Hər yer toz-duman içindədir
Binaların fasadlarının yenidən qurulması yaxşı haldır, ancaq vətəndaşlar da bezib
Paytaxtda yaşayış binalarının fasadının yenidən qurulması ənənəyə çevrilib. Mütəmadi olaraq hansısa binanın fasadı üzlük daşlarla təzələnir. Gözəllik yaxşıdır, amması olmasa. Amma da bundan ibarətdir ki, birincisi, yonulan daşların tozu şəhər əhalisinin ağzına-burnuna və təbii ki, ciyərlərinə dolur. Tikintidə təhlükəsizlik və təmizlik qaydalarına riayət edilmədiyindən ətraf daş-kəsək, taxta parçaları ilə zibillənir.
Digər tərəfdən aparılan təmir işləri zamanı yaranan səs-küy də sakinlərin rahatlığını pozur. Hazırda Mətbuat prospektində, "Azərbaycan” nəşriyyatı ilə üzbəüz 9 mərtəbəli binada belə bir yenidənqurma işləri gedir. Necə deyərlər, səhərin gözü açılar-açılmaz fəhlələr "daraşır” binanın canına. Bir vur-çatlasın başlayır ki, gəl-görəsən. Sakinlər arasında narazılıq edənlər də var artıq. Biri deyir, yaşlı adamam, şəkər xəstəsiyəm, uzanıram ki, dincəlim, səs-küy imkan vermir. Fəhlələrin çəkicinin səsi "başımıza düşür”. Xanımlar narazılıq edir ki, ev-eşik tozun içindədir, özümüz də, pal-paltarımız da. Binanın birinci mərtəbəsində yerləşmiş ofislər isə ziyana işlədiklərini iddia edirlər. Binanın qarşısı dəmir konstruksiyalarla örtüldüyündən müştərilərin sayında azalma müşahidə olunur. Çox adam elə bilir ki, binada təmir gedir deyə, ofislər də bağlanıb.
Bəs binalarda aparılan təmir və yenidənqurma işləri aparılarkən hansı qaydalara əməl olunmalıdır?
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bu məsələlərə aydınlıq gətirdi:
- Binaların fasad hissəsində aparılan təmir-yenidənqurma işləri ilə bağlı konkret normativ sənədlər yoxdur. Bu işlər aparılarkən də tikintidə ümumi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Təbii ki, burada fəhlələrin təhlükəsizliyi ilə yanaşı, sakinlərin də təhlükəsizliyi qorunmalıdır. Binaların fasadı yenidən qurularkən sakinlərə dəyən ziyana gəlincə, bu sahədə müəyyən boşluq var. Əslində isə, bu təmir işləri görülərkən sakinlər az əziyyət çəkmir. Aylarla təmir işləri gedir, ətraf toz-torpağın içində olur, bunun yaşlısı, cavanı, uşağı, xəstəsi var. İnsanlar var ki, tozdan allergiyaya yoluxurlar. Məncə, burada əhaliyə dəyən ziyana görə kompensasiya ödənməlidir. Amma bunu dəqiqləşdirmək lazımdır ki, hansı yöndən; sakinlərə dəyən mənəvi
ziyana, ya səhhətə dəyən zərərə görəmi, yoxsa sahibkarlıq fəaliyyətinə mane olunduğuna görəmi. Çünki binaların əksəriyyətinin alt mərtəbələrində müxtəlif şirkətlərin ofisləri yerləşir. Təmir işlərinə görə, şirkətlər maddi zərər çəkə bilər. Bunlar çox vacib məsələlərdir. Düzdür, hamımıza xoş gəlir ki, binalar təmir olunur, şəhər gözəlləşir, amma məsələnin başqa tərəfləri də var. Məncə, sakinlərə ziyan dəyməsi məsələsi hüquqi həllini tapmalıdır, bu məsələ ictimai müzakirəyə çıxarılmalı və normativ qaydalar müəyyənləşməlidir. Bina konkret hansısa tikinti şirkəti tərəfindən təmir olunur, yoxsa Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, bunun da önəmi var. İşi hansı qurum aparırsa, kompensasiyasını da o, ödəməlidir. Başqa bir təcrübə də var ki, bu da təmir işləri aparılan binanın sakinlərin başqa, təhlükəsiz bir yerə köçürülməsidir. Məsələn, "Heydər Əliyev” prospektindəki binalarda yenidənqurma işləri aparılarkən sakinlər başqa binaya köçürüldülər, onlara konkret kirayə haqqı da ödəndi. Binaların təmiri başa çatdıqdan sonra isə sakinlər öz mənzillərinə qayıtdılar. Ən yaxşı variant budur. Yoxsa, aylarla təmir işi gedir, sakinlər də ziyan çəkir. Hətta ay nədir, illərlə davam edən təmir işləri olur. Təsəvvür edin ki, Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki, Zorge parkı tərəfdə, bir binada yenidənqurma işləri artıq 1 ildən çoxdur davam edir. Əlbəttə, belə vəziyyət sakinlərin narazılığına səbəb olacaq. Yaxşısı budur, sakinləri müvəqqəti başqa bir yerə köçürsünlər, arxayın işlərini görsünlər. Ofis rəhbərlərini də xəbərdar etsinlər. Heç kim də ziyan çəkməsin.
V.Tofiqli binaların fasad hissəsində aparılan yenidənqurma və üzlük daşlarla üzlənməsi məsələsinə də münasibət bildirdi:
- Binalar restavrasiya edilərkən, onun ağırlıqgötürmə qabiliyyəti də nəzərə alınmalıdır. Binaların fasadına üzlük daşların vurulması binaya əlavə ağırlıq gətirir. Müəyyənləşməlidir ki, bu bina nə qədər ağırlığa hesablanaraq tikilib. Gözəl, yaraşıqlı görünəcək deyə, binaların möhkəmliyini təhlükə altında qoymaq olmaz. İkincisi, biz görürük ki, yenidənqurma işləri yalnız binaların fasad hissəsində aparılır. Bildiyim qədər, təmir və yenidənqurma işləri layihələndirilərkən həyət hissənin də yenidən qurulması nəzərdə tutulur. Və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə büdcədən vəsait ayrılır. Amma nəticə etibarilə görürük ki, yalnız fasad üzləndi, iç - həyət tərəfdən isə binaların görüntüsü yenə də bərbad qalır. Bu da olur, "üstü bəzək, altı təzək”.
Məlahət