Həmsədrlər 20 il vaxtımızı aldı

Qarabağa sülh gətirə bilməyənlərdən əlimizi üzməliyik


Biz 20 ildən artıqdır səbr edirik ki, nə vaxtsa torpaqlarımız düşmən tapdağından azad olacaq. Humanizm prinsiplərinə əsaslanaraq gözləyirik ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ problemini sülh şəraitində, qan tökülmədən həll edəcəklər. Ancaq ötən illər ərzində bu istiqamətdə müsbətə doğru heç bir addım atılmayıb.

Yerli politoloqlar, ictimaiyyət üzvləri dəfələrlə ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin fəaliyyətsizliyi və münaqişəyə başdansovdu münasibətini qeyd ediblər. Amma son zamanlar rəsmi səviyyədə də həmsədrlərin fəaliyyətsizliyi ön plana çəkilir. Görünür, bu üçlüyün yarıtmaz fəaliyyəti artıq rəsmi Bakının səbr kasasını doldurub.

Deməli, Minsk Qrupunun artıq işə yaramadığı və münaqişəni həll etməkdə aciz olduğu məsələsində bütün Azərbaycan xalqı eyni fikirdədir. Çünki Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçünün Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən heç birinin bu vaxta kimi işğalçı Ermənistana təzyiq göstərmədiyini vurğulayıb:

"Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşüb, danışıqlar aparıblar. Biz deyirik ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını azad edin. Ermənistan isə azad etmir. Belə olan halda işə vasitəçilər qoşulur. Amma vasitəçilər də hər iki tərəfə "bu məsələni özünüz həll edin” deyirlər. Deyirlər "siz oturun razılığa gəlin, biz də sizə kömək edək”. Əgər biz razılığa gələ bilmiriksə, onda vasitəçilər nəyə lazımdır?! Əgər bu vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Ermənistana təzyiq göstərməlidirlər. Onların işi bundan ibarətdir. Amma bura turist səfərləri kimi gəlib-gedirlər, nəticə də yoxdur. Problem bundadır”.

Maraqlıdır, bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ATƏT və onun Minsk Qrupunun həmsədrliyi formatından imtina məsələsi gündəmə gələ və bu məsələ reallaşa bilərmi?

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, politoloq Araz Əlizadə isə birmənalı şəkildə ATƏT-in Minsk Qrupu formatının fəaliyyətinə xitam verilməsi qənaətindədir. Onun sözlərinə görə, Azərbaycan bu cür mənasız və fəaliyyətsiz bir qurumun münaqişəni həll edəcəyinə ümid etməklə vaxt itirməməli və işğal altında qalan torpaqlarını azad etmək üçün dərhal hərbi əməliyyatlara başlamalıdır: "Azərbaycan xalqına qarşı cinayət törətmiş erməni separatçıları Dağlıq Qarabağı heç vaxt sülh yolu ilə qaytarmayacaqlar. Minsk Qrupunun, beynəlxalq aləmdə heç bir təsiredici və məcburedici mexanizmləri yoxdur. Onların çəkisi də yoxdur. Odur ki, Azərbaycan tezliklə Minsk Qrupundan imtina etməlidir. Mən hələ 20 ildən bundan əvvəl, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupuna həvalə olunanda demişdim ki, onlar bu missiyanın öhdəsindən gələ bilməyəcəklər. Ən yaxşısı odur ki, həmsədrlər özləri özlərini buraxsınlar və desinlər ki, ay Azərbaycan, öz başına çarə qıl. Azərbaycan da BMT-nin nizamnaməsini əlində rəhbər tutaraq savaş yolu ilə öz torpaqlarını işğaldan azad etsin və ərazi bütövlüyümüz bərpa olunsun. ATƏT yaranmışdı ki, Avropadakı əmin-amanlığı, sərhədlərin toxunulmazlığını təmin etsin. Yuqoslaviya, Cənubi Osetiya, Abxaziya və nəhayət, Krım hadisələri göstərdi ki, ATƏT-in öz missiyasını həyata keçirməyə gücü çatmır. ATƏT ancaq tövsiyə edə bilir ki, bu yolla da heç bir problemi aradan qaldırmaq mümkün deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bir daha deyirəm ki, Azərbaycan bu mənasız qurumdan imtina etməli və ciddi şəkildə hərbi əməliyyatlara hazırlaşmalıdır”.

