Həcc ziyarətinə kvota hələ müəyyənləşməyib

Şeyxin İdarəsindən bildirirlər ki, bütün məsələlərə fevralın 20-dən sonra aydınlıq gələcək



Kəbə və ətrafında aparılan təmir işləri ilə bağlı builki Həcc mövsümündə də ölkələrin kvotasında 20 faiz azalma ediləcəyi gözlənilir. Türkiyə Dəyanət İşləri Bakanlığı hacı namizədlərinə bununla bağlı məlumat verib.

Türkiyə mediası bu xəbəri "Hacı adaylarına kötü xəbər” başlığı ilə yayımlayıb. Xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyi Kəbə və ətrafında aparılan təmir-tikinti, yenidənqurma işlərinin başa çatmaması səbəbi ilə Həcc mövsümündə iştirak edəcək ölkələrin kvotasını 2013 və 2014-cü illərdə olduğu kimi, bu il də 20 faiz azaltmağa qərar verib. Odur ki, bu il zəvvarlardan yeni sənəd qəbulu alınmayacaq. Ötən illərdə sənədlərini verib, növbə gözləyənlərə üstünlük veriləcək. Türkiyə zəvvarları üçün Həcc səfərlərinin avqustun 20-dən başlanacağı və sentyabrın 18-dək davam edəcəyi bildirilir. Bəs, Azərbaycanda vəziyyət necədir? Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov "Şərq”ə açıqlamasında fevralın 20-dək gözləməyi məsləhət gördü. Şöbə müdiri qeyd etdi ki, Həcc ziyarəti ilə bağlı bütün məsələlərə fevralın 20-dən sonra aydınlıq gətiriləcək. M.Payızov SƏ ilə QMİ arasında protokol imzalandığını bildirdi. "Belə protokol hər il imzalanır. Protokol imzalanıb, lakin hələ bizə təqdim olunmayıb. Gərək protokol əlimizdə olsun ki, şərtlərin nədən ibarət olduğunu da bilək”. Builki Həcc ziyarəti üçün Azərbaycana ayrılacaq kvotanın miqdarına gəlincə də, M.Payızov dəqiq məlumatın bir neçə gündən sonra veriləcəyini dedi: "Tələsməyək, fevralın 20-dən sonra hər şey aydın olacaq”.

Məlahət