Gəldilər, bəyanat verdilər, getdilər...

Qarabağ münaqişəsinin həlli dünya güclərinin maraq dairəsində deyil



Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın yeganə ciddi problemidir. 20 ildən artıqdır ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanlarımızı səfərbər etsək də, təəssüflər olsun ki, bugünə qədər nəticə əldə etmək mümkün olmayıb. Münaqişənin həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq vasitəçilər isə indiki status-kvonu qoruyub saxlamaq və hərbi əməliyyatların real müharibə fazasına keçməsinə mane olmaqdan başqa heç bir iş görməyiblər.

Hətta vasitəçilər öhdəlik kimi qəbul etdikləri atəşkəs rejimini belə qoruyub saxlamaqdan aciz qalıblar.

Məlumdur ki, beynəlxalq hüquqlar və təhlükəsizlik sistemi düzgün işləmir. Bu səbəbdən də ABŞ-ın maliyyəsi ilə ayaqda duran BMT-nin əhəmiyyətsiz qətnamələrindən ciddi bir şey gözləməyə dəyməz. Qərbi ikili standartlarda ittiham edən Rusiya da postsovet ölkələrində münaqişələrin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Ona görə Kreml tərəfindən verilən bəyanatlar da ciddi qəbul olunmur. Rusiya, arxasınca Fransa və ABŞ rəsmilərinin münaqişənin həlli ilə bağlı verdikləri ümidverici bəyanatların özünü doğrultmadığını görən bəzi ekspertlər vasitəçi həmsədrlər arasına Almaniya və Türkiyənin də qatılmasını təklif ediblər. Amma hələlik bu versiyanın da reallaşması qeyri-realdır. Yəni çoxlarının dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi həqiqətən dalana dirənib. Ancaq istənilən halda problem öz həllini tapmalıdır, özü də Azərbaycanın xeyrinə. Xüsusən son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edib. Bəs, 20 ildən artıq yaşı olan münaqişə necə həll olunmalıdır? Hər zaman vurğulandığı kimi, sülh və ya müharibə yolu ilə, yoxsa hələlik qeyd olunmayan başqa variantlar da var? Ekspertlər düşünür ki, münaqişənin həllində Azərbaycanın hələlik siyasi-diplomatik vasitələrə üstünlük verməsi dövlətimizin təhlükəsizliyinə təminat yaratmaq məqsədi daşıyır. Ancaq təhlükəsizlik təmin olunduğu təqdirdə hər şey tamamilə dəyişə bilər.

Millət vəkili, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov deyib ki, ATƏT-in qərarları dövlətlər üçün öhdəliklər yaratmır, siyasi niyyət və tövsiyə xarakteri daşıyır. Məcburedici tədbirlərin tətbiqi sadəcə BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətindədir. Ona görə də, Dağlıq Qarabağ probleminin həlli bu orqana aiddir: "Minsk Qrupu bizim başımızı qatmaqla, vaxt udmaqla məşğuldur. Bu da ermənilərin xeyrinə işləyən amildir. Biz dəfələrlə məsələnin sülh yolu ilə həllinin BMT Təhlükəsizlik Şurasına verilməsində gördüyümüzü bildirərək, ATƏT-in Minsk Qrupunun bu missiyanın öhdəsindən gələ bilməyəcəyini vurğulamışıq”. Deputat prezidentlər arasında görüş təşkil etməyə çalışmağın mənasız olduğunu bildirib: "Şəxsən mən belə görüşlərin tam əleyhinəyəm. Axı cənab İlham Əliyevdən fərqli olaraq, Ermənistanın prezidenti müstəqil söz sahibi deyil. Birincisi, bu ölkəni o idarə etmir, ölkəni idarə edən, xaricdə yaşayan erməni diasporu və Rusiyadır. Söz sahibi olmayan belə bir prezidentlə görüşməyin mənası varmı? Artıq həyat göstərir ki, bu görüşlər əhəmiyyətsiz bir şeydir”.

