Fransa metromuzu Avropa standartlarına uyğunlaşdıra bilər

Vüqar Bayramov bu əməkdaşlığı təqdir edir

Fransa Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlıdır. Bu barədə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş zamanı deyib.

O qeyd edib ki, ölkəsi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələrində iştirak etməkdə, habelə hava nəqliyyat sahəsində əməkdaşlığa maraq göstərir.

Fransanın Bakı metropoliteninin yenidən qurulması ilə bağlı ölkəmizlə əməkdaşlığından danışan iqtisadçı-ekspert Vüqar Bayramov Fransa şirkətlərinin Azərbaycanda bəzi dövlət qurumlarının, binaların tikintisində iştirak etdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, əməkdaşlıq həm xidmət keyfiyyətinin artırılmasına, həm də investisiyanın cəlb edilməsinə imkan yaradacaq: "Ümumiyyətlə, Fransa metronun inşasında və yenidən qurulmasında təcrübəsi olan ölkələrdən biridir. Bu baxımdan Fransa ilə Azərbaycan arasında müxtəlif inşaat sahələrinin əməkdaşlığı olub. Təbii ki, bu kontekstdən Fransanın Bakı metropoliteninin yenidən qurulmasında və eləcə də genişlənməsində iştirakı arzuolunandır. Bir tərəfdən daha uyğun standartların cəlb edilməsinə nail olmaq mümkün olsa da, digər tərəfdən bu, büdcədən kənar mənbələrin tapılmasına belə imkan yarada bilər. Bu baxımdan Fransa ilə Azərbaycan arasında əməkdaşlıq birmənalı şəkildə təqdirəlayiqdir. Həmçinin metro nəqliyyatında xidmət keyfiyyətinin Avropa standartlarına uyğun olmasına nail olmaq mümkün olacaq”.
"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə deyib ki, Fransa ilə ölkəmizin əməkdaşlıq memorandumu, hətta bəzi müqavilələri var: "2015-ci ildə alınan qatarlarımızı Fransanın şirkətindən bağladığımız müqaviləyə əsasən almışıq. Biz onsuz da Fransa şirkətləri ilə işləyirik, hər hansı bir maneəmiz yoxdur”.
Yeganə Bayramova