“Həmin aparıcıların özlərinin nə düz-əməlli əxlaqları, nə də fərli-başlı ailələri var”

“Telekanallardakı sarıbaş aparıcılar bizə ailə-əxlaq dərsi keçirlər"





Parlamentin Sosial siyasət komitəsinin fevralın 17-də keçirilən iclasında sözügedən komitənin üzvləri telekanallarda gedən verilişlərdən, bəzi teleaparıcılardan ciddi narazılıq ifadə ediblər. Komitənin sədr müavini Musa Quliyev bildirib ki, telakanalların bəzi xanım aparıcıları heç bir mənəvi haqları olmadığı halda efirdən Azərbaycan xalqına ailə və əxlaq dərsi keçməyə çalışırlar: "Telekanallardakı sarıbaş aparıcılar bizə ailə-əxlaq dərsi keçirlər. Ancaq onların özlərinin nə düz-əməlli əxlaqları, nə də fərli-başlı ailələri var. Belə adamlar nə və hansı haqla bunu edirlər? Kim onlara bu haqqı verib?
Burada məişət, qadın zorakılığından söhbət getdi. Biz bunun qarşısını başqa cür ala bilmərik. Avropa bunun qarşısını necə alır, orada məsələlər nə cür həll edilir, bizdə də o cür olmalıdır. Başqa cür ola bilməz”.
Komitənin digər üzvü İlham Məmmədov isə deputat seçildiyi rayonda üzləşdiyi bir məqamı dilə gətirib.
"Mən tez-tez deputat seçildiyim rayonda-Yevlaxda oluram, seçicilərlə, vətəndaşlarla görüşürəm. Görürəm ki, saat 4 olan kimi hamı işini-gücünü atıb televiziyanın qasrşısında əyləşir. Nədi-nədi həmin vaxt televiziyada Elgizin verilişi başlayır. Deyim ki, bu, özü də təkcə bu rayonda yox, hər yedə belədir. Bu, həmin verilişdir ki, camaat arasında qeybət səviyyəsində olan söhbətlər efirə çıxarılır və insanlar da buna həvəslə baxırlar. Bunlar insanlarımızın zövqünü korlamaqdan, efiri doldurmaqdan başqa bir şey deyil.
Telekanalların arasında yalnız Dövlət Televiziyası və İctimai Televiziya bu sarıdan fəqrlidir. Orada xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı çox yaxşı verilişlər gedir. Digər kanallar barəsində isə bunu demək olmaz”-deyə, İ. Məmmədov daha sonra sözlərinə əlavə edib.