Münaqişənin həlli yollarından danışan millət vəkilinin sözlərinə görə, konkret bir istiqamət seçib və onu açıq bəyan etmək danışıqlar prosesində manevr imkanlarımızı məhdudlaşdırar: "Məsələni hansı yolla həll etmək olar - müharibə, yoxsa sülh? Hər iki yolu vəhdətdə götürməliyik, yəni "sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq”. Hesab edirəm ki, mövqeyimiz nə qədər ciddi, əzmimiz nə qədər kəskin olarsa, sülh danışıqları üçün hazırlanan təkliflər də Azərbaycanın maraqlarına bir o qədər uyğun olar. Hər bir halda bir qarış da torpağı erməni millətçilərinə vermək olmaz. Çünki ərazidən qiymətli heç nə yoxdur. Gəlin, göstərək ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəyir və buna hərtərəfli tam hazırdır. Neçə illər keçsə də, torpaqlarımızı erməni qəsbkarlarından, terrorçu-separatçılarından təmizləyəcək. Biz bu inamı və əzmimizi ortaya qoymalıyıq, heç kimə ümid etmədən öz torpaqlarımızı düşmən tapdağından azad etməliyik”.

İ.İsmayılovun fikrincə, hər bir problemi həll etmək üçün ilk növbədə vasitə axtarmaq lazımdır: "Fəaliyyətsizliyə bəraət qazandırmaq üçün səbəb uydurmaq ağılsızlıqdır. Müharibəni qan-qada, fəlakət gətirən hal kimi dəyərləndirənlərə isə Fransanın əfsanəvi generalı və dövlət başçısı De-Qolun sözlərini xatırlatmaq yerinə düşərdi: "Əgər doğrudan da, müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir”. Biz son qələbəmizə tam inanmalı və bu istiqamətdə bütün imkanlarımızı səfərbər etməliyik. Təhlükələrdən qorxub çəkinməməliyik”.

Politoloq Qabil Hüseynli də bildirib ki, özünü SSRİ-nin varisi hesab edən Rusiya Cənubi Qafqaz respublikalarına təzyiq vasitəsi kimi bu münaqişənin davam etməsində maraqlıdır: "Dağlıq Qarabağ məhəlli münaqişə deyil. Mən problemə məhəlli deyil, daha çox beynəlxalq problem kimi baxıram. Dağlıq Qarabağ probleminin yaranmasında və bu qədər uzanmasında xarici ölkələrin müxtəlif maraqlarının olması şübhəsizdir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti göz qabağındadır. Dəfələrlə həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmadığı barədə fikirlər səslənib. Beynəlxalq təşkilatlar bu münaqişəni həll edə bilmirsə, onda gəlin düşünək. 90-cı illərdən sonra Çeçenistan milli müstəqillik uğrunda mübarizəyə qalxdı. Ancaq müəyyən zaman və məkan müstəvisində Rusiya onu daxili işi elan edərək gündəmdən çıxartdı. Çox da uzaq tarix olmayan İraq məsələsi gözümüzün qarşısındadır. Yuqoslaviya kimi bir dövlət dünya xəritəsindən silindi. Deməli, Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşılmasaydı, bu problemin həllinə yaxınlaşmaq mümkün idi. Dünya dövlətlərinin bu məsələdə konkret yekun sözünü deməməsi həmin ölkələrin Qarabağ problemində üst-üstə düşən və toqquşan maraqlarıdır”.

"Münaqişənin gələcək həlli necə olacaq” sualına isə politoloq belə cavab verib: "Təbii ki, bu münaqişələrin həlli gec-tez mümkün olacaq. Sadəcə olaraq zaman və məkan məsələsi var. Biz problemi həll etmək üçün danışıqları davam etdirməklə bərabər ordumuzu da gücləndiririk. Azərbaycanın hərbi potensialı gündən-günə artmaqdadır. Fikrimcə, bu, uğurlu siyasətdir. Cənubi Qafqazda sabitlik üçün bir az zaman lazımdır”.

AMİP-in sədri, politoloq Yusif Bağırzadə isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya-Türkiyə yaxınlaşması ilə mümkün ola bilər: "Rusiya regionda güc sahibidir və Qarabağ münaqişəsinin yaranmasında mühüm rolu var. Mümkündür ki, Putin-Ərdoğan və İlham Əliyev görüşlərində müəyyən razılıq əldə edilib. Sadəcə hələlik bu məsələnin üzərinə getmək istəməyiblər. Şəxsən mənim qənaətim belədir ki, Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rolu olacaq. Ona görə ki, Ermənistan Rusiya üçün lazımsız bir dövlətə çevrilib. Nəzərə alın ki, Cənubi Qafqazda Ermənistan Rusiya üçün vacib instrument idi, bu ölkədən Azərbaycana, Ermənistana və bəzən Türkiyəyə qarşı istifadə edilirdi. Türkiyə-Rusiya yaxınlaşması isə Ermənistanın əhəmiyyətini itirir və tədricən bu ölkənin gerçək mahiyyəti, rolu ortaya çıxır”.

İsmayıl