“Heç kim panikaya düşərək əlindəki pulu dollara çevirməsin”

Vüqar Bayramov: “Çünki xərcləmək üçün həmin vəsaiti yenidən manata çevirəndə maddi cəhətdən itirəcəklər”
“İri məbləğdə pulu olanlar isə yaxşı olar ki, əllərindəki vəsaiti həm dollar, həm avro, həm də manatla saxlasınlar. O halda mövcud təhlükədən də sığortalanmış olarlar”


Milli valyutanın ucuzlaşması prosesi davam edir. Mərkəzi Bankdan verilən məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb. Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Manatın ucuzlaşması ölkə əhalisi, xüsusilə paytaxt sakinləri arasında ciddi narahatlığa səbəb olub. Panikaya düşən insanlar valyutadəyişmə məntəqələrinin qabağında növbəyə durublar.

Əhalinin təşvişə düşdüyünü görən MB sədri Elmar Rüstəmov ictimaiyyətə müraciət edərək narahatlığa əsas olmadığını bildirib. Sədrin sözlərinə görə, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq: "Birrəqəmli inflyasiya, nəinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilərlər”. Məlumat üçün bildirək ki, rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da, manatı ötən 7 ay müddətində sabit saxlamaq mümkün olub. Amma son iki ayda milli valyutanın saxlanması üçün 2,5 milyard dolların xərclənməsi məzənnə siyasətinin dəyişdirilməsini zəruri edib. Çünki bu gedişlə MB öz rezervlərini yaxın müddətdə itirə bilər. Manatın dəyərdən düşməsi və əhali arasında yaranan ajiotajla bağlı "Şərq”in suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Mərkəzi Bankın manatın stabilliyini saxlamaq üçün əlindən gələni etdiyini deyib. Amma iqtisadçının sözlərinə görə, MB-nin valyuta ehtiyatları uzunmüddətli dövrdə manatı qoruyub saxlamağa imkan vermir.

- Vüqar bəy, manatın ucuzlaşması ilə bağlı xəbərdarlıq ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdı. Həqiqətən, insanların təşvişə düşməsi üçün ciddi əsas varmı, yoxsa Mərkəzi Bank rəhbərinin açıqlaması əhali tərəfindən düzgün anlaşılmadı?

- Narahatlığın səbəbi manatın ucuzlaşması ilə bağlı əhaliyə ötürülən informasiyalardır. İnsanlar anlaşılmazlıqdan dolayı təşvişə düşüblər. Nəzərə almaq lazımdır ki, burda söhbət puldan, insanların illərlə yığdığı vəsaitdən gedir. Vətəndaşların həyəcanı əllərində olan pulların dəyərdən düşmə ehtimalı ilə bağlıdır. Əslində, ajiotaj yaratmağa ehtiyac yox idi. Çünki bu, gözlənilən idi. Ancaq məsələ ondadır ki, panika üçün real iqtisadi baza hələ formalaşmayıb. Görünür, bunun fərqində olmayan vətəndaşlar valyutadəyişmə məntəqələrinə axın edirlər.

- İnsanlar əllərindəki milli valyutanı dollara və ya avroya çevirərək gözlənilən inflyasiyadan xilas ola biləcəklərmi?

- Heç kim panikaya düşərək cari istifadə etdiyi pulu dollara çevirməsin. Çünki xərcləmək üçün həmin vəsaiti yenidən manata çevirəndə maddi cəhətdən itirəcəklər. İri məbləğdə pulu olanlar isə yaxşı olar ki, əllərindəki vəsaiti səbət formasında, yəni həm dollar, həm avro, həm də manatla saxlasınlar. O halda mövcud təhlükədən də sığortalanmış olarlar.

- Hesab edirsinizmi ki, ictimaiyyətə bu barədə əvvəlcədən məlumat verilməliydi?

- Əlbəttə. Mərkəzi Bank insanlara məlumatlandırıcı açıqlama verməli idi. Əgər əhali məzənnə siyasətində nəzərdə tutulan dəyişikliyi vaxtında eşitsəydi, çaşqınlığa düşməzdi. Açıqlayıcı materialların olmaması cəmiyyətdə çalxalanmaya səbəb oldu. Bu isə informasiya qıtlığı və bəzi hallarda proseslərin cəmiyyət tərəfindən doğru anlaşılmaması ilə əlaqələdir.

- Elmar Rüstəmov açıqlamasında bildirdi ki, manatın ucuzlaşması əhalinin gəlirlərinə cüzi təsir edəcək. Həmçinin, sədr vurğuladı ki, birrəqəmli inflyasiya nəinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Manatın dəyərsizləşməsinin müsbət tərəfləri nədir?

- Manatın "yumşaq” ucuzlaşması biznes və iqtisadi imkanların artırılmasına şərait yaradacaq. Həmçinin, inflyasiya prosesi daha çevik iqtisadiyyata imkan verəcək və sərmayə qoyuluşunu artıracaq. Yəni manatın ucuzlaşması ümumi iqtisadiyyatın inkişafına təsir edəcək. Eyni zamanda Azərbaycanın qeyri-neft ixracatı stimullaşacaq, ölkədaxili məhsulların daha rəqabətli olmasına, büdcə daxilolmalarına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, ölkə ixracatının 95 faizi strateji məhsullardan ibarətdir. Məhsullar dollarla satılır, bunun üçün də manatla devalvasiya büdcəyə daxilolmaların həcmini artıracaq.

