Hərbi çevrilişin iki planı var
Türk xalqı “A” planından qanla qurtuldu, növbədə yeni qorxunc ssenarilər hazırlanır
İyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisədən dərhal sonra Prezident və Baş nazir xalqı küçələrə səsləyib. Türkiyənin əsas müxalif partiyaları CHP və MHP başqanları da hakimiyyətin yanında olduğunu bəyan ediblər və hakimiyyətə dəstək verəcəyini bildiriblər. Bunun ardınca küçələrə çıxan xalq əsgərlərin üzərinə yeriyib və nəticədə hərbi çevrilişə cəhdin qarşısı alınıb. Hadisə nəticəsində ümumilikdə 208 nəfər həyatını itirib. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən öldürülüb.
Qətlə yetirilənlərdən 104-ü qiyamçı hərbçilər, 60 nəfəri polis, 145-i isə mülki şəxsdir. Hazırda 1491 nəfərin yaralı olduğu bildirilir. İnsanlar küçələrə çıxaraq sivil hakimiyyətə dəstək nümayiş etdirirlər. Qiyam yatırıldıqdan sonra kütləvi həbslər başlayıb. Son məlumatlara görə, 9 minə yaxın insan göz altına alınıb və cinayət məsuliyyətinə cəlb olunub. Türkiyənin Baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin iclasında saxlanılan şəxslərin 755 nəfərinin hakim olduğunu bəyan edib.
8 minə yaxın polis işdən çıxarıldı
Türkiyə rəsmiləri hərbi çevrilişin arxasında Fətullah Gülən şəbəkəsinin dayandığını iddia ediblər. Bunun nəticəsində "Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı geniş əməliyyatlara start verilib. Son məlumata görə, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib. Eyni zamanda 2745 hakim və prokuror vəzifədən çıxarılıb. İşdən uzaqlaşdırılanların həbsinə başlanıb. Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bundan başqa ölkədə ümumilikdə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində 103 general və admiral saxlanılıb. Saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib. Onlar barəsində ağır ittihamlar irəli sürülüb.
Türkiyə Müdafiə naziri Fikri İşıq jurnalistlərə açıqlamasında çevrilişin qarşısının alındığını, lakin təhlükənin tamamən sovuşmadığını deyib. Nazir ictimaiyyətə "hər şeyə hazır olmalıyıq” mesajını verib: "Bu çevrilişdə rolu olan hər kəsin müəyyənləşdirilməsi üçün əlimizdən gələni edəcəyik. Çevriliş təhlükəsi tamamən sovuşmayıb. Bunu iddia etmək hələ, tezdir”.
Türk polkovnikdən şok açıqlama: "Qiyamçıların B planı var”
Türkiyədə təqaüdçü polkovnik Nedim Sami Kulaksız maraqlı açıqlama ilə gündəmə gəlib. Kulaksız hərbi çevrilişə cəhd edənlərin B planı ola biləcəyi barədə xəbərdarlıq edib: "Gecə 12-dən sonrakı 5 saat çox kritik olacaq. İnternet kəsilə bilər. Telefonlar və TV verilişləri dayana bilər. Qeyb olmuş qiyamçı komandanlar birbaşa bombalı hücumlarla zərbə vurmağı planlayırlar.
Əsla təşvişə düşməyin. Tək etməniz lazım olan inzibati binalar və aeroportlara getmək, orada qalmaqdır. Fətullahçı əsgərlər B planı üçün gecənin irəliləməsini gözləyirlər. Dünən Prezident və Baş nazirin xalqı nə qədər həyəcanlandırdırğını test etdilər. Dünən gecə yaşananlar hərb baxımdan döyüş sahəsini tanıma məşqi idi. İlk olaraq Türk Telekom və peyklərə hücum ediləcək. Yeni dövrdə hərbi müdaxilələr pilləli olaraq inkişaf edir və əksər hallarda ikinci, ya da üçüncü təşəbbüsdə gerçək hücuma keçirlər. Onlar vətəndaş müqavimətinin qırılmasını və "bu iş bitdi” havasını yayaraq xalqın evlərinə çəkilməsini gözləyəcəklər. Xalq evə dönməzsə, bütün planlar alt-üst olacaq”.
