Sadəcə, qonşu ölkə Avropa qaydalarına keçdiyi üçün üç aylıq müddət artıq azərbaycanlılara da şamil olunacaq
Bir müddətdir ki, Gürcüstanla Azərbaycan arasında viza rejiminin tətbiq oluna biləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Qonşu dövləti bu addımı atmağa vadar edən səbəblər Gürcüstanın Avropa Birliyi ilə əməkdaşlıqda növbəti mərhələyə keçməsidir. Belə ki, Gürcüstanın Avropa Birliyi ilə imzaladığı son sənədlərdən sonra bu ölkənin vətəndaşları yalnız Şengen ölkələrinə vizasız səfərlər edə biləcəklər.
Bu dəyişiklik Azərbaycanla əlaqələrə yenidən baxmağa vadar edir. Düzdür, hələlik dövlət səviyyəsində belə bir qərar verilməyib. Amma qeyri-rəsmi məlumatlara görə, belə bir addımın atılmasına hazırlıq getməkdədir və yaxın zamanlarda qərar elan ediləcək. Bəs, yeni dəyişiklik Azərbaycanla Gürcüstan əlaqələrinə necə təsir edəcək? Vətəndaşlarımız qonşu ölkəyə gedərkən problemlə üzləşəcəkmi?
Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov bu sahədə yeniliklərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, artıq miqrasiya sistemində müəyyən qanun dəyişiklikləri mövcuddur: "Bu ilin sentyabr ayından etibarən Azərbaycan da daxil olmaqla, bütün MDB dövlətlərinin vətəndaşları Gürcüstan Respublikasında əvvəlki kimi 180 gün deyil, 90 gün qala bilərlər. Bu da o deməkdir ki, Azərbaycan vətəndaşı 91-ci gün Gürcüstanı tərk etməlidir. Yenidən bu ölkəyə girmək üçün 90 gün gözləməlidir. Yəni öz dövlətinə qayıtdıqdan sonra yenidən Gürcüstana daxil ola bilər. Əlbəttə, bu dəyişiklik Azərbaycan vətəndaşları ilə evlənmiş ailələrə əlavə problemlər yaradır. Ona görə də nəzərdə tutulan yenilik azərbaycanlılar tərəfindən heç də xoş qarşılanmır. Gələcəkdə hazırlanan miqrasiya qanunlarının daha ciddi problemlər yaradacağını düşünürəm. Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bu məsələ Azərbaycan və Gürcüstan arasında ciddi problemin yaranmasına gətirib çıxaracaq”.
Miqrasiya üzrə ekspert, hüquqşünas Azər Allahverənov isə dəyişikliyin iki ölkə arasında gediş-gəlişə problem yaratmayacağı qənaətindədir. Ekspert deyir ki, Gürcüstan Azərbaycana viza tətbiq etmir. Sadəcə, qonşu ölkə Avropa qaydalarına keçdiyi üçün üç aylıq müddət artıq azərbaycanlılara da şamil olunacaq: "Gürcüstan Avropa Birliyinə (AB) inteqrasiya yolunda istər-istəməz miqrasiya qanunvericiliyində dəyişikliklər həyata keçirməlidir. Avropa üçün maraqlı olan odur ki, Gürcüstana gediş-gəliş Avropa Birliyində qəbul edilmiş prosedur qaydalarına əsasən həyata keçirilsin. Dəyişikliyin vətəndaşlarımıza ciddi problemlər yaradacağını düşünmürəm. Çünki vətəndaşlarımız əvvəlki kimi rahat şəkildə Gürcüstana gedib 3 ay ərzində orada qala biləcəklər”.
Ekspertin sözlərinə görə, gələcəkdə Gürcüstan Azərbaycanla viza rejiminə keçərsə, bu, Şengen vizasından fərqli olacaq: "Əgər iki ölkə arasında viza rejimi tətbiq edilərsə və miqrasiya qaydaları Şengen vizasına yaxın olarsa, bu vəziyyət Gürcüstanla Azərbaycan arasında miqrasiya işlərinə bilavasitə təsir edəcək. Bu təsir isə çoxsaylı Azərbaycan vətəndaşlarının Gürcüstana getməsi, həmçinin, Gürcüstan vətəndaşlarının ölkəmizə gəlməsi prosesinə mənfi təsir göstərəcək. Lakin inanmıram ki, Azərbaycan və Gürcüstan arasında viza rejimi tətbiq edilsin”.
İsmayıl