“Misal üçün, “fəlsəfə üzrə fəlsəfə doktoru” ifadəsi qəribə səslənir və heç də qulağa xoş gəlmir” “Bu qanunda ən çox müzakirə olunan məsələlərdən biri “alim” anlayışının doğurduğu mübahisə idi”
“Hamlet müəllimin təklifi varsa, müzakirəyə çıxarılmalıdır”
Nizami Cəfərov: “Razıyam ki, bu adların səslənməsində müəyyən mübahisələr var”
“Misal üçün, “fəlsəfə üzrə fəlsəfə doktoru” ifadəsi qəribə səslənir və heç də qulağa xoş gəlmir” “Bu qanunda ən çox müzakirə olunan məsələlərdən biri “alim” anlayışının doğurduğu mübahisə idi”
“Misal üçün, “fəlsəfə üzrə fəlsəfə doktoru” ifadəsi qəribə səslənir və heç də qulağa xoş gəlmir” “Bu qanunda ən çox müzakirə olunan məsələlərdən biri “alim” anlayışının doğurduğu mübahisə idi”
"Elə adam var ki, həqiqətən elmlə məşğuldur, kifayət qədər ciddi əsərləri var, amma nə fəlsəfə, nə də elmlər doktorluğunu müdafiə edib. Deməli, belə adamlar alim sayılmır? Bu mənada qanunda "alim”dən daha çox "elmi işçi” anlayışından istifadə məsələsi qəbulolunandır”
Milli Məclis nəhayət ki, "Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Uzun sürən müzakirələrdən sonra qanun layihəsi konseptual olaraq birinci oxunuşdan keçib.
"Elm haqqında” qanun layihəsinin yaxın gələcəkdə qəbul olunacağına umid edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərov "Şərq”ə müsahibəsində uzun illərdir "Elm haqqında” qanun layihəsinin qəbuluna cəhd edildiyini, lakin müəyyən səbəblərdən müzakirələrin gecikdiyini vurğulayıb:
"Nəhayət ki, Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin rəhbərliyi ilə bu layihə hazıra çıxdı. Bilirsiniz ki, bir müddət bundan əvvəl də Milli Məclis tərəfindən "Təhsil haqqında” qanun qəbul olunmuşdu. Bir sözlə, hər iki qanun bir-birinin davamıdır. Artıq 1-ci oxunuşdan keçdiyini nəzərə alsaq, bu qanunun tezliklə qəbul olunması realdır.
- "Elm haqqında” qanun layihəsi nə dərəcədə əhəmiyyətlidir?
- Bu sənəd kifayət qədər əhəmiyyətlidir və qəbuluna da ciddi ehtiyac var. Müsbət haldır ki, "Elm haqqında” qanun layihəsi kifayət qədər yüksək səviyyədə hazırlanıb. Elmi qurumlar, elmdə baş verən proseslər, bu sahəyə aid olan hüquqi anlayışların hər biri sistemli şəkildə qeyd olunub. Qanun layihəsi ilə bağlı müxtəlif elm təşkilatlarından rəy alınması da bu qanunun məhsuldarlığını göstərir. Elə olub ki, bir qurumdan bir neçə rəy alınıb.
- Qanun layihəsində öz əksini tapan məsələlər elm sahəsindəki mövcud problemlərin həllinə töhfə verəcəkmi?
- Dediyim kimi, elm sahəsində bizi narahat edən bir çox məsələlər qanunun müvafiq müddəaları ilə əhatələnib. Amma təbii ki, müzakirələrdən də bəlli olduğu kimi açıq qalan məqamlar da var. Elmi nailiyyətlərin praktikada tətbiqi və onun ümumi intellektual səviyyəyə, ictimai şüura təsiri, Azərbaycan elminin dünya elminə inteqrasiyası kimi məsələlər öz həllini tapmalıdır. Elm kifayət qədər beynəlmiləl bir hadisə olduğu kimi dünyada gedən proseslərlə paralel inkişaf etməlidir. Elm sahəsinin mürəkkəb bir sahə olduğunu vurğulayan akademikin sözlərinə görə, elmlə bağlı hər hansı bir qanun qəbul etməzdən əvvəl bütün mübahisəli məsələləri aradan qaldırmaq, fundamental məsələləri həll etmək lazımdı. Qanun icazə verir ki, Azərbaycanda fəaliyyət göstərən tədris müəssisələrində, universitetlərdə elmi-tədqiqat işinin aparılması AMEA səviyyəsində olsun. Amma indiyə qədər belə bir ifadə vardı ki, ali məktəblər tədrislə məşğul olur, AMEA isə elmlə məşğul olur. "Elm haqqında” qanunun qəbulundan sonra isə onların funksiyalarında müəyyən qədər eyniləşmələr olacaq. Yəni ki, universitetlərdə elmin inkişafı, Akademiyada isə tədrisin inkişafı üçün şərait yaradılır.
