“Həmsədrlərin səfəri cəbhədəki atışmaları səngitməyəcək”

“Ceyms Uorlikin dediklərini ciddiyə almaq lazım deyil”



Ermənilərə məxsus pilotsuz təyyarənin vurulmasından sonra cəbhədə gərginlik pik həddə çatıb. Atışmaların gecə-gündüz səngiməməsi və tərəflərin itkilərə məruz qalması bir çox beynəlxalq dairələrin də ciddi narahatlığına səbəb olub. Həmsədrlərin dəfələrlə verdiyi bəyanata baxmayaraq, düşmən tərəfi təxribatçı hücumlarını davam etdirməkdən əl çəkməyib. Atəşkəsin intensiv şəkildə pozulması isə hərbi əməliyyatların hər an başlaya biləcəyi ehtimalını gücləndirib.

Daha bir önəmli məqam isə cəbhədə yaşanan gərginlik fonunda münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqların dayandırıla biləcəyidir. Maraqlıdır ki, vasitəçilər yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya gətirməyə çalışsalar da, regionda baş verən son hadisələr, daha doğrusu, cəbhədə yaşanan gərginlik sülh danışıqlarına ümidlə baxmağa imkan vermir.

Əksər ekspertlər hesab edirlər ki, qoşunların təmas xətti boyu şiddətlənən atışma prezidentlər səviyyəsində danışıqların yenidən uzun müddətə təxirə salınacağına gətirib çıxara bilər. Elə bu səbəbdən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son həftələrdə Dağlıq Qarabağda baş verən gərginlikdən "narahatlığını” ifadə edərək tez zamanda regiona səfər edəcəklərini bəyan edib: "Son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir. Tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”. Cəbhənin təmas xəttində gərginliyin artmasını Rusiya faktoru və Ermənistandakı daxili vəziyyətlə əlaqələndirən bir sıra ekspertlər həmsədrlərin səfərindən sonra atəşkəsin müəyyən qədər bərpa olunacağını düşünürlər. Amma bunun əksini iddia edən politoloqlar cəbhədəki gərginliyin uzun müddət davam edəcəyini deyirlər.

Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyevin sözlərinə görə, son günlər yaranan gərginliyin əsas səbəbi Rusiya və Ermənistan arasındakı problemlə bağlı deyil. Əsas səbəb ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq istəməməsi və təcavüzü davam etdirməsidir: "Ermənistan çalışır ki, indiki status-kvo uzun illər davam etsin və Azərbaycan xalqı öz torpaqlarını unutsun. Həmçinin, düşmən tərəfi beynəlxalq aləmdən tələb edir ki, cəbhə xəttindəki snayperlər və orta səviyyəli ağır silahlar çıxarılsın. Çünki bu vasitələr ermənilərə zəbt etdikləri torpaqlarda sərbəst gəzmək imkanı vermir. Azərbaycan isə təbii olaraq bununla razılaşmır və ermənilərə tutduqları ərazidə rahatlıq vermək istəmir”. E.Mehdiyevin fikrincə, işğal davam etdiyi müddətcə, cəbhədəki gərginlik qalacaq: "Həmsədrlərin səfəri intensiv atışmaları səngitməyəcək. 22 ildir həmsədrlər regiona səfər edirlər. Bəyəm indiyə kimi onların gəlib-getməyinin kiməsə bir xeyri dəyib? Hətta həmsədrlərin vasitəçilik etdiyi dövrdə belə Azərbaycan torpaq itkilərinə məruz qalıb. Ona görə də Ceyms Uorlikin dediklərini ciddiyə almaq lazım deyil. Artıq hamıya məlumdur ki, ATƏT-in Minsk Qrupunun vəzifəsi münaqişəni həll etmək yox, sadəcə atəşkəs rejimini qoruyub saxlamaqdır. Həmsədrlər elə düşünürlər ki, əgər təmas xəttində atəşkəs pozulursa, deməli, onlar öz işlərini görə bilmirlər. Bu səbəbdən çalışırlar ki, Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşərək atəşkəsi yenidən bərpa etsinlər. Hətta bunun üçün prezidentlər səviyyəsində görüş keçirməyi də planlaşdırırlar. Amma problem ondadır ki, həmsədrlərin bəsit istəkləri Azərbaycanın maraqlarına uyğun gəlmir”. Politoloq son günlər artan gərginliyin Rusiya və ya Ermənistandakı daxili vəziyyətlə əlaqələndirilməsini düzgün hesab etmir: "Ermənistandakı vəziyyət bizim bəzi ekspertlərin iddia etdiyi kimi o qədər dramatik deyil. Hələlik Ermənistanda mövcud hakimiyyəti laxladan siyasi və ictimai proseslər getmir”.

İsmayıl