Gürcüstana get, 90 gün kef elə...

Viza rejiminə edilən dəyişikliklər soydaşlarımızı narahat etmir



Əcnəbi vətəndaşların Gürcüstan ərazisində qalma şərtlərinə edilmiş son dəyişikliklər bu ölkəyə qısamüddətli səfər edən Azərbaycan vətəndaşlarına şamil edilməyəcək. Bu məlumat Gürcüstanın Azərbaycandakı səfirliyindən verilib. Diplomatik missiyadan bildirilib ki, Azərbaycan vətəndaşları Gürcüstana səfər etmək üçün yenə də 180 gün müddətində 90 gündən çox olmayaraq vizasız rejimdən istifadə edəcəklər:

"Bu, o deməkdir ki, vətəndaşlar istədikləri vaxt ölkəyə gələ və gedə bilərlər, ancaq onların Gürcüstanda 180 gün ərzində qalma müddətləri 90 gündən artıq olmamalıdır. Oxşar təcrübə "Şengen zonası”nda da mövcuddur”.

Məlumat üçün bildirək ki, Gürcüstan sentyabrın 1-dən giriş vizasının beş kateqoriyasını tətbiq edərək viza rejimini sərtləşdirmək qərarına gəlib. Həmin kateqoriyadan olan vizaları əldə etmək üçün digər dövlətlərin vətəndaşları yaşayış yeri üzrə Gürcüstan konsulluğuna müraciət etməli olacaqlar. Miqrasiya kateqoriyasına tələbə, əmək, diplomatik, sahibkarlıq, həmçinin ailənin birləşdirilməsi məqsədilə viza aiddir. Sərhəddə vizanı yalnız istisna hallarda əldə etmək mümkün olacaq.

Səfirliyin açıqlamasına və viza qanununa münasibət bildirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, hər bir dövlət əcnəbi vətəndaşların ölkəyə gəliş-gedişini məhdudlaşdırmaq və ya asanlaşdırmaq hüququna malikdir. Lakin Azərbaycanla Gürcüstanın strateji müttəfiqliyini və ortaq maraqlarını nəzərə alsaq, bəzi qanunların qəbulunda bir sıra məqamların nəzərə alınması məqsədəuyğun olar: "Əlbəttə, hamımızın prinsipial istəyi budur ki,

digər xarici ölkə vətəndaşlarından fərqli olaraq, Gürcüstan və Azərbaycan vətəndaşları arasında gediş-gəliş tamamilə vizasız olsun. Belə bir addım strateji tərəfdaşlığın tələblərinə daha çox uyğun gəlir. Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində gürcülər, Gürcüstanın bəzi rayonlarında isə azərbaycanlılar yaşayır. Hər iki toplum iki dövlət arasında mənəvi və mədəni körpü rolunu oynayırlar. Bir müddət əvvəl Azərbaycanda gürcü vətəndaşlarının Azərbaycana hərəkətini tənzimləyən qanunvericilik aktı qəbul olundu. Həmin qanunun tələblərinə görə, ölkəyə giriş zamanı 3 gün ərzində müvafiq orqanlara məlumat verilməlidir. Bundan sonra 1 ay müddətində qalmaq, bir aydan sonra bu müddəti 3 aya kimi uzatmaq olar. Hətta Azərbaycanda qalmanı uzatmaq üçün ciddi əsasları olan tələbələrə, əməkçi miqrantlara, ailə həyatı quranlara bir illik viza da verilə bilər. Gürcüstan isə hazırda Şengen ölkələri modelinə inteqrasiya edir. Bu ölkədə Avrointeqrasiya proqramı var və bu proqramdan irəli gələrək qanunvericilik həmin normalara uyğunlaşdırılır. Yəni, Gürcüstan Azərbaycan, Ermənistan və digər ölkələrlə viza rejimini formalaşdırır. Burada mən qeyri-adi heç nə görmürəm. Kimlərinsə bu məsələdən siyasi məqsədlər naminə istifadəsinin də əleyhinəyəm. Çünki fakt budur ki, Azərbaycan vətəndaşlarının Gürcüstanda vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaması barədə müddəa bizim miqrasiya qanunlarından daha liberaldır”.

Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) İdarə Heyətinin sədri Fazil Həsənov hər bir ölkədə buna oxşar qayda-qanunların mövcud olmasına diqqət çəkib. O, Azərbaycanda da belə bir qanunun neçə ildir ki, qüvvəyə mindiyini vurğulayaraq, Gürcüstanın miqrasiya siyasətindəki son dəyişikliklərdə qeyri-adi şey olmadığını söyləyib: "Əhalinin hər hansı yeni qanunun qəbul olunması mərhələsində yaşadığı problem sırf məlumat çatışmazlığıdır. Ona görə də əhali yeni çıxan qanunlar haqqında vaxtında məlumatlandırılmalıdır ki, qanunu pozmuş vəziyyətdə olmasınlar”.

İsmayıl