Məmməd Gülməmmədov:"Blogerlik eyni zamanda xüsusilə hansısa sahələrdə peşəkar jurnalistin yetişməsinə şərait yaradır"
"Blogerlik bütün dünyada ən parlaq dövrünü yaşayır”.
Bu barədə "Sherg.az”a şəxsi internet blokları və blogerlərin fəaliyyəti haqqında danışarkən "Ölke.az" saytının baş redaktoru Məmməd Gülməmmədov bildirib.
O vurğulayıb ki, Azərbaycanda blogerlik bir müddət geniş vüsət alsa da, dünyanın əksinə olaraq, hazırda bu proses geri gedir:
"Səbəb odur ki, blogerlər konkret hansısa sahədən yazmır, mətbuat kimi ümumi fəaliyyət göstərirdilər. Ona görə, müəlliflər bütün bu sahələri işləməkdən yorulur və zamanla blogerliyi dayandırırlar. Dünyadakı blogerlik isə bir növ ixtisaslaşmış xarakter daşıyır. Kimi təhsil, kimi səhiyyə, kimi mətbəx, kimi siyasi analitika və s.dən yazır.
Gələcəkdə blogerlik mətbuatla yanaşı addımlayacaq. Rusiyada KİV haqqında qanuna dəyişiklik edildi. Müəyyən olunmuş bir günlük oxucu say limitini keçən blogerlər Rusiyada KİV haqqında qanunun bütün məsuliyyətini daşıyırlar. Beləliklə, onlar bir media orqanı kimi qəbul edilirlər. Bu təcrübə artıq bir çox dünya ölkəsində də mövcuddur.
Blogerlik eyni zamanda xüsusilə hansısa sahələrdə peşəkar jurnalistin yetişməsinə şərait yaradır. Dünyada çox məşhur blogerlər var. Bu gün blogerliklə yanaşı "Youtuber” deyə anlayış formalaşıb. Azərbaycanda buna "viner” deyilir. "Youtuber”lər də bu sahədən pul qazanır.
Blogerlik bütün dünyada qəbul edilən, ciddi yanaşılan sahədir. Bəzən hətta çoxtirajlı beynəlxalq mətbuatlar belə hansısa blogerin məlumatına istinad edir. Müasir junralistikada buna, demək olar, hər gün rast gəlirik. Düşünürəm ki, Azərbaycanda və dünyada blogerlik yenidən parlaq günlərinə qayıdacaq. Blogerlik dünyada bir çox universitetlərdə nəzəriyyə olaraq, tədris edilir.
Blogerliyə hər hansı məhdudiyyət qoyulması düzgün deyil. Müəyyən qaydalar nəzərdə tutula bilər. Rusiya nümunəsində olduğu kimi elektron vasitə ümumi ictimai rəyə təsir edirsə, ictimaiyyət qarşısında cavabdehlik daşımalıdır. Məsuliyyətini dərk edən blogerlər isə məsələnin qanuni tərəfi ilə razılaşmalıdır. Amma hər hansı şəkildə məhdudiyyətlər qoyulmasının tam əleyhinəyəm”.
Aysel Aslan