Amma nəyə görə postsovet məkanında baş verən bir sıra proseslərə dərhal reaksiya verirlər?
Həmsədr ölkələr, beynəlxalq təşkilatlar separatçı rejimə göz yumur
“Hadisələr çox mürəkkəb xətt üzrə inkişaf edə, müharibə versiyası reallaşa bilər”
Amma nəyə görə postsovet məkanında baş verən bir sıra proseslərə dərhal reaksiya verirlər?
Amma nəyə görə postsovet məkanında baş verən bir sıra proseslərə dərhal reaksiya verirlər?
Dağlıq Qarabağdakı separatçı rejimin fevralın 20-si "referendum”da qəbul etməyə hazırlaşdığı yeni "konstitusiya” layihəsi rus dilində çap olunub. Qondarma layihəyə əsasən bölgənin adı dəyişdirilərək "Arsax Respublikası” olacaq. İşğalçı rejimdə "prezident və parlament seçkiləri”nin eyni gündə keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, təcavüzkar Ermənistan rejimi zəbt etdiyi Azərbaycan torpaqlarında illərdir hər cür qanunsuz hərəkətlərə rəvac verir. Ancaq təəssüflər olsun ki, qondarma rejimin hüquqi normalara zidd əməllərinə nə beynəlxalq təşkilatlar, nə də həmsədr dövlətlər tərəfindən reaksiya verilir.
Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, müvəqqəti işğal altında olan ərazilərimizdə yaradılmış qeyri-qanuni rejim Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsidir: "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015 tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür. Öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır. Substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur. İşğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir. Bu kimi fəaliyyətlərlə Ermənistan regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur”.
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov da bildirib ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını saxlamaq üçün Ermənistana təzyiq etməlidirlər:
"Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində yaranmış qondarma separatçı rejimin Dağlıq Qarabağda "referendum” keçirməsi həm Azərbaycan Konstitusiyasının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulmasıdır. Bu onsuz da dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbədir. Eyni zamanda Ermənistan dövlətinin bu davranışı onun beynəlxalq hüquqa həqarətlə yanaşdığının bir ifadəsi, növbəti təxribatçı addımıdır. Bizi ən çox narahat edən odur ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş, status-kvo vəziyyətinin maksimum qorunub saxlanmasına istiqamətlənmiş bu təxribatçı addımını beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət sükutla qarşılayır. Prosesləri kənar müşahidəçi kimi izləyir, heç bir iradə, qətiyyət ortaya qoymurlar. Nəyə görə beynəlxalq təşkilatlar postsovet məkanında baş verən bir sıra proseslərə, məsələn, Abxaziyada, Cənubi Osetiyada referendum keçirilməsilə bağlı cəhdlərə qətiyyətlə reaksiya verir, o cəhdlərin qarşısının alınması ilə bağlı son dərəcə ciddi tədbirlər və mexanizmlər işə salırlar? Amma analoji yanaşma tərzi Ermənistanın separatçı hərəkətlərinə qarşı nümayiş etdirilmir?”.
Millət vəkilinin sözlərinə görə, həmsədrlər, beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk etməlidir ki, belə ikili yanaşmalarla münaqişəni həll etmək olmayacaq:
"Hadisələr çox mürəkkəb xətt üzrə inkişaf edə, müharibə versiyası reallaşa bilər. Əgər belə hal baş verərsə, bütün məsuliyyət Ermənistanın və bu işğalçı rejimi himayə edən ölkələrin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Bu prosesdə məsuliyyət həm də ATƏT-in Minsk Qrupunun üzərinə düşəcək ki, onlar Ermənistanın təxribatçı hərəkətlərini görür, izləyir, müşahidə edir, lakin özlərinin missiyasından irəli gələn heç bir addım atmırlar. Nəzərə alsaq ki, Ermənistanın bu təxribatçı əməlləri Münhen Təhlükəsizlik Konfransı keçirilən bir ərəfəyə düşür, burada təsadüf axtarmaq lazım deyil. Ermənistan bununla bir daha beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, onların səylərinin Ermənistan üçün heç bir dəxli yoxdur. Hesab edirəm ki, beynəlxalq təşkilatlar ilk növbədə öz simalarını qoruyub-saxlamaq üçün Ermənistana qarşı müəyyən təzyiq və təsir mexanizmlərini işə salmalıdırlar”.
İsmayıl