- Bəs, mənfi təsirləri nələrdir?

- Manatın ucuzlaşması sosial baxımdan arzuolunan deyil. Çünki bu, az da olsa, manatla ifadə olunan əməkhaqqı, pensiyaların dəyərinin azalmasına səbəb olacaq.

Digər tərəfdən, nəzərə alsaq ki, kredit portfelinin bir qismi manatladır, bu, bank gəlirlərinə də mənfi cəhətdən təsir göstərəcək. Vətəndaşlar manatla kredit götürüblər. Nəzərə alsaq ki, əmanətlərin 63 faizi manatla saxlanılır, bunların dollarla ifadəsi ucuzlaşmaya səbəb olacaq. Biz bu proseslərin baş verməməsi üçün banklardakı əmanətlərin indeksasiyasını təklif etmişik. Təklifimizin həyata keçirilməsi imkan verəcək ki, hətta "yumşaq” devalvasiya olduğu dövrdə belə vətəndaşlar manatla olan əmanətlərini banklardan geri çəkməyəcəklər. Bu, banklarda olan əmanətin dollara çevrilməsinin qarşısını alacaq.

- İddialara görə, bir çox banklar kredit borclarının ödənilməsini manatla yox, dollarla tələb edirlər. Bankların özünü sığortalaması hüquqi prosedura uyğundurmu?

- Təbii ki, yox. Əgər banklarla müştəri arasındakı müqavilə manatla bağlanılıbsa, heç bir halda qanunvericilik imkan vermir ki, banklar ödənişlərini dollarla tələb etsinlər. Bu, praktik olaraq mümkün deyil.

- Çevik məzənnə siyasətinin idxalı bahalaşdıracağı ilə bağlı anonslar verilir. Bunun mahiyyəti nədir?

- Ölkəyə gətirilən mal və məhsulların böyük əksəriyyəti xaricdən əsasən dollarla alınır. Əgər manatın məzənnəsində hər ay oynamalar olacaqsa, xaricdən dollarla alınan məhsulların qiymətində də artmalar baş verəcək. Əgər bir dollar 78 qəpik olan zaman xaricdən alınaraq ölkəyə gətirilən hər hansı məhsulun qiyməti elə 78 qəpikdən hesablanırdısa, indi artıq 88 qəpikdən hesablanacaq. Yəni məzənnə siyasətinin dəyişməsi xaricdən gətirilən malların bahalaşmasına, yerli məhsulların isə ucuzlaşmasına səbəb olacaq.

- Manatın dəyərdən düşməsi nəticəsində inflyasiya nə qədər olacaq?

- Güman olunur ki, manat bu ilin sonuna qədər 8-10 faizlik interval arasında mərhələli şəkildə ucuzlaşacaq. Yəni 10 faiz inflyasiya olacağı güman edilir. Düzdür, nəzərə alsaq ki, ötən il rəsmi inflyasiya rəqəmi 1,3 faiz idi, 10 faizi bir qədər böyük rəqəm hesab etmək olar. İnflyasiyanın səviyyəsi Mərkəzi Bankın nə qədər çevik siyasət aparmasından asılı olacaq. Əgər cüzi dəyərdən düşmə olsa, inflyasiya bu hədlərdə qalacaq. Manatın kursunda ciddi enmələr olacaqsa, inflyasiya da artacaq. Amma manatın kəskin ucuzlaşması gözlənilmir. Çünki bunun üçün ciddi iqtisadi əsas yoxdur. Söhbət manatın "yumşaq” ucuzlaşmasından gedir.

- Manatın ucuzlaşmasını neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər. Prosesdə neft amili nə dərəcədə rol oynayır?

- Neftin qiymətinin aşağı düşməsinin maddi yox, psixoloji təsirləri var. Neftin ucuzlaşması ümumilikdə ölkəyə daxil olan vəsaitlərin azalmasına səbəb olur. Bu baxımdan, neftin qiymətinin aşağı düşməsinin manatın ucuzlaşmasına dolayı yolla təsir etdiyini demək olar, amma birbaşa səbəb kimi göstərmək olmaz. Birbaşa səbəb qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlıdır. İndiki möhkəm məzənnə sistemi qeyri-neft sektorunun inkişafını məhdudlaşdırır. Ona görə də sistemin "yumşaldılmasına” qərar verildi.

- Mərkəzi Bank iki ay müddətində manatı dəyərdə saxlamaq üçün 2.5 milyard dollar vəsait xərcləyib. Bankın qərarını gecikmiş hesab etmək olarmı?

- Bankın bu addımı atması məcburi idi. Amma çox gecikdiyini söyləmək olmaz. Onsuz da Mərkəzi Bank tələbatı ödəmək üçün müəyyən vaxtlarda intervensiya edir. Güman olunur ki, növbəti dövrdə, yəni indiki ajiotaj başa çatdıqdan sonra MB-nin intervensiya xərcləri kəskin şəkildə azalacaq.

İsmayıl