Boğaziçi körpüsünə zirehli texnika yeridildi
Türkiyənin İstanbul şəhərində avtobus və metrobus pulsuz xidmət edəcək. İstanbul bələdiyyəsinin verdiyi bu qərarda məqsəd hakimiyyət tərəfdarlarının meydanlara çıxmasına şərait yaratmaqdır. Məscidlərdə də fəaliyyət davam etdirilir, azanlar verilir, xalq meydanlara səslənilir. Boğaziçi körpüsünün girəcəyinə isə tank və zirehlı texnikalar yerləşdirilib. Xatırladaq ki, TBMM-də çıxışında Baş nazir Binəli Yıldırım millət vəkillərini də yürüşə qoşulmağa çağırıb.
AKP binasının önündə partlayış
Türkiyənin Diyarbəkir vilayətində AKP binası önündə toplaşan kütləyə naməlum avtomobildən partlayıcı atılıb. Hadisə nəticəsində insanlar arasında təşviş yaşanıb. Partlayışın baş verdiyi əraziyə polis qüvvələri cəlb edilib. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Ölən, yaxud yaralananların olub-olmaması haqda məlumat verilməyib.
Türkiyədə Hərbi Hava Məktəbində əməliyyat
Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən Hərbi Hava Məktəbində əməliyyat keçirilib. Xüsusi təyinatlı polis qüvvələri tərəfindən məktəbdəki araşdırmalar təxminən bir saat çəkib. Yoxlamalardan sonra məktəbə qəbulla bağlı imtahanların ikinci mərhələsi təxirə salınıb. Bundan başqa xüsusi təyinatlı polis əməkdaşları tərəfindən maşınlarda və yataqxanada da axtarış aparılıb.
İki generala cinayət işi başladıldı - Vətənə xəyanət
Türkiyənin keçmiş Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk və general Mətin İyidilə vətənə xəyanət maddəsi ilə cinayət işi başladılıb. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Hər iki generalın istintaqını Ankara Prokurorluğu aparır. Bildirək ki, Türkiyədə indiyə qədər 5 briqada generalı və 1 kontr-admiral həbs edilib.
Ankara Ədliyyə binasının qarşısında atışma
Qiyamçı generalların Ankara Ədliyyə binasına gətirildiyi vaxt polisə atəş açan bir nəfər zərərsizləşdirilib. Əldə olunan məlumata görə, polisin qiyamçı generalları Ankara Ədliyyə binasına gətirdiyi əsnada bir nəfər odlu silahdan polisə atəş açıb. Polislərin də cavab atəşi açması nəticəsində həmin şəxsin zərərsizləşdirildiyi və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi üçün işlər görüldüyü bildirilir.
Gülənin Ərdoğana şok sui-qəsd planı...
"Fətullah Gülən şəbəkəsi”nə yaxın olduğu iddia edilən bir qrup hərbçilərin Ərdoğanla bağlı gizli planları ortaya çıxıb. "İhlas” agentliyinin məlumatına görə, "Yurdda Sülh Şurası” adlandırılan qrup Mərmərə otelində Ərdoğana qarşı sui-qəsd təşkil edib, ölkədə xaos yaratmağı hədəfləyib: "Polkovnik Albay Zəkinin əmri ilə İzmirdəki hərbi bazadan 40 bordo bereli və 3 helikopter hərəkətə başlayaraq prezidentin qaldığı otelin yaxınlığında mövqe seçib. Ərdoğanın mühafizəçiləri ilə yaşanan güclü atışmada qruplaşma üzvləri geri çəkilmək məcburiyyətində qalıblar. Planın baş tutmadığını görən təxribatçıların bir qismi helikopterlərlə İzmirə qayıdıb. Daha sonra polisin təşkil etdiyi əməliyyat zamanı 2 polkovnik olmaqla, 9 hərbçi saxlanılıb”.