Hesab edirəm ki, gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi çox mühüm məsələdir. Elmə gəlmək istəyən gənc oğlanlara ordudan möhlət hüququnun verilməsinin "Elm haqqında” qanunla təsbit olunma məsələsində müəyyən qədər fikir ayrılıqları olmasına rəğmən bu müddəa müzakirələrdə kifayət qədər rəğbətlə qarşılandı. Elmi adların verilməsi ilə bağlı müddəa da təqdirəlayiq qərardır. Bu məsələ dünya təcrübəsinə uyğun şəkildə həyata keçirilir.
- Elmi adlardan söz düşmüşkən, alimlərimiz arasında elmlər doktoru və fəlsəfə doktoru dərəcələrinin biabırçı olduğunu və yığışdırılmasını təklif edənlər var. Siz necə düşünürsünüz?
- Elmi adlar məsələsində biz özfəaliyyət göstərə bilmərik. Sovet dövründə istifadə etdiyimiz elmi dərəcələr bu gün dünyada yoxdur. Əvvəllər elm adamlarına mərhələlərlə elmlər namizədi və elmlər doktoru dərəcələri verilirdi. İndi isə fəlsəfə doktoru və elmlər doktoru adı verilir. Dünya təcrübəsində də belədir. Razıyam ki, bu adların səslənməsində müəyyən mübahisələr var. Misal üçün, "fəlsəfə üzrə fəlsəfə doktoru” ifadəsi qəribə səslənir və heç də qulağa xoş gəlmir. Amma biz inteqrasiya üçün dünya praktikasına uyğunlaşmalıyıq. Yenidən nə keçmiş adlara qayıda, nə də özümüzdən yeni elmi dərəcələr kəşf edə bilərik.
- Amma professor Hamlet İsaxanlı bizimlə söhbətində dünya praktikasında kimya üzrə fəlsəfə doktoru deyilən bir anlayışın mövcud olmadığını deyib....
- Bu olmaya bilməz. Azərbaycanda verilən heç bir elmi dərəcə bizim kəşfimiz deyil. Bu cür elmi dərəcələrdən imtina edən ölkələr ola bilər, amma ümumilikdə dünya praktikasında bu adların olmadığını demək olmaz. Təbii ki, hər kəsin narazılıq bildirmək haqqı var. Əgər Hamlet müəllimin daha münasib və uyğun bir təklifi varsa, bunu müzakirəyə çıxarmalıdır. Bir daha deyirəm, səslənmə baxımından bu ifadələr mənim də ürəyimcə deyil, amma mövcud təcrübə budur, nə etmək olar?
- Qanun qəbul olunacağı təqdirdə qarşıya qoyduğu məsələlərin həllinə nail olacaq, yoxsa bir çox qanunlarımız kimi formal xarakter daşıyacaq?
- İstənilən halda qanun tarixi hadisədir. Onu da bilirik ki, qanunlar heç vaxt mükəmməl olmur. Bir şeyi də nəzərə alaq ki, "Elm haqqında” qanun çərçivə xarakterli olduğu üçün burada ümumi məsələlər öz həllini tapıb. Elmə aid bütün hüquqi məsələlərin bu qanun vasitəsilə həllinə nail olmaq qeyri-mümkündür. Bu qanunda ən çox müzakirə olunan məsələlərdən biri "alim” anlayışının doğurduğu mübahisə idi. Amma "alim nədir” sualının həqiqətən də izahata ehtiyacı var. Bizdə elmi adları olan istənilən şəxs alim hesab olunur. Amma elə adam var ki, həqiqətən elmlə məşğuldur, kifayət qədər ciddi əsərləri var, amma nə fəlsəfə, nə də elmlər doktorluğunu müdafiə edib. Deməli, belə adamlar alim sayılmır? Bu mənada qanunda "alim”dən daha çox "elmi işçi” anlayışından istifadə məsələsi qəbulolunandır. Çünki "alim” müəyyən qədər yayğın və hüquqi termin kimi özünü doğrultmayan bir anlayışdır. Göründüyü kimi, "Elm haqqında” qanunda da açıq qalan məsələlər var, amma bütün bu çatışmazlıqlar qanundan irəli gələn qanunlarda öz əksini tapacaq.
Təbii ki, qanunu qəbul etməklə məsələ bitmir, gərək onun mexanizmi də olsun. Hər halda hər şey müzakirələr tam şəkildə başa çatandan sonra bəlli olacaq. Ümid edirəm ki, gec olsa da, qanunun qəbulundan sonra icra mexanizminə düzgün əməl olunacaq.
Şəymən