Gürcüstan müsəlmanları təxribata çəkilir

Oradakı məscidlərdə baş verənlərin arxasında Rusiyanın dayanması istisna deyil




Gürcüstan müsəlmanlarının dini inanclarına təhqiramiz baxış və onu aşağılama prosesi getdikcə dərinləşir. Bunu müsəlman məscidlərinə qarşı aparılan təxribatlarda aydınca müşahidə etmək olur. Təxribatların törədilmə səbəbləri barədə isə müxtəlif fikirlər səslənir.

Kimi bunu ermənilərin, kimi isə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını istəməyən rusprəsət qüvvələrin ayağına yazır. Bununla belə hadisələrin gizlinləri haqda indiyə qədər konkret fakt ortaya qoyulmayıb. Bu da vəziyyətin getdikcə qəlizləşməsinə yol açıb. Proseslər o qədər mürəkkəbləşib ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ciddi narahatlığını ifadə edib. O bildirib ki, müsəlman məscidlərində törədilən təxribatların arxasında ermənilər və digər Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq istəyən qrupların əli var: "Bu qruplar təxribatlar vasitəsi ilə Gürcüstanda dini zəmində qarşıdurma yaratmaq istəyirlər. Amma ordakı azərbaycanlılar, o cümlədən Gürcüstan parlamentində olan azərbaycanlı deputatlar, din nümayəndələrimiz bu təxribatları yaxşı görməlidirlər və görürlər. Təmkinli xalqıq və təmkinimizi də nümayiş etdiririk”.

M.Qurbanlı diqqətə çatdırıb ki, məsələ Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdə də geniş müzakirə olunub: "Bundan başqa, Gürcüstanda dini məsələlər ilə bağlı yeni yaradılan idarənin rəhbərini Azərbaycana dəvət edəcəyik və onunla da məxsusi söhbətimiz olacaq. Hazırda rəsmi Tiflis bildirir ki, baş verənlər ölkə hüquq-mühafizə orqanlarının diqqətindədir. Lazımi ölçülər götürüləcək”.

Müsəlman məscidlərinə qarşı başladılan təxribatların pərdə arxasını şərh edən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu narahatedici küləklər Rusiyadan əsir: "Şimal qonşumuzun dini və etnik zəmində qarşıdurma yaratmaq planları həmişə olub. Amma iflasa uğrayıb. Üstəgəl, gürcü cəmiyyətinin içərisində radikal düşüncəli dini mənsubiyyət sahibləri var. Onların qurumları da mövcuddur. Həmin qurumlar müəyyən statusa malikdirlər. Bunun özü bir dözümsüzlük əlamətindən biridir”.

Birlik sədrinin sözlərinə görə, Moskva Azərbaycan-Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətini məhv etmək istəyir: "Onların arzuolunmaz niyyətlərinin elementləri zaman-zaman qabarıb. Önləyə bilmişik. Hətta sabiq dövlət başçısı Mixeil Saakaşvilinin dönəmində də belə məsələlərin şahidi olurduq. Məsələn, müsəlman məscidlərində keşikçilər növbətçilik edirdi. Halbuki bu, bir əndazəyə sığmır. Günün günorta çağı müsəlmanların ibadət ocağına girib, ibadəti pozurdular. 6 ay, bir il bundan öncə minarə məsələləri gündəmə gəlmişdi. Bundan sonra müavinim Gürcüstana buraxılmır. 3 aydır müraciət edirik, baxan yoxdur. Nə baş verir? Dini və etnik zəmində qarşıdurma üçün zəminlər hazırlanır. "Borçalı” Cəmiyyətinin ora buraxılmamasının adı nədir? Savaşa çağırırlar. Amma getmirik. Əslində önləyirik. "Borçalı” Cəmiyyəti bu xətti tutub. Əks halda, Kreml bundan istifadə edib, bölgəyə girə bilər. Bu da Qafqazın çöküşünə gətirib çıxarar”.

Bununla yanaşı, Z.Məmmədli hesab edir ki, gürcü siyasi partiyaları və mediası məsələyə laqeyd yanaşmamalıdır: "Prosesin böyüməsinin qarşısı alınmalıdır. Dini və etnik zəmində baş verən ziddiyyətlər bir alovdur. Alov pərvazlanandan sonra onunla bacarmaq çətin olur. Çağırışım Gürcüstan siyasi hakimiyyətinədir. Bu cür məsələlərə yol verilməməlidir”.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan nəinki Gürcüstanda, dünyada yaşayan soydaşlarımızın dini inanclarının toxunulmazlığı məsələsini konkret olaraq ortaya qoymalıdır: "Gürcüstanın müvafiq qurumları ilə anlaşmalar olmalıdır. Bir az iddialı olub, bunları tələb etsək, gürcü cəmiyyəti də qəbul edəcək. Baxın, hazırda ölkəmizdə müxtəlif dini cərəyanlar var. Və onların azad şəkildə ibadəti təmin olunur. Hörmətlə yanaşılır. Gürcüstanda da müsəlmanlara həssas yanaşılmalıdır. Bunu rəsmi Tiflisdən tələb etməliyik. Burda ağıllı, dinamik və iradəli dövlət siyasətinin ortada olması vacibdir. Azərbaycan tərəfi bəyan etməlidir ki, bu yol Qafqazın bütövlüyünü təhlükə altına alır. Prosesləri durdurmaq lazımdır”.

"Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov isə deyib ki, bu, dünyada gedən islamafobiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, islam ölkələrində açıq şəkildə baş verən hadisələrin ssenaristləri, qərbin imperialist gücləri tərəfindən idarə olunur: "Gürcüstan müsəlmanlarını dövlətdən narazı salmaq istəyirlər. Bu məkanda uzun illərdir bərabər şəkildə və dinc formada yaşayan xalqlar arasına nifaq toxumu səpmək, görəsən, Gürcüstanın hansı siyasətindən xəbər verir? Bunu birgə düşünmək lazımdır”.

Ayyət Əhməd