Şəkər xəstələri çarəsiz qalıblar, nazirlik isə deyir ancaq Bakını dərmanla təchiz edirik
Gəncədə insulin çatışmazlığı ilə bağlı məlumatlar var. Gəncəlilərin yerli KİV-lərə verdiyi xəbərə görə, şəkərli diabet xəstələri 3 aydır ki, insulin və şəkərsalıcı başqa dərmanlarla təmin edilmirlər. Gəncədə 10 mindən artıq şəkərli diabet xəstəsi qeydiyyatdadır.
Xəstələrin lazımi dərman preparatları ilə təmin edilməməsi onların vəziyyətini hər keçən gün ağırlaşdırır. Şəkər xəstələri buna qədər dərman preparatlarını poliklinikalardan "qırğınla” əldə etdiklərini, lakin son 3 ayda onlara ümumiyyətlə, heç bir dərman preparatı verilmədiyini deyirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli ilə əlaqə saxladıq. A.Qədirli "Şərq”ə açıqlamasında qeyd etdi ki, bölgələr üzrə dərman təchizatını hər bir rayonun icra hakimiyyəti həyata keçirməlidir:
- Səhiyyə Nazirliyi ancaq Bakı şəhəri üzrə dərman təchizatına məsuldur. Bölgələrdə isə bu vəzifə rayon icra hakimiyyətlərinin öhdəsindədir. Rayon icra hakimiyyətləri dərman preparatlarının alınmasını yerli büdcədən təmin etməlidirlər. Büdcədən səhiyyə sahəsinə, o cümlədən dərman preparatlarının alınmasına da vəsait ayrılmalıdır. Səhiyyə Nazirliyi isə yalnız Bakının təchizatını həyata keçirir, rayonlara dərman göndərmir.
A.Qədirli bildirdi ki, müvafiq dövlət proqramı çərçivəsində şəkərli diabet xəstələri üçün zəruri olan insulin və başqa preparatlar yerli poliklinikalara verilir. Poliklinikalar isə qeydiyyatda olan xəstələrə pulsuz paylayır. Hazırda 24 belə poliklinika var. Poliklinikalara dərman preparatları həm xəstələrin sayına görə, həm də müraciət əsasında verilir:
- Poliklinikalar qeydiyyatda olan xəstələrin sayını dəqiq göstərməlidirlər, həm də əvvəlcədən nə qədər dərman preparatı tələbatı olduğunu bildirməlidirlər.
A.Qədirli onu da bildirdi ki, ümumiyyətlə, bütün dünyada şəkərli diabet xəstələrinin sayı getdikcə artır:
- Təsəvvür edin ki, Türkiyə və ABŞ-da şəkərli diabet artıq epidemiya şəklini alıb. Azərbaycanda qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 175 min nəfərdir. Ona da deyim ki, son vaxtlar insanların qeydiyyata düşməsi prosesi də sürətlənib. Çünki dərman preparatlarını pulsuz əldə etmək üstünlüyü əldə edirlər.
Məlahət