Heydər Əliyev Fondundan şəkərli diabetlə bağlı tədbirə DƏSTƏK





Heydər Əliyev Fondu ötən il olduğu kimi, bu il də Danimarkanın "Novo Nordisk” şirkəti ilə birgə "Azerbaijan Changing DiabetesTM Awards 2018” Layihəsinin həyata keçirilməsini dəstəkləyir.

Modern.az xəbər verir ki, tədbir 14 noyabr, Dünya Diabet günü Bulvar otelində keçiriləcək. Fondun dəstəklədiyi bu Layihənin əsas məqsədi ictimaiyyətin diqqətinin şəkərli diabet probleminə yönəldilməsi və diabetlə mabarizə aparmaq üçün əhalini maarifləndirərək sağlam həyat tərzi aparmağa sövq etməkdir. Bu tədbirin bir ənənə olaraq hər il keçirilməsi nəzərdə tutulub.

Layihənin icrası zamanı görüləcək işləri müzakirə etmək məqsədilə "Azerbaijan Changing DiabetesTM Awards 2018”-nın müşavirə şurasının toplantısı keçirilib. Ekspertlərdən ibarət şura üzvləri arasında keçirilən toplantıda layihə çərçivəsində həyata keçiriləcək tədbirlər, şəkərli diabetlə mübarizə istiqamətində görülən işlər, eləcə də mövcud vəziyyət müzakirə edilib. Toplantıda ötən il keçirilən "Azerbaijan Changing DiabetesTM Awards 2017 Layihəsinə xarici ölkələrdən də böyük marağın olduğu vurğulanıb. Novo Nordisk şirkətinin Azərbaycan üzrə rəhbəri Araş Nosrati Heravi bu səbəbdən də Layihənin açılışı mərasiminə İtalya, Rusiya, Turkiyə, Danimarka, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən qonaqların qatılacağını bildirib.

Həmçinin tədbir zamanı Heydər Əliyev Fondu, Azərbaycan Diabet Liqası və Novo Nordisk şirkətinin təşkilatçılığı ilə diabetli uşaqlar arasında bacarıq müsabiqəsinin nəticələri də elan olunacaq.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Bu sahədə səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin etmişdir. Bundan əlavə, BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondu Dünya Diabet Günü Kampaniyasına qoşularaq, Heydər Əliyev Fondunun binasını noyabrın 13-dən 15-dək mavi rənglə işıqlandırır. Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur.