin müxtəlif səbəbləri olduğunu vurğulayan millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, layihənin müzakirəsi zamanı müəyyən fikir ayrılıqları və mübahisəli məsələlər olduğu üçün qanun yubanır: "Elm haqqında” qanun layihəsi Şəmsəddin Hacıyevin rəhbərliyi ilə Elm və təhsil komitəsi tərəfindən hazırlanıb. Layihə ilə bağlı xeyli məlumatlıyam və zənnimcə də, kifayət qədər mükəmməl bir qanun layihəsidir. Bəzi maddələr tam hazır olsa da, qanunda həm təhsil, həm də elmin özü ilə bağlı bir sıra mübahisəli məsələlər var idi. Bilirsiniz ki, dünyanın bir sıra ölkələrində, eləcə də postsovet məkanında Elmlər Akademiyasını ləğv edib, ya da Akademiyanın əvvəlki nüfuzunu aradan qaldırıblar. Amma bizdə isə əksinə, Milli Elmlər Akademiyası öz statusunu daha da genişləndirib və qarşısında çox geniş imkanlar açılıb və qanunda da öz əksini tapıb ki, bu struktur qalacaq. Həmçinin layihədə elm sahəsi və onun təşkili ilə bağlı bəzi strukturlar var ki, onların qalıb-qalmama məsələsi sual altında idi. "Elm haqqında” qanunun qəbulunu gecikdirən mübahisəli məsələlərdən biri də AMEA-nın magistratura təhsili verib-verməmə məsələsi idi. Fəlsəfə üzrə elmlər namizədi və ya bu və ya digər elm sahəsi üzrə elmlər doktorunun müdafiə prosesi EA ilə paralel universitetlərdə də aparılır. Halbuki, bu məsələ konkret AMEA-nın səlahiyyətlərinə aiddir”.

Elm sahəsinin mürəkkəb bir sahə olduğunu vurğulayan akademikin sözlərinə görə, elmlə bağlı hər hansı bir qanun qəbul etməzdən əvvəl bütün mübahisəli məsələləri aradan qaldırmaq, fundamental məsələləri həll etmək lazımdır: "Qanunda açıq qalan mövzulardan biri də Ali Attestasiya Komissiyasının mövcudluğu idi. Bəzi adamlar hesab edir ki, bu quruma ehtiyac yoxdur və fəaliyyəti dayandırılmalıdır. Müəyyən qrup adamlar isə əksini düşünür. Mübahisəli məsələlərdə də söhbət yalnız gözünü yumub, "hə”, "yox” deməkdən getmir. Bununla iş bitsə, "Elm haqqında” qanun çoxdan qəbul olunmuşdu. Sual doğuran məsələləri həll etmək üçün geniş təhlillər aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, ATK-sı ləğv olunsa, onun missiyasını hansı qurum əvəz edəcək və həmin qurum o funksiyanı necə yerinə yetirəcək. Əgər Komissiyanın səlahiyyətləri universitetlərin özlərinə verilsə, o zaman heç şübhəsiz, nəzarət zəifləyəcək və ortaya külli miqdarda elmlər namizədi, doktorlar çıxacaq”.

N.Cəfərov onu da deyib ki, sadəcə qanunu qəbul etməklə məsələ bitmir, gərək onun mexanizmi də olsun: "Hər halda hər şey müzakirələrdən sonra bəlli olacaq. Ümid edirəm ki, gec olsa da, qanunun qəbulundan sonra icra mexanizminə düzgün əməl olunacaq”.

"Elm və siyasət haqqında” qanun layihəsinin artıq hazır olduğunu vurğulayan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili, professor Musa Qasımlının sözlərinə görə, layihənin Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilir: "Hesab edirəm ki, layihənin müzakirəsində ölkəmizin elm idarələri ilə universitetlər və ekspertlər yaxından iştirak etməlidir. Layihədə dövlətimizin elm siyasəti, elmin təşkili, vəzifələri nəzərdə tutulub. Dövlət elm məsələləri ilə yanaşı, bələdiyyə, ictimai, özəl elm ocaqlarının yaradılmasını da nəzərdə tutub. Bundan əlavə, layihədə alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün geniş proqramlar öz əksini tapıb. Mənzili olmayan alimlərə ev tikmək üçün yerli icra hakimiyyətlərinin qərarı ilə torpaq sahəsinin ayrılması, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan alimlərə, xüsusən də gənc alimlərə növbəsiz mənzil verilməsi, elmi tədqiqatların maliyyələşdirilməsi, xarici ölkələrə ezamiyyətlər, elmi dərəcələrə görə verilən məvaciblərin bir neçə dəfə artırılması öz əksini tapıb. Zənnimcə, layihə qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan elminin inkişafında yeni bir mərhələ başlayacaq”.

Şəymən