Hələ qəti qərar verilməyib

Din xadimlərinin yeni formaları birmənalı qarşılanmayıb



Dünyanın hər yerində müxtəlif dinləri təmsil edən din xadimləri xüsusi geyim formasından istifadə edir. Vahid uniformalar imkan verir ki, polis, həkim və hərbiçi kimi din xadimləri də cəmiyyət tərəfindən tanınsın. Din adamlarının xüsusi geyimdən istifadə etməsi ənənəsi Azərbaycanda da əsrlərdən bəri mövcud olub. Lakin son dövrlər din sahəsində baş verən arzuolunmaz olaylar, fərqli məzhəb, təriqət və dini geyimlərin cəmiyyətimizə ayaq açması yenidən bu məsələnin üzərinə qayıtmaq zərurətini yaradıb.

Ötən gün ölkə tarixində ilk dəfə olaraq mollaların vahid geyim forması ilə bağlı yeni bir addım atıldı. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun nəzdində fəaliyyət göstərən təkmilləşdirmə kurslarını bitirən 100 müdavimə vahid geyim formaları payladı. Doğrudur, QMİ hələ ki, bütün din xadimlərinin vahid geyim formasına keçidi haqda qərar qəbul etməyib. Amma yeni geyimin təqdimatı prosesin bütün din xadimlərinə şamil olunacağını göstərir. Məlumat üçün bildirək ki, müdavimlərə təqdim olunan geyim forması zahirən ötən əsrin əvvəllərində Azərbaycanda adi insanların istifadə etdiyi geyimi xatırladır. Hətta təqdimat mərasimində QMİ yetkililəri də Hacı Zeynalabdin Tağıyevin geyimini xatırladaraq, vahid formanın məşhur milyonçunun milli geyiminə uyğunlaşdırıldığını etiraf ediblər. Vahid geyim formasının tətbiqinə münasibət bildirən ilahiyyatçılar birmənalı fikir səsləndirməyiblər.

İlahiyyatçı-alim Elşad Mirinin din xadimlərinin vahid geyimi ilə bağlı fikirləri belədir: "Gözümüz və gözünüz aydın olsun. Axır ki, din xadimlərinin vahid geyim formaları təqdim edildi. O qədər "ürəkaçan” formadır ki, dərhal bilinir ki, bu paltarda olan din xadimi həmişə və hər yerdə ölüyə Quran oxumağa hazırdır. Təki əl cibdə olsun. Bu forma nədənsə, yaxalığı olmayan İran geyim tərzinə daha çox oxşayır”.

İlahiyyatçı Elşən Mustafaoğlu isə bunu faydalı təşəbbüs adlandırır: "Hazırda icbari qaydada bütün din xadimlərinin həmin vahid formanı geyinməsi ilə bağlı xüsusi qərar yoxdur. Hələ ki, söhbət təkmilləşdirmə kurslarının müdavimlərindən gedir. Gələcəkdə ola bilsin, belə geyimlər bütün din xadimlərinə təqdim olunsun. Hər halda, bu bir təşəbbüsdür ki, din xadimləri necə gəldi geyinməsinlər və onların da vahid geyimi olsun. Necə ki, digər sahələrdə çalışan peşə sahibləri və mütəxəssislərin də xüsusi uniforması var. Hamı onları həmin geyimdə gördükdə hansı sahənin işçisi olduğunu anlayır. Yəni ümumilikdə belə bir təcrübə bir çox sahələrdə mövcuddur və burada qeyri-adi bir şey yoxdur”.

İlahiyyatçı, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlunun vahid geyim formasının tətbiqinə münasibəti mənfi deyil: "Bugünədək belə formanın olmaması, ruhanilərin geyimlərindəki pərakəndəlik, səliqəsiz və din adına uyğun olmayan formaları "Molla Nəsrəddin” jurnalından bu yana tənqid olunur. Bu mənada vahid geyim formasının müəyyən olunması müsbət addım hesab oluna bilər. Əlbəttə ki, bunun arxasınca davamlı işlərin görülməsi vacibdir. Hər halda təşəbbüs müsbətdir. Necə deyərlər, irəliyə doğru atılmış bir addımdır. Lakin yeri düşdüyü üçün bəzi məqamları burda qeyd etmək istəyirəm. Məsələ ondadır ki, Azərbaycanda din xadimləri ilə bağlı problem heç də geyim formasında deyil. Geyim bu sahədə bəlkə də ən sonuncu həll oluna biləcək məsələdir. Ondan əvvəl ciddi çatışmazlıqlar mövcuddur. Misal üçün, din xadimlərimizin üzərində 100 ildən çoxdur "molla” yarlığı qalır. Baxmayaraq ki, molla kəlməsi ərəbcədən tərcümədə "alim”, "bilikli adam” mənasını verir. Ancaq zamanla bu ad lağ obyektinə, lətifə qəhrəmanının ümumiləşmiş obrazına, gülüş hədəfinə çevrilib. Təbii ki, bunun yaranmasında din xadimlərinin özlərinin də böyük "xidmətləri” olub. Ötən 23 ildə QMİ Azərbaycanda nümunəvi, yüksək səviyyəli din xadimləri yetişdirə biləcək təhsil müəssisəsi yarada bilmədi. Halbuki görüləcək ilk iş məhz təhsilin gücləndirilməsi idi. Hazırda QMİ-də aylıq təkmilləşdirmə kurslarının da mövcud sistem əsasında fəaliyyət göstərdiyini nəzərə alsaq, o zaman bu kursların da din xadimlərinin keyfiyyətinə təsir edəcəyini düşünməyə dəymir. Daha böyük və ciddi proqram hazırlanmalıdır. Təhsillə yanaşı, din xadimlərinin rəftar və davranışları ilə bağlı ölçülər də müəyyən olunmalıdır. Bütün dünyada din xadimləri, xüsusən də müsəlman ruhanilər, ilahiyyatçılar təvazökarlıq, qarşısındakına ehtiram göstərməsinə görə hər zaman təqdir olunublar. Ancaq bütün dünyada adi hal sayılan bu xüsusiyyətlərə Azərbaycan ruhaniyyəti arasında xeyli dərəcədə az rast gəlinir. Ümid edək ki, geyimdən qat-qat mühüm olan digər məsələlər də nəhayət, vaxtında həllini tapacaq”.

İsmayıl