Faktiki olaraq, ATƏT-in heç bir funksiyası olmayan təşkilat olduğunu deyən ASDP sədrinin sözlərinə görə, həmsədrlər 20 ildən artıqdır Azərbaycanı yola verir: "Onların işi-gücü turist kimi ildə 3-4 dəfə bölgəyə səfər etmək, gah İrəvanda, gah da Bakıda yeyib-içib kef çəkməkdir. Onlar bu missiya üçün nə qədər maaş alırlar, o pullar heyf deyil? Boşu-boşuna bizim vaxtımızı alırlar. Dağlıq Qarabağ probleminin davamlı siyasi həllinə nail olmağa çalışırlar. 20 ildə heç nəyə nail olmayan qurum hansı həldən danışır, başa düşmürəm. Qaranlıq otaqda qara pişiyi tutmaq mümkün deyil, ələlxüsus da həmin qara pişik otaqda yoxdursa. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olacağıq deyən, təşkilatlar dünya tarixini açıb, oxusunlar. Ta Nuh əyyamından bu günə qədər bir dəfə də olmayıb ki, hərb yolu ilə işğal olunan torpaqlar sülh yolu ilə həll olunsun. Azərbaycanın da hərbdən başqa yolu yoxdur. Mən bunu Qarabağ başlanan gündən deyirəm”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, Azərbaycan hökuməti istənilən vaxt ATƏT-in Minsk Qrupu formatından imtina edə bilər: "Minsk Qrupunun nəticəsiz bir qurum olduğu və bu günə qədər Azərbaycanın xeyrinə heç bir addım atmadığını biz bilir və neçə illərdir mətbuat vasitəsilə bəyan edirik. Dəfələrlə şahidi olmuşuq ki, həmsədrlər işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoyur. Bütün bunların fonunda həmsədrlərin fəaliyyətinə ümid etmək, onlardan Dağlıq Qarabağ problemini həll edəcəklərini gözləmək sadəcə sadəlövhlük olardı. Bu gün Ziyafət Əsgərovun qaldırdığı məsələni biz illərdir deyirik. Nəticə isə ondan ibarətdir ki, politoloqların, siyasilərin mətbuata münasibət bildirməsi məsələnin həlli deyil. Rəsmi şəxslər problemi qaldırıb, ATƏT-in fəaliyyətsiz bir qurum olduğunu dilə gətirməkdənsə, məsələ ilə bağlı real addımlar atsınlar. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən Azərbaycanda hər kəs narazı olsa da, bizim etirazlar bəyanatlardan o tərəfə keçmir. Deməli, biz nə ATƏT-in Minsk Qrupundan imtina edə, nə də həmsədrlərin formatında dəyişiklik edib, onların sayını, təmsil olunan dövlətləri müəyyənləşdirə bilirik? Minsk Qrupunda təmsil olunan 3 dövlətdən biri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir. Fransanın da sərgilədiyi çıxışlar ortadadır. Amerika isə regiondan uzaq olduğu üçün bu məsələyə nisbətən loyal və öz strateji maraqları çərçivəsində yanaşır. Dağlıq Qarabağ münaqişəsinin törədilməsində və torpaqlarımızın işğal olunmasında birbaşa Rusiyanın iştirakçı olduğunu, beynəlxalq arenada isə Fransanın hər zaman Ermənistana himayədarlıq etdiyini nəzərə alsaq, Minsk Qrupu formatının nə əhəmiyyəti var? Kor-kor, gör-gördü. Hesab edirəm ki, bütün bünlar fonunda Azərbaycanın həmsədrlərin fəaliyyətsizliyinə etirazı bir "A4 vərəqi” həcmində bəyanatlarla kifayətlənməməli, dövlət səviyyəsində əməli addımlar atılmalıdır”.

ATƏT-in Minsk Qrupu formatından imtina etdiyi təqdirdə ölkəmizin beynəlxalq təzyiqlərə məruz qalıb-qalmayacağına gəldikdə isə M.Mirəlioğlu deyib ki, bu məsələ Azərbaycanın daxili işidir və heç bir ölkənin müdaxilə haqqı yoxdur: "ATƏT-in Minsk Qrupunun ötən illər ərzində Azərbaycan üçün heç bir iş görmədiyi ortadadır. Beynəlxalq aləm Azərbaycana hansı haqla təsir edə bilər ki? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Biz həmin qətnamələrin yerinə yetirilməsini tələb elədiyimiz kimi həmin qətnamələri əlimizdə rəhbər tutaraq öz torpaqlarımızı işğaldan azad edə bilərik. Bu bizim ən doğal haqqımızdır və heç kəs də qabağımızı kəsə bilməz”.

Şəymən