“Hələ ki, dünyadakı siyasi vəziyyət dəyişməyib”

Vəfa Quluzadə: “Əgər Parisdə hər hansı bir irəliləyiş əldə edilsəydi, bu, sensasiya olardı”



Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşdülər. Ancaq hələ ki danışıqların təfərrüatları barədə çox az informasiya var. Yeganə bilinən odur ki, çoxsaatlıq müzakirələrin yekununda konkret sənəd və yaxud gözlənildiyi kimi, hansısa ortaq bəyanat qəbul edilməyib. Əgər belə bir şey olsaydı, şübhəsiz ki, açıqlanardı.

Başqa məlumata görə, prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunub. Belə çıxır ki, budəfəki görüşdə də münaqişə tərəflərinin mövqeyini yaxınlaşdırmaq mümkün olmayıb.

Amma bəzi ümumi və ümidverici detallar da üzə çıxıb. Məsələn, "Frans Press” agentliyi görüşün sonuna doğru prezidentlər arasında atmosferin xeyli istiləşdiyini yazıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə Paris görüşlərini irəliyə doğru pozitiv addım saydığını bildirib. Hətta bəzi ekspertlər Qərbin Azərbaycan və Ermənistana yeni "Yol xəritəsi” təklif etdiyini deyib. Onların fikrincə, Paris görüşündə də danışıqlar "Böyük sülh sazişi” kontekstində davam edib: "Bağlı qapılar arxasında ciddi məsələlərin müzakirə olunduğu qaçılmazdır. Qərbin "yol xəritəsi” son 20 ildə region üçün ən böyük strategiyadır. "Yol xəritəsi”nə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda demokratik proseslərin sürətlənməsi, Qafqazın NATO və Avropa ilə daha da yaxınlaşması daxildir. Paris görüşündə bir daha prezidentlərə Qərb və Avropanın bu strategiyası təqdim olunub”.

Prezidentlərin Paris görüşü ilə bağlı suallarımızı cavablandıran xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyasız danışıqları müsbət qiymətləndirib.

- Paris görüşlərinin yekunlarını necə qiymətləndirirsiniz?

- Müsbət qiymətləndirirəm. Ona görə ki, Moskvadan kənarda hər hansı bir görüş tərəflərə daha azad davranmaq, düşünmək və məsələləri azad müzakirə etmək imkanı yaradır. Amma müsbət nəticə barəsində danışmaq hələ tezdir. Əgər Parisdə hər hansı bir irəliləyiş əldə edilsəydi, bu, sensasiya olardı. Lakin hələlik dünyadakı siyasi vəziyyət dəyişməyib. Rusiyanın bizim regiona olduqca güclü təsir rıçaqları var və ən əsası isə əsgəri rıçaqları var. Rusiya bu gücdən Gürcüstanda istifadə edib. Dağlıq Qarabağda da ermənilərin tərəfində və erməniləri ələ alaraq bizim torpaqları işğal edib. O səbəbə görə də hələlik bizim dəyişikliyə ümid etməyimiz çətindir. Amma eyni zamanda dünyada ciddi proseslər gedir. Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur. Ola bilsin ki, bu sanksiyaların nəticəsində Rusiyada dəyişikliklər olacaq və Rusiya Cənubi Qafqaz basqısını azaldacaq. Lakin konkret nəticələrə ümid bəsləmək hələ də tezdir. Gələcək görüşlər olacaq. Tərəflər bu barədə razılığa gəlib. Vaxtı çatanda sözsüz ki, münaqişə həllini tapacaq.

- Bu məsələdə Qərbə nə qədər bel bağlamaq olar?

- İş ondadır ki, son zamanlar Qərb Cənubi Qafqaz planında o qədər də ürəkaçan görünmür. Heç bir təşəbbüs, fəaliyyət yoxdur! Bu görüş daha çox "biz də varıq, biz də fəaliyyət göstəririk” demək idi. Çünki yayda prezidentlərin Soçi görüşü baş tutdu. Qərb də öz sözünü demək qərarına gəldi. Amma hələlik hansısa ölkə, hansısa detalı nizamlaya bilər, ümumi məğzi deyil.

