Həmsədrlərin səfərindən möcüzə gözləməyə dəyməz
Onların fəaliyyəti regionu münaqişədən uzaqlaşdırmayıb, əksinə yaxınlaşdırıb
"Biz istəyirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real danışıqlar aparılsın. Danışıqların hansı formatda və harada baş verəcəyi mühüm deyil”. Bunu Ermənistan mətbuatına müsahibəsində ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin artması, həlak olanların sayının çoxalması və digər məsələlər prezidentlərin yeni görüşünün baş tutmasını çətinləşdirib.
Mühüm məsələlərin həllindən əlini üzən amerikalı həmsədr Azərbaycan və Ermənistana danışıqlar üçün ən sadə məsələlərdən başlamağı təklif edib: "Ən yüngül məsələlərədən başlaya
bilərik. Ola bilsin, yüksək səviyyədə müzakirəsi tələb olunan status, koridor kimi problemlərdən başlamayaq. Ancaq telekommunikasiya, infrastruktur və s. məsələlər müzakirə oluna bilər. Minsk Qrupunun səmərəsizliyi barədə tənqidlərə toxunan Uorlik bildirib ki, indiki format razılaşdırılmış və tərəflərin qəbul etdiyi formatdır: "Mən ruh düşkünlüyünü anlayıram. Münaqişə hər iki tərəfə baha başa gəlib. Bununla yanaşı, hesab edirəm ki, Yerevan və Bakı Minsk Qrupunun formatını qəbul edirlər”. Uorlikin sözlərinə görə, danışıqlar və münaqişənin tənzimlənməsi üçün bütün tərəflərin maraqlarının təmin edilməsi lazımdır: "Tərəflər üçün ilk addım danışıqlara hazır olduqlarını göstərməkdir. Həmsədrlər kimi biz Qarabağ münaqişəsinin uzunmüddətli və sülhə nail olmaq şərtilə həllində eyni mövqedəyik”.
Ceyms Uorlikin son açıqlamalarını şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ciddi-cəhdlə əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin görüşünə nail olmağa çalışırlar: "Regiona səfərin və bəyanatların əsas məqsədi bundan ibarətdir. Həmsədrlər çalışırlar ki, atəşkəs rejimini bərpa edərək hər gün artan müharibə ehtimalını zəiflətsinlər. Çünki atəşkəsin intensiv şəkildə pozulması istənilən vaxt hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Amma həmsədrlərin səfərindən möcüzə gözləməyə dəyməz. Onlar regiona yeni təkliflə gəlməyiblər. Bu artıq hamıya bəllidir. Ortada yenilənmiş "Madrid prinsipləri”ndən başqa sənəd və ya təklif yoxdur. Həmin prinsipləri isə Ermənistan hər zaman qulaqardına vurub”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Uorlikin açarı ermənilərin əlindədir. Ermənilərə lazım olanda düyməni basırlar və həmsədr bir-iki kəlmə danışır: "Sanki ABŞ-lı diplomatların ermənilərlə xüsusi münasibətləri var. Düşmən itkilərə məruz qalanda, o dəqiqə aktivləşirlər. Bu gün onlar əndazəni aşan bəyanatlar verirlər. ABŞ Dövlət Departamenti erməni tərəfinin itkiləri ilə bağlı xüsusi narahatlığını bildirir. Amma qoşunların təmas xəttində şəhid edilən azərbaycanlılar barədə danışmırlar”. Politoloq bildirib ki, C.Uorlik həmsədr təyin olunandan ermənilər atəşkəs rejiminin pozulmasında xüsusi aktivlik nümayiş etdirirlər: "Sanki ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ermənilərin ilhamvericisidir. Ona məsləhətim budur ki, özünün həmsədrlik fəaliyyətini araşdırsın. O zaman görəcək ki, həmsədr olduğu dövrdə ermənilərin aqressivliyi xeyli artıb”.
Politoloqun sözlərinə görə, həmsədrlərin bu yöndəki fəaliyyəti regionu müharibədən uzaqlaşdırmayıb, əksinə, müharibəyə yaxınlaşdırıb: "İndi qoşunların təmas xəttində qumbaraatanlardan və minamyotlardan geniş istifadə edilir. Hərbi təlimlərdə isə ağır raketlərdən istifadə olunur. Bir addımdan sonra hərbi təlimdə istifadə olunan ağır raketlər döyüş əməliyyatlarında tətbiq ediləcək. Həmsədrlərin siyasi iradə göstərməsi hər şeydən vacibdir. Onların siyasi iradəsinin tətbiqi özünü "Böyük Sülh Sazişinin” hazırlanmasında göstərməlidir. "Böyük Sülh Sazişi” Dağlıq Qarabağ tənzimlənməsinin açarıdır. Bunu etmirlərsə, deməli, səmimi deyillər. Məqsədləri münaqişəni tənzimləmək yox, bir-biri ilə geosiyasi ötürmələr etməkdir. Azərbaycan isə öz yolu ilə davam edir. Qeyri-səmimi, ermənilərin əlində alət olan, "Böyük Sülh Sazişi” terminini dilə gətirə bilməyən həmsədrlər çox zəifdirlər. Onlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətindəki fəaliyyətinə maneçilik törədə bilməzlər”.
Politoloq Qabil Hüseynli isə həmsədrlərin regiona səfərinə ehtiyatla yanaşdığını bildirib. Ekspertin sözlərinə görə, münaqişə istiqamətində baş tutacaq yeni danışıqlardan yenilik gözləmək olar: "Ermənistandakı vəziyyət, xalq kütlələrinin etiraz mitinqləri, Sarkisyan siyasətinin iflasa uğraması bir çox məsələlərə aydınlıq gətirə bilər. Sarkisyanın Kreml tərəfindən "fatihəsi” verilib. Artıq Rusiya da münaqişəyə münasibətdə yeni yanaşma sərgiləyir”.
İsmayıl