Günün altında işləmək təhlükəlidir

Fəhlənin günvurmadan ölməsinin məsuliyyəti işə götürənin üzərindədir




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin kəskin istilərlə bağlı işəgötürənlərə ünvanladığı müraciətə rəğmən yenə də tikinti sahəsində, daş karxanalarında işlər davam edir. İşəgötürənlərin bu biganəliyi isə artıq tələfata səbəb olub. Salyan yolu, 32 ünvanında, "Şıx” qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 24 yaşlı Sərxan Şiriyevin vəziyyəti günvurma nəticəsində pisləşib və vəfat edib.

Qeyd edək ki, işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət etməyən işəgötürənlər bir çox hallarda bunun məsuliyyətini üzərindən ataraq, işçilərin özlərinin işləməkdə maraqlı olduqlarını iddia edir. Əslində məsuliyyəti işəgötürənlərin üzərindən götürməsə də, bu iddialarda müəyyən qədər həqiqət payı da var. Doğrudan da. Bir çox hallarda işçilər qızmar günəşə və +41 dərəcə istilərə rəğmən çalışdıqları işə fasilə verilməsində maraqlı olmurlar. Buna səbəb isə iş dayanan zaman işçilərin maddi təminatının da kəsilməsidir. Yəni istilər səbəbindən evdə oturmalı olan işçilərin ailəsi həmin müddətdə pulsuz qalmağa məhkumdur. Bəs, görəsən ekspertlər necə düşünür? Hər iki tərəf haqlı olduğu halda bu məsələ necə tənzimlənməlidir?
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, işçinin sağlamlığına görə cavabdeh işəgötürən şəxs və ya şirkət olduğu üçün fəhlələrin hansısa tələblər qoyması elə bir əhəmiyyət kəsb etmir. Əgər ortada işçilərin sağlamlığına zərər vura biləcək bir hal varsa, yaxud da işin davam etməsi ciddi qanun pozuntusu hesab olunursa, sahibkar kənar təsirlərə düşməməlidir. Çünki əməyin mühafizəsinə görə bütün məsuliyyət onun üzərindədir.
S.Məmmədovun sözlərinə görə, əmək müqaviləsi ilə işləyən işçilərə əmək məcəlləsinə uyğun olaraq boş dayansalar belə, işə götürən tərəfindən onlara ödəniş həyata keçirilməlidir. Amma bizdə əksər sahələrdə işçilər əmək müqaviləsi imzalamır. Maaşlar əldən-ələ verilir. Belə olan halda isə istilərə görə işin dayandırılması işçilərin ziyanına olur. Bu nöqteyi-nəzərdən qızmar istilərə rəğmən fəhlələrin işə davam etmək istəyi də başadüşüləndir. Sağlamlığına ziyan olsa da, günün altında işləyib, 5 manat qazanmaq və evinə çörək aparmaq istəyir. Amma istənilən halda qanun var və onun aliliyi gözlənilməlidir. Qanun isə işçilərin tərəfindədir: "Elə iş yerləri var ki, orada iş prosesinin dayandırılması mümkün deyil. Belə hallarda isə süni şəkildə temperatur tənzimlənməlidir ki, işçilərin sağlamlığına heç bir ziyan dəyməsin. Sex və ya ofis şəraitində işləyən insanlar ventilyator və ya kondisioner sistemi ilə təmin edilməlidir. Amma elə iş yerləri var ki, havanın temperaturunu süni surətdə aşağı salmaq mümkün olmur. Bu zaman da ya iş dayandırılmalı, ya da alternativ variantlar tapılmalıdır ki, iş davam etsə belə, işçilər istidən ziyan görməsin. Əks halda, insan sağlamlığına dəyən hər hansı bir ziyan üçün işə götürənin üzərinə maddi məsuliyyət düşür. İnsan itkisinə görə də bütün məsuliyyət işə götürənin üzərinə düşür. Amma işəgötürən tez-tez fasilə rejimi müəyyən etmək və işçiləri sərinləşdirici içkilər, gündən qoruyucu xüsusi geyimlərlə təmin etsə, işə davam etmək o qədər də təhlükəli sayılmaz. Amma bizim sahibkarların bir qismi bu tədbirlərin heç birinə əməl etmədən 40-45 dərəcənin altında insanları işləməyə vadar edir. Hansı ki, belə temperaturda açıq havada işləyən insanları gün vurmasa belə, istilik onların orqanizminə mənfi təsir edir. Birbaşa görünməsə də, zamanla həmin fəsadlar üzə çıxır və müxtəlif xəstəliklərə səbəb olur. Bu səbəbdən də temperatur 41 dərəcəyə çatdıqda açıq havadakı iş yerlərində, süni yolla soyudulması mümkün olmayan yerlərdə iş dayandırılmalıdır. İşlərin dayandırılması, sərinləmək üçün fasilələrin verilməsi, bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi isə işəgötürənlə Həmkarlar İttifaqları Təşkilatlarının birgə qərarı ilə həyata keçirilir”.