- Fransa prezidenti indiki status-kvonun qəbuledilməz olduğunu bildirib. Status-kvonun yaxın vaxtda dəyişəcəyinə inanırsınızmı?

- Bu, Rusiyanın vəziyyətindən, siyasətindən asılıdır. Hələ ki, Rusiya qərbə meydan oxuyur. Hələlik ki, Rusiya özünün imperiya dəyərlərini demokratiya dəyərlərinə bir təzyiq forması kimi istifadə edir. Hesab edirəm ki, Rusiyanın dəyərləri bizim üçün daha məqbuldur. Ona görə də nə qədər qəbuledilməz olsa da, hələlik status-kvo davam edəcək.

- Azərbaycan tərəfi bildirdi ki, indiki vəziyyətdə Böyük Sülh Sazişinin üzərində işə başlanılsın. Parisdə bununla bağlı razılığın əldə edilməsi inandırıcıdırmı?

- Gərək, Moskvadan Serj Sarkisyana razılıq verilsin ki, o, Azərbaycanla gələcək sülhün detallarını müzakirə etsin. Gözləyək, əgər ona icazə verilsə, belə müzakirələr başlaya bilər. Əgər müzakirələr başlasa, bu, ümumiyyətlə gərgin vəziyyətə, yəni nə hərb, nə sülh vəziyyətinə, atəşkəsin daimi pozulması vəziyyətinə müsbət təsir edə bilər.

- Ermənistan xarici işlər naziri Paris görüşündə kiçicik olsa da, irəliləyişin olduğunu bəyan edib. Bu irəliləyişi nədə görürsünüz?

- Görüşün özü və münaqişənin əsas məsələlərinin müzakirəsi irəliləyişdir.

- Gələn ilə planlaşdırılan görüş haqqında nə deyə bilərsiniz?

- Növbəti görüşün 2015-ci ilə salınması təsadüfi deyil. Amma məsələ burasındadır ki, BMT-nin növbəti toplantısına qatılan dövlət başçılarının bu tədbir çərçivəsində bir araya gəlməsi Qarabağ danışıqlarının tərkib hissəsi kimi təqdim edilə bilməz.

- Çoxları deyir ki, münaqişəni həll edə biləcək real vasitəçi Rusiyadır. Bu fikri necə dəyərləndirirsiniz?

- Tamamən səhv fikirdir. Çünki Rusiyanın siyasətinin əsası münaqişənin nizamlanmasına yol verməməkdir. Bundan sonra Rusiyanın bacardığını necə demək olar? Axı o özü bunu istəmir.

- Azərbaycan-Rusiya münasibətlərindəki yumşalma Qarabağ probleminin həllində müsbət rol oynaya bilməzmi?

- Əgər Azərbaycan öz qabaritlərinə, hərbi gücünə görə Rusiya ilə bərabər olsaydı, o zaman vəziyyət başqa cür olardı. Amma Azərbaycan nəhəng imperiyanın kiçik qonşusudur və onunla heç nə edə bilmir. Azərbaycan onunla hesablaşmalıdır və əməkdaşlıq etməyə məcburdur. Baxmayaraq ki, bu münaqişə elə Rusiyanın özü tərəfindən yaradılıb. Bunu artıq, kiçik, böyük dövlətlərin başçıları daxil olmaqla hamı bilir.

- Belə bir fikir var ki, Azərbaycan Avrasiya İttifaqının tərkibinə daxil olmaq müqabilində Qarabağ münaqişəsində irəliləyiş əldə edə bilər...

- Mümkünsüzdür. Çünki Avrasiya İttifaqına daxil olmaq hökumətin sonu deməkdir. Müstəqillik məsələsində hakimiyyətin və xalqın maraqları tamamilə üst-üstə düşür. Azadlıqla bağlı güzəşt olmaz. Avrasiya İttifaqı isə müstəqilliyi istisna edir. Bu səbəbdən də Azərbaycan heç bir zaman bu təşkilata daxil olmayacaq.

İsmayıl