Həmsədrlərin fəaliyyətinin əhəmiyyəti yoxdur

Azərbaycanın politoloqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini kafi qiymətləndirirlər



Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini dalandan çıxarmaq müşkül məsələyə çevrilib. ATƏT-in Minsk Qrupunun fəaliyyətində effektivliyin olmaması, həmsədrlərin münaqişə zonalarına epizodik səfərləri və əhəmiyyətsiz görüşləri ictimai rəydə Minsk Qrupu üzvlərinin diplomatik turist kimi tanınmasına səbəb olub.

Münaqişə tərəflərini "Madrid prinsipləri” əsasında razılığa gətirmək mümkün olmadıqdan sonra həmsədrlər Ermənistan və Azərbaycan prezidentləri arasında ikinci dərəcəli danışıqların davam etdirilməsindən başqa heç bir ciddi təklif irəli sürməyiblər. Ötən gün jurnalistlərə açıqlama verən amerikalı həmsədr Ceyms Uorlik də hələlik heç bir yeni təklifin olmadığını etiraf edib. Düzdür, həmsədrlər sadəcə müvafiq xarici siyasət idarələrinin orta səviyyəli məmurlarıdır. Amma onların təmsil etdikləri ölkələr dünyanın ən qüdrətli dövlətləridir və bu dövlətlər beynəlxalq hüquq normaları ilə bağlı tutarlı sözlərini çoxdan deməli idilər. Çünki effektiv təzyiq olmadan prosesi ölü nöqtədən tərpətmək mümkün deyil. Əlbəttə ki, təzyiq təcavüzə məruz qalmış Azərbaycana deyil, işğalçı Ermənistana tətbiq olunmalıdır. Amma təəssüflər olsun ki, Ermənistanın arxasında böyük diaspora dayandığı üçün həmsədr ölkələr İrəvana təzyiq etməyə həvəs göstərmirlər. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Səfər çərçivəsində vasitəçilər Xankəndinə də baş çəkiblər.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Minsk Qrupunun missiyasının şişirdildiyini, onların fəaliyyətlərinin heç bir əhəmiyyət daşımadığını deyib: "Həmsədrlərin fəaliyyəti dövründə ciddi irəliləyiş əldə olunmayıb. Qrupun tərkibinə yeni üzvlərin daxil edilməsi də heç nəyi dəyişdirməyəcək. Bizə münaqişənin real həlli lazımdır. Amma son zamanlar Minsk Qrupu münaqişənin həlli ilə bağlı heç bir layihə təklif etməyib”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin heç biri maraqlı deyil: "Üç ölkə həmsədrlərinin hər birinin münaqişənin həllində öz maraqları var. Rusiya status-kvonu saxlamaqla həm Ermənistanın, həm də Azərbaycanın təzyiq imkanlarını qoruyub saxlamaq istəyir. Dağlıq Qarabağ, eləcə də digər MDB məkanındakı münaqişələr Rusiyanın MDB-dəki geosiyasi maraqlarını təmin etmək üçün bir vasitədir. Nəzərə alsaq ki, Amerikada olan erməni lobbisi ABŞ siyasətinə təsir göstərmək imkanındadır, burada da həmçinin eyni faktor ortaya çıxır. Heç şübhəsiz ki, Fransada da güclü erməni diasporu var və onlar da Fransa siyasətçilərinə təsir etmək imkanına malikdirlər. Hətta Fransanın ABŞ-ın mənafeyindən kənar regionda öz geosiyasi maraqları var. Ona görə də hər üç dövlət münaqişənin həllində maraqlı görünmür və heç bir təklif irəli sürmürlər”.

Politoloq Həsrət Rüstəmov da həmsədr dövlətlərin Ermənistanın mənafeyinin açıq müdafiəçisi kimi çıxış etdiyini, onlar üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının xüsusi əhəmiyyət daşımadığını söyləyib: "Vasitəçi qurumun əsas məqsədi münaqişə tərəflərini danışıqlar masasına gətirmək və müzakirələr aparmaqdır. Həmin missiya Minsk Qrupuna BMT tərəfindən həvalə olunub. Təəssüf ki, bu istiqamətdə fəaliyyət göstərən başqa bir format yoxdur”. H.Rüstəmov hesab edir ki, Azərbaycan tərəfi bu prosesdə hüquqa zidd, ədalətsiz mövqe sərgiləyən həmsədr dövlətləri, o cümlədən dünya birliyini daim açıq şəkildə tənqid etməlidir. Onun sözlərinə görə, bir vasitəçi kimi həmsədrlərin hazırkı tərkibi hökuməti qane etmirsə, deməli, həmin tərkibin dəyişdirilməsinin vaxtı yetişib. Politoloq düşünür ki, Azərbaycan paralel şəkildə BMT-nin rəhbər orqanlarında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə nail olmalıdır: "Düzdür, BMT münaqişələrin həllində müsbət praktikaya malik deyil. Fələstin məsələsini buna misal çəkmək kifayətdir. Ancaq bütün hallarda haqqımızı müdafiə etmək üçün istənilən beynəlxalq qurumda münaqişənin ədalətli həlli istiqamətində mübarizəmizi davam etdirməliyik”.

Politoloq Elşad Mirbəşiroğlu da həmsədrlərin fəaliyyətinin bir növ görüntü xarakteri daşıdığını bildirib: "Həmsədrlər işlərini bəyanatlar vermək və səfərlər həyata keçirməklə yekunlaşdırır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəliliyə doğru hər hansı bir addım atmırlar, yeni təkliflər təqdim etmirlər. Onların region səfərləri də mahiyyət daşımır”. E.Mirbəşiroğlunun sözlərinə görə, həmsədrlər yenidən tərəfləri danışıqlara çağırır, amma danışıqların forması haqda təsəvvür yaratmırlar: "Mövcud prinsiplər üzrə sülhə necə nail olmağın yolu bəllidir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin kifayət qədər imkanları var ki, Ermənistanı mövcud prinsiplər üzrə hərəkət etməyə məcbur etsinlər. Təəssüflər olsun ki, bunu etmirlər”.

İsmayıl