“Gərək elə ad qoyasan ki, gələcəkdə uşaq xəcalət çəkməsin”

Nizami Cəfərov: “Ad qoymaq insanın dünyagörüşü, təfəkkür tərzi, həm də nə dərəcədə bilikli, savadlı olması ilə bağlıdır”



Oktyabr inqilabından, bolşeviklərin qələbəsindən bəhs edən bir sovet filmi vardı. Filmdə göstərilir ki, bir neçə əsgər atasız-anasız uşağa sahib çıxır. Uşağa ad qoymaq məsələsi ortaya gələndə hərə bir ad təklif edir. Sonunda bu fikrin üzərində dayanırlar ki, uşağa Oktyabr inqilabının "atası” Leninin adını qoysunlar.

Amma Vladimir yox, məhz "Lenin”. Əsgərlər Leninə məktub yazır və onun adını uşağa qoymaq istədiklərini bildirirlər. Lenindən cavab gəlir ki, Lenin ad deyil, təxəllüsdür. Başqa ad fikirləşsinlər. Əsgərlər nəhayət Leninə uyğun bir ad tapır - uşağa Vladimirlə Leninin birləşməsindən yaranan Vladlen adını qoyurlar.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bəzən əhalimizin övladlarına əcaib-qəraib adlar qoymaq istəyi barədə açıqlaması yadıma həmin filmi saldı.

S.Sadıqova qeyd edir ki, ötən il komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub. Bunlardan 200-nə müsbət cavab verilib, 86 müraciət isə mənfi cavablandırılıb, yəni göstərilən adların qoyulmasına icazə verilməyib. Məsələn, Əkbər İmran, Şuşa Emin, Yaqub Qalib... Həmçinin adların Azərbaycan dilinin qramatik qaydalarına zidd formada yazılış qaydasına da icazə verilməyib.

Təbiidir. İnsan hansısa tarixi şəxsiyyətə pərəstiş edə, hansısa aktyor və ya aktrisanı sevib onun adını övladına qoymaq arzusunda ola bilər. Amma hər şeyin bir həddi- hüdudu da olmalıdır. Azərbaycan vətəndaşı olan, özünü azərbaycanlı sayan, bu millətə aidliyini iddia edən birisinin əcnəbi adlara aludəliyi anlaşılan deyil. Tutalım, gözəllik və məhəbbət rəmzi hesab edilən Venera planetinin dilimizə daha yaxın Zöhrə qarşılığı olduğu halda qız uşağına niyə Zöhrə deyil də, Venera adı verilməlidir?!

Bu da məlumdur ki, son illər Türkiyə dizi qəhrəmanlarının adlarından istifadə geniş yayılmağa başlayıb. Məsələn, "Adını Feriha koydum” dizisindəki "Emir”ə aşiq olan qız-gəlinimiz oğlan övladına Əmir də yox haa, məhz "Emir” adı vermək istəyir. Sayalı Sadıqova növbəti açıqlamasında bu məsələlərə toxunub. Bildirib ki, bəzi valideynlər övladlarının adlarını Türkiyə dilinə uyğun yazdırmağa cəhd edirlər; Emrah, Metin, Kelebek, Pınar... Belə insanların düşüncə tərzinə həqiqətən də heyrət edirsən. Ruslardan qurtarıb indi də Türkiyə təsirinə düşmüşük. Orta nəsil arasında nə qədər Sveta, Nadya, Rita, Valya, Maya, Ema adları var. Bəlkə də ata-analarının bu adlarda yaxın rəfiqələri olub, onların şərəfinə övladlarını belə adlandırıblar. Bəlkə də qohumda-əqrəbada kiminsə adı beləymiş. Ya da film qəhrəmanlarının adını qoyublar. Uşağa qeyri-azərbaycan adlarının qoyulmasını hətta belə cəfəng səbəblə də izah edirlər ki, guya doğulan uşaqlar sağ qalmayanda başqa millətə mənsub ad qoymaq lazımdı, o zaman uşaq sağ qalır, ölmür (Onda gərək hazırda körpələrə rus-fason adlar çox qoyulsun, çünki körpə ölümlərinin sayı artmaqdadı - red). Məsələn, bizim bir ailə tanışımız vardı, qızının adı Lena idi. Qadın deyirdi ki, buna qədər doğulan körpələri ölürmüş. Kəndin ağbirçəkləri məsləhət görüb ki, bu dəfə uşaq doğulanda rus adı qoy. Ona görə

qızının adını Lena qoyub, uşaq da maşallah sağ-salamat böyüyüb boya-başa çatıb. İndi bir ağıllı "kafa” gərəkdi ki, mövhumatın bu görünməmiş dərəcəsinin elmi izahını versin. Adını "köhnəlik” əlaməti sayıb imtina edənlər də olur. Nə vaxtsa nənəsinin, baabasının şərəfinə qoyulmuş adları bəyənməyənlər var, istəyirlər "modnı” adları olsun - Dəniz, Sevgi, İnci, Dərya, Dalğa və sair və sair hər cür su növünə aid göl və gölməçə adları.

Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov "Şərq”ə açıqlamasında ad və soyad məsələlərinin dünyagörüşü, həm də savadla, təhsillə birbaşa bağlı olduğunu dedi:

- Ad qoymaq məsələsində bir neçə amil var. Bu, həm insanın dünyagörüşü, təfəkkür tərzi ilə, həm də nə dərəcədə bilikli, savadlı olması ilə bağlıdır. O da var ki, bəzən VVAQ şöbələrində çalışanlar arasında da savadsız əməkdaşlar olur. Azərbaycan dilində bəzən danışıq dilində samitlərin önünə sait artırılır. Kimsə övladına ad yazdırmağa gəlir, o ad şivədə, dialektdə necə səslənirsə, eləcə də söyləyir, VVAQ şöbəsi əməkdaşı da deyilən kimi yazır. İbrahim adının İvraham kimi yazıldığının nə qədər şahidi olmuşuq. Qönçəyə Qonça deyirlər və s. Gərək doğum haqqında şəhadətnaməni dolduran şəxs də savadlı, təhsilli olsun ki, belə səhvlərə yol verməsin.

Ad və soyad məsələlərində mən bu fikirdəyəm ki, qadağalardan daha çox tövsiyələrə, maarifləndirmə işlərinə üstünlük verilməlidir. Amma bəzən tövsiyələr, məsləhətlər effekt vermir, o zaman qadağalar işə düşməli olur. Məsələn, bir də gördün, birisi israr etdi ki, uşağın adını Hitler qoymaq istəyirəm. İndi neyləməliyik? Bir adam ki, beyninə yeridib bu adı, deməli, anormaldır. Anormal adamla nə maarifləndirici tərzdə, nə də tövsiyə xarakterli söhbət apara bilərsən. Belədə gərək qadağa işə düşsün. Ona görə qanunla yanaşı maarifləndirici işlər də paralel aparılmalıdır, tövsiyələr də verilməlidir. Amma tövsiyənin də içində gərək tələbə oxşar bir forma olsun.

N.Cəfərov qeyd etdi ki, ad və soyad məsələsində əsas prinsip millilik, bədii-estetik tələblərə uyğunluq olmalıdır:

- Uşağa ad qoyanda gərək milliliyi də düşünəsən, uşağın gələcəyini də düşünəsən ki, gələcəkdə uşaq öz adından xəcalət çəkməsin. Valideyn deyir, uşaq mənimdi, özüm bilərəm nə ad qoyuram. Xeyr, belə deyil. Uşaq valideynin olduğu qədər də cəmiyyətindir. Sabah o uşaq bizim cəmiyyətin bir üzvü olacaq. İnsan hüquqları baxımından da qanun uşağın gələcək hüququnu qorumuş olur. Çünki kiçik yaşında onun əvəzinə ata-anası qərar verir. Bu qərar elə olmalıdır ki, gələcəkdə uşaq ona görə əziyyət çəkməsin. Necə biganə qalmaq olar və ya icazə vermək olar ki, valideyn uşağa Mussolini, Stalin, nə bilim... it, pişik adı qoysun?! Yəni, qanunla hansısa adlar qadağan olunursa, bu, məhz insan hüquqlarının qorunması nöqteyi-nəzərindən düzgündür. Deyə bilərsiniz ki, kimdi indi belə adlar qoyan? Düzdür, mütləq əksəriyyət bunu bilir, ad seçərkən də doğru seçim edir. Amma insan xasiyyəti də mürəkkəbdir. Elə adam var, bilmir, heç bilmək də istəmir. İkincisi, adlar seçilərkən və qoyularkən Azərbaycan dilinin xüsusiyyətləri, dilimizin qramatik qanunlarının pozulmamasına diqqət edilməlidir. Mürəkkəb adlar məsələsi isə bir qədər fərqlidir. Bununla bağlı vətəndaş kəskin iddia nümayiş etdirib qərarında israr da edə bilər. Hətta məhkəməyə müraciət edib uda da bilər. Yenə də biz təbliğatı genişləndirməliyik və vətəndaşlarımızı gözəl adlar seçməyə yönləndirməliyik. Yenə də ilk növbədə tövsiyə xarakterli təkliflər irəli sürülməlidir. Qadağalarsa artıq ən son məqamda, çıxılmaz hallarda tətbiq edilməlidir.

Məlahət Rzayeva