Günahkar varsa, məsuliyyətə cəlb olunmalıdır

Şəhid qızına qarşı market sahibi əmək münasibətindən kənara çıxıbsa, bu cinayətdir



Azərbaycan vətəndaşı olan ukraynalı Natalya Nerovnya çalışdığı Bülbülə qəsəbəsindəki "Ballı market”in filialında market rəhbərliyi tərəfindən zorakılığa məruz qalıb. Və 30 min manat borcla "yüklənib”. Bu barədə mətbuata N.Nerovnyanın özü məlumat verib. Şikayətçi qeyd edib ki, market şəbəkəsinin rəhbəri Elman Əsədov ona daim intim təkliflər edib və bu təkliflərdən imtina etdiyi üçün başına hər cür bəlalar açılıb: "E.Əsədov mənə qarşı zorakılıq edərək həm 30 min manat mənimsədiyimə dair "etirafımı” videoya çəkib, həm də maşınımı və qızıllarımı əlindən alıb. E.Əsədov orada işlədiyim müddət ərzində hər zaman mənə intim təkliflər edirdi. Mən isə işimin xətrinə zarafata salır və belə bir münasibətin mümkün olmadığını deyirdim. O hər dəfə deyirdi ki, məni rədd etdiyin üçün səni peşman edəcəyəm, başına oyun açacağam. Mən isə bu sözləri ciddiyə almırdım. İşimin xətrinə yola verirdim, çünki anam xəstə idi. Hətta bu məsələyə görə, iki il öncə bu işdən çıxdım, çox yerdə iş axtardım, lakin tapa bilmədiyim üçün yenidən bu ilin yanvar ayından "Ballı market”ə işə qayıtdım. İyulun 2-də axşam evə gedərkən, məni saxladılar və bildirdilər ki, 30 min manat əskik var. Bunun necə hesablandığını bilmədim. Çünki gündəlik olaraq hesabat verirdim. Müdirə zəng etdilər, müdir gəldi və yenidən bir otağa toplaşıb hesablama apardılar, mənə bildirdilər ki, 30 min manat əskiyin var. "Həmin gün gecə saat 12-yə qədər məni evə getməyə qoymadılar. Məni soyundurub videoya çəkməklə təhdid etdilər və bildirdilər ki, əgər 30 min manat əskiyin olmasını videoda təsdiq etməsən, sənin çılpaq şəkillərin internetdə olacaq. Otaqda E.Əsədovun qohumu olan iki qadın da var idi. Onlar paltarıma əl atıb məni soyundurmağa çalışdılar. Mən isə özümü qorumaq üçün 30 min manat əskik hesabat verdiyimi boynuma aldım. Mənim ifadəmi videoya çəkdilər. Ondan sonra marketdən qaçıb rəfiqəmin evinə getdim. Dərhal Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə üz tutdum. Burada şikayətim üzrə araşdırmalar başladı və sonradan prokurorluq orqanına təhvil verildi.
N.Nerovnyanın vəkili Ceyhun Yusifov söyləyib ki, olayın baş verdiyi gündən bu günə qədər iş üzrə obyektiv araşdırma aparılmayıb: "Natalya Nerovnya üzləşdiyi zorakılıqla bağlı polisə müraciət edəndən sonra polis əməkdaşları marketə gediblər və zorakılığın baş verdiyi ərazidə olan nəzarət kameralarının yaddaşını götürmək istəyiblər. Lakin onlara həmin vaxt demişdilər ki, kameralara nəzarət edən mütəxəssis yoxdur, gəlsin, kameraların yaddaşına baxarsız. İş prokurorluğa göndəriləndən sonra yenidən həmin nəzarət kameralarının yaddaşına baxılması məsələsi qalxdı. İşi Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynov araşdırır. O dedi ki, videonu bizə verməyəcəklər, çoxdan silib atıblar.
Bizim şikayətlərimizdən sonra Suraxanı prokuroru Vaqif Hüseynovu danladı, həmin videonu götürməsini tapşırdı. Sonradan V.Hüseynov dedi ki, guya ora tək gedib, videokameralar xarab imiş. Belə yanaşma ilə iş üçün əhəmiyyətli olan əsas sübutlardan biri yoxa çıxarılıb.
Vəziyyəti dəyərləndirən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, ilk növbədə zərərçəkənin müraciəti əsasında cinayət faktı üzrə cinayət işi başlanılmalıdır. Araşdırmadan sonra burada cinayət tərkibinin olub-olmaması müəyyən oluna bilər. Bundan sonra cavabdehlər məsuliyyətə cəlb oluna bilər. Əmək məcəlləsinə gəlincə, "Gender bərabərliyi haqqında” qanunda və əmək məcəlləsində seksual qısnamaya məruz qalan şəxsə münasibətdə təminatlar var. Sözügedən məsələ təsdiqini taparsa, işəgötürən məsuliyyət daşıyır. Belə hallar varsa, onu ancaq hüquqi normalarla tənzimləmək olar. Məsələ ondadır ki, marketlər şəbəkəsinin rəhbəri əmək münasibətləri çərçivəsindən kənara çıxıb. Burada cinayət tərkibli iş var. Araşdırmadan sonra günahkarın olub-olmaması müəyyənləşəcək. Günahkar varsa, məsuliyyətə cəlb olunmalıdır”.
S.Məmmədov diqqətə çatdırıb ki, vəkil hesab edirsə ki, iş obyektiv araşdırılmayıb, onda qanunvericilikdəki hüquqlarından istifadə etməlidir: "Apelyasiya instansiyasına vəsatətlər verməlidir. Prosedurlardan istifadə etmək lazımdır. Vəkil prosessual məsələləri əsas götürməlidir”.