Halal turizm standartlarının yaradılması geriyə atılmış addım olar

Ölkəmizi sivil ölkə dəyərlərindən geri çəkməməliyik


Azərbaycanda halal turizm standartı yaradılır. Bununla bağlı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə birgə keçirilən tədbirdə məlumat verib. 

O bildirib ki, may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir.

N.Nağıyev qeyd edib ki, halal mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər "Halal İdarə Sistemi”ni əhatə edir. Müsəlman turistləri cəlb etmək məqsədi ilə onların halal prinsipə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadə edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir.

Halal turizm standartları ilə bağlı "Şərq”ə danışan iqtisadçı Nazim Bəydəmirlinin sözlərinə görə, standartlar tətbiq edilməlidir, lakin bunu dövlət orqanlarının hazırlaması düzgün deyil. 

N.Bəydəmirli bildirib ki, xidmət və davranışlarla bağlı sivil dünya standartlarını tətbiq eləmək daha məqbul olar: 

"Demokratik, tolerant ölkə kimi hər bir addıma normal yanaşırıq. Ancaq bunun nə dərəcədə effektiv olması mənim üçün şübhə altındadır. Əslində ölkələrin əksəriyyəti ilə tanışam. Məsələn, elə qonşu İranı götürək. İranda rəsmi qadağa olunsa da, istənilən halda onlardan islam ənənələrini qoruyub saxlayanları çox az görmüşəm. Mən heç kəsin dini inanclarına pis yanaşmıram. Amma məcburən kimlərinsə istəyinə, arzusuna uyğun ölkəmizi sivil ölkə dəyərlərindən geri çəkməməliyik. Hesab edirəm ki, bu, geriyə atılmış addım olar. Ancaq seçim etmək imkanı lazımdır. Sadəcə dəb xatirinə bunun edilməsinin tərəfdarı deyiləm. Adətən belə xırda addımlardan başlanılır və sonra görəcəksiz ki, müxtəlif tipli məsələlər ortaya çıxacaq. Ümumilikdə bunu qorxulu tendensiya kimi qiymətləndirirəm.
Təbii ki, bu tipli xidmət göstərən özəl şirkətlərə, məsələn, "islam shop” deyilən mağazalarda dini ədəbiyyat və əşyaların satılmasına normal yanaşmaq lazımdır. Ancaq dövlət orqanlarının buna birbaşa müdaxilə edərək tətbiq və təşviq etməsini kökündən yanlışlıq hesab edirəm”.

Yeganə Bayramova