“Getdik, baxdıq, gəldik”

ATƏT-in cəbhə xəttindəki monitorinqinin nəticəsi budur



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq növbəti dəfə martın 4-də təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vaxtaşırı olaraq təmas xəttində monitorinqlər keçirirlər. Gəlirlər, gəzirlər, gedirlər... Reallıq isə ondan ibarətdir ki, indiyədək keçirilən monitorinqlərin heç bir nəticəsi yoxdur. Ermənilər atəşkəsi pozmaqda, Azərbaycan tərəfi düşmənə cavab verməkdədir. Belə olan halda bu monitorinqlərin keçirilməsinin hansı əhəmiyyəti var?

ATƏT-in təmas xəttində keçirilən monitorinqlərini dəyərləndirən millət vəkili Elman Məmmədovun sözlərinə görə, növbəti monitorinq də digərlərindən heç nə ilə fərqlənməyəcək. O bildirib ki, təxminən 2 il bundan öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri və faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərimizə baxmağa gedəndə öncə Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdülər. "Həmin görüşdə üç həmsədr, BMT-nin nümayəndəsi və mən də iştirak edirdim. Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik görüşdə iştirak edirdi. Mən o zaman Kasprşikə sual verdim ki, siz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi olduğunuz vaxtdan üzü bu yana təmas xəttində ən azı 100 dəfə monitorinqlər keçirmisiniz. Axı, bizə heç məlum deyil sizin keçirdiyiniz bu monitorinqlərin məqsədi nədir? Nəticəsi nə olacaq? Sizin vaxtaşırı gedib təmas xəttində keçirdiyiniz monitorinqlərin əgər bir nəticəsi yoxdursa, özünüzə niyə əziyyət verirsiniz, keçirdikləriniz o monitorinqlərin nəticəsi nədən ibarət olur, siz atəşkəsi pozan tərəfə qarşı bu müddət ərzində hər hansı bir təsir göstərə bilmisinizmi? Ermənistan hər dəfə atəşkəsi pozur, hətta siz ora gedəndə dəfələrlə sizi gülləbaran ediblər və siz də qayıdıb qaçmısınız. Siz indiyə kimi Ermənistana qarşı hansı sanksiyanı tətbiq eləmisiniz, hansı cəza tədbiri görmüsünüz, axı nəticəsi nədir sizin monitorinqlərin? Əgər bu monitorinqlərin bir nəticəsi yoxdusa, siz bunu niyə keçirirsiniz? Yoxsa özünüzə xal toplayırsınız? Aldığınız maaşı, məzuniyyət pullarını, ezamiyyət xərclərini, yediyiniz digər pulları silmək üçün, quş qoymaq xatirinə gedib təmas xəttinə çatıb, şəkil çəkdirib qayıdıb gəlirsiniz, sonra da rəhbərlərinizə hesabat verirsiniz. Bunun Azərbaycana, müharibə vəziyyətində olan tərəflərə, bir xeyiri, nəticəsi varmı?” Həmsədrlər mənim suallarıma heç bir cavab verə bilmədilər. Sadəcə olaraq onu dedilər ki, "bu bizim işimizin bir hissəsidir və biz də öz işimizi yerinə yetiririk”. Mən onda həmsədrlərə də irad tutdum ki, siz bundan qabaq da faktaraşdırıcı missiya ilə getdiniz işğal altındakı ərazilərə, o dağıntıları, vandalizmi, qeyri-qanuni məskunlaşmanı görüb gəldiniz, hesabat hazırladınız və ATƏT-ə, BMT-yə təqdim etdiniz. Bu müddət ərzində sizin o hesabatınıza görə hansısa bir tədbir, iş görüldümü, qanunu pozan tərəfə hansısa bir sanksiya tətbiq olundumu? Xeyr, olunmadı. Bəs elədisə, indi bu dəfə niyə əziyyət çəkib qızıldan qiymətli vaxtınızı sərf edir, gəlib-gedirsiniz? Gördüyünüz işin heç bir nəticəsi yoxdusa, bu kimə lazımdı”. Elman Məmmədov deyib ki, cəbhə xəttində monitorinq keçirmək Minsk Qrupu həmsədrlərinin proqram üzrə işlərinin bir hissəsidir ki, onu icra edib öz ağalarına hesabat verirlər ki, "getdik, baxdıq, gəldik”: "Mən bu monitorinqləri ciddi qəbul etmir, nəticəsiz və mənasız bir iş hesab edirəm”.

Şəymən