Polis və mülki şəxsləri qətlə yetirənlər erməni əsilli hərbçilər olub
İnsanlara atəş açan hərbçilərin kimliyi güc orqanlarını şoka salıb. İctimai və xidməti borcunu yerinə yetirən insanların öldürülməsi qardaş ölkədə ciddi rezonansa səbəb olub. Xüsusilə də, bəzi vətəndaşların tank tırtırlarının altına salınaraq xüsusi amansızlıqla öldürülməsi Türkiyə cəmiyyətində hiddətə yol açıb. Son araşdırmalara görə, sadə vətəndaşlara və polis əməkdaşlarına atəş açan, onları qətlə yetirənlər erməni əsilli hərbçilər olublar. Belə ki, yaranmış xaos və qarşıdurmadan istifadə edən erməni əsilli hərbçilər vəziyyəti daha da dramatikləşdirmək, proseslərin daha qanlı xarakter almasını təmin etmək və ən əsası daha çox türkü qətlə yetirmək üçün mövcud fürsətdən yararlanmağa çalışıb. Başqa sözlə desək, türk hərbi mundirinə sahib ermənilər çevrilişdən türk xalqına qarşı növbəti qətliam fürsəti kimi istifadə ediblər. Özəl mənbənin sözlərinə görə, erməni əsilli hərbçilərin qırğın və qətliamı genişləndirməsinə ilk növbədə hərb çevriliş cəhdində iştirak edən digər hərbçilər mane olub. Onlar niyyətlərinin insan öldürmək deyil, siyasi hakimiyyətə əl qoymaq olduqlarını bildirib. Bilgili qaynağın sözlərinə görə, mülki vətəndaş və polisə atəş açan hərbçilərin şəxsiyyətinin araşdırılması zamanı onların erməni əsilli şəxslər olduğu öz təsdiqini tapıb. Güc orqanlarını şoka salan məlum faktla bağlı yaxın gələcəkdə bəzi siyasi qərarların alınacağı güman edilir.
Türkiyə qiyamının lideri: "Hulusi Akarın çevrilişdən xəbəri vardı”
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən general, Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanı Akın Öztürk mətbuata açıqlama göndərib. Ankarada tutulan general yaxınları vasitəsilə "Doğan” agentliyinə göndərdiyi açıqlamada haqqında səslənən ittihamları qəbul etmədiyini bildirib: "Mən demokratiyaya qarşı yönəlmiş cinayətdə iştirak etməmişəm. Əlimdən gələni etmişəm ki, ölkəmiz yaranmış mövcud mürəkkəb vəziyyətdən minimal itki ilə çıxsın. Qiyama cəhdlər başlayan andan sonadək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın yanında oldum, onunla birlikdə hərəkət etdim. Hərbi Hava Qüvvələrinin komandanı Abidin Unalın məsləhəti ilə qiyamçılarla danışıqlara getdim və onları niyyətlərindən yayındırmağa çalışdım”. Öztürk bəyan edib ki, Hulusi Akarın hərbi çevrilişə hazırlıqdan xəbəri olub.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri qiyamda yaralanıb
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hüseyn Avni Qarslıoğlu hərbi çevriliş cəhdi zamanı yaralanıb. Diplomat Ankarada hərbi helikopterdən açılan atəş nəticəsində ayağından xəsarət alıb. Xəstəxanaya yerləşdirilən diplomat tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məlumat üçün bildirək ki, Hüseyn Avni Qarslıoğlu Almaniyada səfir işləyirdi. Lakin Bundestaqın qondarma erməni soyqırımını tanıdıqdan sonra geri çağırılıb. Bundan öncə isə Türkiyənin Azərbaycandakı səfiri olub.
ABŞ dövlət katibi: "Türkiyə NATO-dan çıxarıla bilər”
ABŞ dövlət katibi Con Kerri Türkiyədəki hərbi çevrilişlə bağlı xəbərdarlıq çıxışı edib. Kerri deyib ki, əgər Türkiyədə çevriliş cəhdindən sonra kütləvi "təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər: "ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. ABŞ Türkiyəni milli demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.
İsmayıl