Gizlətmək olmaz

Kişi, xəstəliyini bilə-bilə ailə qurursa, məsuliyyət daşıyacaq




Azərbaycanda QİÇS xəstəliyi və HİV virusu nikahın pozulmasına səbəb ola bilər. Belə ki, rəsmi evlənən cütlüklərdə belə xəstəlik aşkarlandığı zaman onların məcburi rəsmi evlilik qeydiyyatı ləğv ediləcək.

Bununla bağlı artıq Ailə Məcəlləsinin 13-cü maddəsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur. Təklif Milli Məclisin müzakirəsinə çıxarılmaq üçün tövsiyə olunub.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova nikah zamanı tərəflərdən biri, yaxud hər ikisinin QİÇS xəstəsi və ya HİV daşıyıcısı olduğunu gizlətdikləri təqdirdə cinayət məsuliyyəti daşıdıqlarını istisna etməyib: "HİV daşıyıcısı olan kişi bunu gizlədərək gənc qızla evlənir, xanımını və uşaqlarını da xəstəliyə yoluxma təhlükəsi altında qoyur. Burada bilərəkdən yoluxdurma faktı var. Lakin burada yoluxmanın hansı vaxtda baş verməsi məsələsi də var. Çünki kişinin özü də evliliyə qədər bu xəstəliyin olmasından xəbərsiz ola bilər”.

M.Zeynalovanın sözlərinə görə, adıçəkilən xəstəliklərin daşıyıcıları ailə qurarkən biri-birlərinə bu barədə məlumat verməlidirlər: "Əgər cütlüklər buna baxmayaraq biri-birlərini aldadaraq evlənirlərsə, bu yaxşı hal deyil. Bunu pisləyirəm”.

Ekspert həmçinin nikaha girən cütlüklər tərəfindən tibbi arayışın verilməsinin məcburi olmasına da münasibət bildirib: "Onlar biri-birlərini ailə quran zaman məlumatlandırıblarsa və tibbi arayış tələb olunarsa, bu absurddur.

Məsələn, elə ailələr var ki, kişi HİV-ə yoluxub, qadın sağlamdır. Ancaq qadın bunu bilərəkdən izdivaca razılıq verib və sağlam uşaq dünyaya gətirir. Yaxud da ailə qurduqdan sonra bu xəstəliyə yoluxduğunu bilib. Ümumiyyətlə, tibbi arayışın təqdim olunmaması müəyyən mənada neqativ hallara gətirib çıxarır”.

Hüquq müdafiəçisi Avropa ailə qurma modelindəki tibbi qaydalardan da söz açıb: "Bu ölkələrdə ailə quran zaman cütlüklər gedib müayinədən keçərək bütün sağlamlıq kağızlarını çıxardırlar. Bu, uşaq dünyaya gətirmək və birgə yaşayışları zamanı müəyyən uşaqların qan qrupunu və digər tibbi əlamətləri bilmək baxımdan əhəmiyyətlidir”.

Vüqar Şahinoğlu